İnsanlara hürriyət, millətlərə istiqlal!

Simasız siyasət və ya utanmasan, tribunaya çıxmağa nə var ki...

1105 06.05.2023 12:49 Yazarlar A A

 

Ermənistan parlamentinin rəhbəri Alen Simonyanın nə qədər simasız, yalançı, saxtakar olduğunu şəxsən müşahidə etmişdim - Bəhreyndə keçirilən beynəlxalq tədbirdəki çıxışından sonra. 120-dən artıq ölkənin təmsilçiləri qarşısında tribunaya qalxıb, Azərbaycanı elə ittiham eləmişdi ki, bir çoxları heyrətdə qalmışdılar.

Sən 30 il qonşu ölkənin ərazisini işğalda saxla, insanlarını qır, sərvətini tala, Ermənistandan 300 min azərbaycanlını qov, sonra da de ki, Azərbaycan Qarabağda “genosid” eləmək istəyir... İstəyir e...

Düzdür, Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova onun cavabını necə lazımdırsa verdi, amma görünür bu, ona dərs olmayıb, çünki Səmərqənd dərsi də yetərli olmamışdı.

Demək, Simonyan Ankaraya uçub, guya qonşularla “sülh şəraitində” yaşamağa maraqlı olduğunu isbatlamaq üçün. Amma bilənlər bilir ki, Ermənistan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına sədrlik etmək üçün gedib, Ukrayna imtina edəcəksə... Yəni “kabab iyi” misalı. “Atlar öləndə itlərin bayramı olur” misalı var.

Həmin bu, Simonyan bir gün əvvəl çıxış edərkən görün nə demişdi: “Bizim qonşularımıza heç bir ərazi tələbimiz yoxdur və biz qonşularımızın da bu prinsipə əməl etmələrini gözləyirik”.

Konstitusiyasında Türkiyənin 6 vilayətinə iddia edən, gerbinə Ağrı dağının şəklini yapışdıran, Azərbaycana qarşı işğalçı, terrorçu siyasətindən əl çəkməyən ölkənin parlament sədr görün nə çərənləyir. Hətta qonşuları da özləri kimi “gözütox” olmağa çağırır utanmazcasına. Adamın üzündə həya gərəkdir, axı. Amma bu, onlarda yoxdur. Olsaydı...

Başqa bir nümunə: Türkiyədə yerli jurnalistlərlə görüşündə Alen Simonyan yenə “gül” vurub. Sitat: “”Nemezis" abidəsinin qoyulması qərarını yerli hökumət qəbul edib, bu qərar Ermənistanın xarici siyasətinin təzahürü kimi qəbul edilməməlidir".

Ayə, qoymayın, öldüm gülməkdən. Necə demokratik ölkəymiş, yerli hökumətin terrorçulara heykəl qoymasına belə müdaxilə edə bilməyiblər. Yoxsa demokratiya ilə terrorçuların əbədiləşdirilməsi arasında əlaqə varmış, xəbərsiz qalmışıq, ay Sim... on... yan!!!

“Nemesis” qruplaşması onlarla Azərbaycan və Osmanlı siyasi, hərbi xadimləri qətlə yetirib. Say seçmə insanları! Birinin xatirəsinə qoyulmuş abidəni elə bu günlərdə İstanbulda andıq: Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşirin xatirəsinə həsr olunan abidəni. Erməni terrorçular hətta Türkiyədə belə, Azərbaycan dövlətinin qurucularını təqib edib, qətlə yetiriblər, o cümlədən Gürcüstanda, digər ölkələrdə!

Tələt paşaya qarşı həqarətə qoyulan abidə barədə nə deyirsən, Alen Simonyan?! Bəlkə faşist Njdeyə qoyulan abidə “özfəaliyyət”in nəticəsi olub?!

Bu adam qızarmadan az qalıb ki, Türkiyəni hava dəhlizini Ermənistanın üzünə bağladığına görə ittiham eləsin. Sitat: “Təəssüf ki, abidənin qoyulması Türkiyədə belə reaksiyaya səbəb oldu, mən türk həmkarımla bu məsələni müzakirə etdim. ”Nemezis" abidəsinin qoyulması qərarını yerli hökumət qəbul edib, bu qərar xarici siyasətin təzahürü və ya Ermənistanın qonşuluqdan kənar addımı kimi qəbul edilməməlidir. Ermənistanın xarici siyasətini baş nazir və xarici işlər naziri həyata keçirir, hamınız bu səviyyədə qərarların şahidisiniz". 

Bəli, şahidiyik. Görürük sözünüzlə əməliniz necə üst-üstə “düşür”. Bəs necə? Türkiyə ilə sərhəd nəzarət qapısının təmir-bərpasına 72 min dollar vəsait ayırırlar, ardınca da saxta “soyqırım” təmirinə 2-cə milyon dollar! “Qonşularla münasibət” siyasəti beləmi olur?! Buna olsa-olsa, “simasız siyasət” və ya"utanmasan, tribunaya çıxmağa nə var ki..." siyasəti demək gərəkir...

Hələ bunun digər dedikləri: “Əgər istəsən, münasibətlərin pisləşməsi üçün hər zaman səbəb tapa bilərsən. Mən özüm də Türkiyəyə getməmək üçün min səbəb tapa bilərdim”.

Bah, getmə gözümdən, gedərəm özümdən. Yox, sən Qareginin ölmüşü, küsüb getmə birdən, nə yaxşı gəldin Ankaraya. Yoxsa tədbir baş tutmaz, əziyyət heç olardı.

Adamlar hələ anlamırlar e belə nağıllar keçərli deyil. Necə ki, Türkiyə XİN-in başçısı dəyərli Mövlud Çavuşoğlu Türkiyəyə qarşı həqarətin cavabı olaraq hava məkanının qapadılmasının doğru qərar olduğunu açıq mətnlə bəyan etdi. Həmçinin Azərbaycana qarşı uzanan dillərin də hər an kəsilə biləcəyi xəbərdarlığını verdi. Onu da dedi ki, artıq Ermənistan kimsəni aldada bilməz. Zamınında Osmanlıya, daha sonra Türkiyəyə, Azərbaycana qarşı xəyanət edən erməniçiliyin dərsi birdəfəlik veriləcək, bunu “Bir millət, iki dövlət” + “Tək Yumruq” deyir!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR