İnsanlara hürriyət, millətlərə istiqlal!

Siqaretlə mübarizə üçün unikal təklif - qadağa tətbiq edilərsə...

1193 10.10.2023 08:00 Sosial A A

Baş naziri Rişi Sunak Böyük Britaniyanı siqaret çəkməyənlər ölkəsinə çevirmək fikrindədir. Belə ki, o, 1 yanvar 2009-cu ildən sonra doğulan vətəndaşlara ölkədə siqaret satışını qadağan etməyi düşünür. Bu barədə hökumətin internet saytındakı məlumatda deyilir.

“Valideynlər uşaqlarının siqaret çəkməsini istəmirlər. Bu, insanları öldürən və səhiyyə sistemimizə hər il milyardlarla xərc çəkən ölümcül vərdişdir”, - Sunak qeyd edib.

Baş nazirə görə, 2009-cu il yanvarın 1-dən sonra doğulanlar İngiltərədə heç vaxt tütün məmulatı ala bilməyəcəklər. Beləliklə, bu məhdudiyyət qüvvədə qalsa, nə vaxtsa ölkədə siqaret çəkənlər, sadəcə, olmayacaq. Ölkənin hakimiyyət orqanları gənclər üçün elektron siqaretlərin cəlbedicilik və əlçatanlıq səviyyəsini azaltmağı da planlaşdırır.

Xatırladaq ki, ötən il belə bir qadağa ilə Yeni Zelandiya hökuməti çıxış etmişdi. Hökumətin qəbul etdiyi həmin qərara əsasən, 2008-ci ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan olunur. Yaşı 14 və ondan aşağı olan şəxslərin qanuni olaraq siqaret almasının qarşısının alınması ilə bağlı qərarın 2023-cü ildən qüvvəyə minəcəyi deyilirdi. Ölkənin səhiyyə nazirinin müavini Ayesha Verrall qanunun qəbulu ilə minlərlə insanın daha uzun və daha sağlam yaşayacağını vurğulamışdı: “Səhiyyə sistemi 5 milyard dollar irəlidə olacaq, çünki siqaretin səbəb olduğu bir çox xərçəng növlərinin (ağciyər, qırtlaq, dil xərçəngi - red.) müalicəsinə ehtiyac qalmayacaq”.

Azərbaycan da tütünlə mübarizədə qanun səviyyəsində bir sıra sərt qadağalar və məhdudiyyətlər mövcuddur. Qapalı məkanlarda, ictimai yerlərdə siqaret çəkmək yasaqdır.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Azərbaycanda, ümumiyyətlə, böyüklər arasında tütün çəkmənin azalması tendensiyası var. Lakin bununla yanaşı, Azərbaycanda passiv tütün çəkmə, yəni ətraf mühitə yayılan tütün tüstüsündə nəfəsalma yüksəkdir. Araşdırmalara görə, Azərbaycanda siqaret çəkməyənlərin 29% evdə, 41% isə qapalı ictimai yerlərdə tütünün təsirinə məruz qalır. Dövlət Statistika Komitəsinin 2017-ci il üçün verdiyi məlumata əsasən, 15 yaşdan yuxarı olan kişilər arasında siqaretçəkmə 33,1% təşkil edib. Həmin göstərici qadınlarda kişilərə nisbətən 100 dəfə azdır. Siqaret çəkən qadınlar orta hesabla gündə 3, kişilər isə 15,2 ədəd siqaret çəkirlər. Digər araşdırmalara görə isə 13-15 yaşlı məktəblilərin 10 faizi nə vaxtsa siqaretin dadına baxıb, 7 faizi hələ də siqaret çəkir. Siqaret çəkənlərin üçdə biri bunu 10 yaşadək edib.

Son məlumatlara əsasən, ölkədə kişilərin 32%-i siqaret çəkir. Böyüklər arasında passiv tütünçəkmə göstəriciləri, son illər azaldığına baxmayaraq, hələ də yüksək olaraq qalır. Araşdırmalara görə, kişilərin 28%-i iş yerlərində, qadınların 23%-i evdə tütün tüstüsünün təsirinə məruz qalır.

Bəs Britaniya baş nazirinin təklifi Azərbaycan üçün də keçərli ola bilərmi? Yeniyetmələrimizi, böyüyən nəsli sağlamlığa ciddi fəsadlar vəd edən bu pis vərdişdən necə qorumalı? Ümumiyyətlə, qadağa və məhdudiyyət çıxış yolumu? Bu xüsusda dövlətin, cəmiyyətin və ailənin üzərinə nə düşür?

Kişilər niyə qadınlardan tez ölürlər? - Sosioloqdan AÇIQLAMA + FOTO

Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, İngiltərədə tətbiq olunacaq qadağa Azərbaycan üçün uğurlu olmaya bilər: “İngiltərədə qoyulacaq qadağanı müsbət qiymətləndirirəm, amma onun Azərbaycanda birbaşa tətbiqinin o qədər də uğurlu olmayacağını düşünürəm.  Çünki İngiltərə cəmiyyəti ilə bizim cəmiyyətimizin xüsusiyyətləri fərqlidir. 

Belə ki, İngiltərədə dövlət tərəfindən hansısa qadağa, məhdudiyyət qoyulanda əhali ona qarşı daha ayıq münasibət bəsləyir, bu qadağalara əməl etməyə çalışır. Azərbaycanda isə bu cür məhdudiyyətlər Azərbaycanda formal xarakter daşıyar.

Hesab edirəm ki, əgər biz istəyiriksə ki, ölkəmizdə tütün məhsullarından istifadə halları xeyli azalsın, o zaman Azərbaycan mühiti üçün başqa işlər görməliyik.

Azərbaycanda belə bir  qayda var ki, qadağalar qoyanda insanlar o qadağanın yanından keçmək, həmin qadağadan nə qədər maddi faydalanmağın yollarının axtarırlar. Yəni əslində bu cür qadağaları  qoymaqla kimlərəsə, hansısa fırıldaqçılara, işbazlara  əlavə pul qazanmaq yolları açırıq, nəticədə istədiyimizə nail ol bilmirik.

Bəs nə etməliyik? Hesab edirəm ki, məsələn, İngiltərədə qoyulan qadağanı biz də qoyub, əlavə olaraq, ictimai qınağı gücləndirmək, bunun üçün çox saylı tədbirlər həyata keçirməliyik. Mətbuatda, mediada,  təhsil sistemlərində, məktəblərdə elə bir ictimai qınaq yaratmalıyıq ki, tütün məhsullarından istifadə yeni nəslin keyfiyyətinə zərbə vurur. Yəni tütün məhsulundan istifadə edən adamın birbaşa üzünə deməliyik, “siz yeni nəslə zərbə vurursunuz”. Bu istiqamətdə tədbirlər, fəaliyyət planları hazırlamalıyıq.

Mən şəxsən özüm  siqaret çəkmirəm, ailəmizdə də heç kəs  çəkməyib. Bəlkə də atam siqaret çəksəydi, o siqaretin iyi bizim üçün əziz olardı, evdə uşaqlar da siqaret çəkərdi. Mən indi siqaret çəkən yaşıdlarımı görürəm, əksəriyyəti bu siqaretə görə çox əziyyət çəkir, hətta bir çoxları vəfat edib. Fikrimcə, siqaret çəkən adamlara cərimələr tətbiq etmək olar. Bu halda artıq siqaret aludəçisi olan, ondan ayrılan bilməyənlər bunun üçün həkimdən arayış almalıdırlar. Həmin arayışı verən şəxslər də vaxtaşırı araşdırılmalıdır ki, sənədi qanuni, yoxsa qanunsuz şəkildə verir. 

Bir sözlə, Azərbaycanda tütün məhsullarının azaldılmasına çalışmalıyıq. Bunun üçün isə xalqımızın xüsusiyyətlərinə uyğun işlər görülməlidir. Ümumiyyətlə, hansısa problemi həll edəndə həmin cəmiyyətin xüsusiyyətinə uyğun texnologiyalar qurmaq lazımdır".

Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi  dinləmək istəmirlər"

Azad İsazadə 

Psixoloq Azad İsazadə də qeyd edib ki, İngiltərədə tətbiq olunacaq qanunu reallıqda onu həyata keçirmək o qədər də asan deyil: “Məlum olduğu kimi, ölkəmizdə 18 yaşa qədər vətəndaşlara  siqaret satılmır, beləliklə də yeniyetmə özü özbaşına siqaret ala bilməz. Sonra isə insanın seçimi var, istəyərsə çəkir, istəməzsə çəkmir. Deməli, söhbət təbliğatdan gedir. Xatırladım ki, illər öncə ABŞ-da alkoqola qarşı qadağalar tətbiq edilmişdi. Lakin nəticədə qaçaqmal, keyfiyyətsiz məhsullar ortaya çıxdı. İndi də bu cür qadağa tətbiq edilərsə, qaçaqmal, keyfiyyətsiz məhsullar “ayaq açacaq”, beləliklə də qadağa xeyir gətirməkdənsə, ziyan vermiş olacaq.

Bunun üçün də fikrimcə, qadağa seçim yolu deyil, problemin həlli yolu təbliğatdır. Dövlət ciddi, təsiredici təbliğat işi aparmalıdır. Amma bu məsələdə ən böyük məsuliyyət ataların üstünə düşür. Siqaret çəkən ata oğluna deyə bilməz ki, “sən siqaret çəkə bilməzsən”. İlk növbədə ataların özü övladlarına nümunə olmalı, siqaretin ziyanları barədə məlumat verməlidir".

Ekspertlər bildirir ki, siqaret ildə milyonlarla adamın həyatına son qoyur. Bədxassəli şişləri əmələ gətirən əsas səbəblərdən biri siqaretdir. Sənayeləşmiş ölkələrdə hər beş nəfərdən biri siqaretdən ölür. Siqaret çəkənlər çəkməyənlərdən 6-8 il az yaşayırlar. Siqaret çəkənlərdə bədənin müqaviməti zəiflədiyinə görə belə adamlar xəstəliklərə daha tez yoluxurlar. Siqaret çəkənlərdə digərlərinə nisbətən 10 dəfə çox mədə yarası, 13 dəfə çox stenokardiya, 12 dəfə çox infarkt olur. Həmçinin siqaret çəkənlərdə vərəmə tutulma hallarına başqaları ilə müqayisədə 2 dəfə çox rast gəlinir.

Siqaret tüstüsünün tərkibində 1000-ə yaxın maddə var. Bunların çoxu insan sağlamlığı üçün təhlükəlidir. Ən təhlükəlisi nikotindir.

Siqaret ürək-damar sisteminə çox zərər verir. O, ateroskleroz adlanan ürək xəstəliyini yaradır. Tütünün təsiredici maddələri böyrəküstü vəzə təsir göstərdikdə qanda yağa oxşar maddənin miqdarı artır. Qanın hərəkəti zəifləyir və ateroskleroz güclənir.

Miokard infarktını yaradanlardan biri də siqaretdir. Aterosklerozla əlaqədar olaraq qan damarları daralır və ürək əzələlərinin qidalanması yavaşıyır. Çox vaxt qan damarlarının spazması baş verir və ürək əzələləri qidalanmadığından toxuma ölür. Nəticədə miokard infarktı baş verir.

Siqaret çəkən adamlarda qan təzyiqi həmişə yüksək olur. Bu, böyrəküstü vəzilərdən qana adrenalin ifrazı ilə əlaqədardır. Adrenalin simpatik sinir sistemini fəallaşdırır. Nəticədə ürək normal işləmir. Qan təzyiqinin artması hipertoniya xəstəliyi üçün xarakterikdir.

Siqaret çəkən adamların dodaqlarında, ağzında xərçəng şişlərinə təsadüf olunur. Tütünün tərkibindəki polonium-210 tənəffüs üzvləri sisteminə düşdükdə dərhal qana sorulur, nəticədə bədxassəli şişlər törənir.

Nikotin və onun başqa komponentləri ağız suyuna qarışaraq mədəyə düşür. Mütəmadi olaraq mədənin selikli qişasını qıcıqlandırır və orada olan damarları sıxılmış vəziyyətdə saxlayır. Bu, şirə ifrazına təsir göstərir və nəticədə tədricən xroniki qastrit, yaxud mədə-bağırsaq xorası əmələ gəlir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR