İnsanlara hürriyət, millətlərə istiqlal!

Şər bəndənin anti-tolerantlığı

3615 20.04.2023 12:00 Yazarlar A A

 

İldə 3-4 dəfə ictimai platformada söhbət hərlənib-fırlanıb inanc məsələsinin üstünə gəlməsə, olmaz. Mütləq gəlməlidir və mütləq inanclılar arasında pərxaşlıq düşməlidir.

Fikir verdinizsə, “inanclılar və inancsızlar arasında” yazmadım, “inanclılar arasında” yazdım. Bunun səbəbi odur ki, dünyada inancsız insan yoxdur, hamı mütləq nəyəsə inanır. Sadəcə, insanların inam predmetləri fərqlidir, adamlar başqa-başqa şeylərə inanırlar.

Məsələn, rəsədxanaların və teleskopların bu qədər güclü vaxtında oturub ulduz fallarına inananlar var, özü də çoxdurlar (heç rəsədxanada işləyənlər o qədər inanmır). Təsəvvür edin ki, bu həftə saytımızda ən çox oxunan xəbər bürclərlə bağlıdır: “Mayda bəxtləri ən çox gətirəcək bürclər”.

Bilirəm, bir çoxunuz dərhal bu yazını yarımçıq qoyaraq, həmin yazını açacaqsınız ki, görəsiniz, may ayında ən çox bəxti gətirənlərin içində sizin də bürcünüz varmı.

Elə etməyəsəniz deyə, dəbdə olan ifadə ilə desək, spoyler verirəm. Astroloqların yekdil olmayan fikrinə görə, mayda ən çox Qız, Əqrəb, Qoç, Şir, Xərçəng, Oxatan və Buğa bürclərində doğulanların bəxti gətirəcək.

Həm də qardaşyana xəbərdarlıq edirəm ki, belə şeylərə çox da inanmayın, hamısı havayı, əfsanə söhbətdir.

Ola bilər, kimlərsə bu xəbərdarlığa görə məni qlnayacaq, bürclərə inananların inancına hörmət etməməkdə ittiham edəcək. Amma and olsun, ulduzlardan da yuxarıda olan gözəgörünməzə ki, belədir. Kainatdakı trilyonlarla ulduzun birinin də vecinə deyil ki, sonsuz kəhkəşanın bir bucağında yerləşən və toz dənəsi boyda olan Yer planetində Əqrəb və Oğlaq bürcündə doğulanların bəxti gətirəcək, ya gətirməyəcək.

Əslində azacıq araşdırma aparsaq görərik ki, adı çəkilən bürclərin xeyli abonenti məhz may ayında nəsə bir zibilə düşəcəklər.

Yəni belə inanclar da var. Ona qalsa, Hindistanda inəyə inananlar da var, amma biz dəqiq bilirik ki, dana əti orqanizmə qoyun ətindən daha faydalıdır – xolesterininin azlığına görə.

Əgər oxumuş adamlar vaxtında bir çox yanlış inancların olduğunu deməsələr, yazmasalar, bəşəriyyət qaranlıq əsrlərdə qalardı, elm bunca inkişaf etməzdi, nəticədə bu gün smart telefonlarla Avstraliyadakı xaloğlu ilə görüntülü danışa bilməzdik.

Elm ilə xurafatın dava-şavası uzun çəkib. Məsələn, xristian kilsəsi zamanında öz yanlış inancları üzündən Cordano Brunonu yandırmış, Qalileyi də məhkəməyə çəkmişdi, çünki keşişlər inanırdılar ki, Yer fırlanıb-eləmir.

Sonra nə oldu? Məlum oldu ki, Nikolay Kopernik də düz deyirmiş, Cordano Bruno da, Qalileo Qaliley də. Keşişlər küt və haqsız çıxdılar. Nəticədə Brunonun yandırıldığı yerdə ona abidə qoydular, amma alimin tonqalına kibrit çəkən mömini məsuliyyətə cəlb edən olmadı. .

Bizim toplum olaraq minusumuz odur ki, avropalıların 100-200 il əvvəl başladığı və bitirdiyi elmi və qeyri-elmi mübahisələri hələ indi edirik və bu mübahisə ən azı 600 il davam edəcək. Maks bir dəstə adamla Marsa uçacaq, orada özlərinə 5-6 hektar yer götürüb villa tikəcəklər, biz isə “Ay göründümü, görünmədimi, bayram bu gündürmü, sabahdırmı” davası aparacağıq.

Bu ölkədə qəribə bir təmayül də var, bəziləri elə qələmə verirlər ki, elmdən-filandan çox danışanlar, xurafata, mövhumata qarşı çıxanlar inancsızdır. Elə deyil. O adamlar da çox şeyə inanırlar, məsələn, Nyutonun qanunlarına çox inanırlar, bilirlər ki, göy üzü daş saxlamaz (buna şair Ramiz Rövşən də inanır).

Nüvə fizikasının “atası” Ernest Rezeforda da inananlar çoxdur. Ona İrandakı ayətüllahlar, höccət-ül-islamlar da inanır, hətta onu təqlid etmək istəyirlər, yoxsa uranı zənginləşdirmək istəməzdilər.

Zənən olsa da, Mariya Küriyə necə inanmayasan? Bu qadın əlinin xamırı ilə süni radioaktivliyi kəşf edib. Müasir AES-lər onun kəşf etdiyi radioaktiv maddələrin hesabına işləyir.

Ayrıca Tolstoya, Markesə, Elvis Presliyə inananlar var. Freddi Merkurini də siyahıya salaq ki, göy qurşağının rəngləri tamam olsun, ona inanan bəzi insanlar inciməsin.

Bu yerdə birbaşa mətləbə keçmək lazım gəlir. Son günlər internet resurslarında bir video yayılıb, canataraq bir kişi ağzını mikrofona dirəyib oxuyur: “Namaz qılan bəndədir, qılmayan şərməndədir, gah qılan, gah qılmayan, yeri cəhənnəmdədir”.

İndi bu nə oldu? Namaz qılmayanların inancına, dini heysiyyatına sataşmaq olmadımı? Sənin inancına bir söz deyən olanda dəllək əlinə keçmiş sünnətlik uşaq kimi bar-bar bağırırsan, amma ölkədə milyonlarla namaz qılmayanlara, eləcə də “gah qılan, gah qılmayanlar”a təhqir yağdırır, onları öz yanından cəhənnəmə transfer edirsən. Ona qalsa, namaz qılmayanlar arasında Masallının polis rəisi də var, adamı çağırıb deməzmi, vətəndaş, məni şərməndələrin siyahısına niyə salırsan. (Bu cümlə “navodka vermək” kimi yozulmasın).

Heç kəs unutmasın ki, belə söhbətlər dini tolerantlığa ziddir. Kim istəyir öz ibadətini istədiyi kimi etsin, amma kimlərisə ibadət etmədiyinə görə təhqir etməsin. İnsanları kütləvi məzəmmət hədəfi etmək “Dini etiqad azadlığı” haqqında qanunla bir araya sığmır.

İndi də Nəsiminin dövrü deyil ki, şairi tutub çəkələr meydana və barmağı kəsiləndə dönüb haqqdan qaçan zahid ona ağır ittiham irəli sürə.

Yeri gəlmişkən, mən özüm Nəsimiyə inanıram, yaxşı şair olub, o dövrün İŞİD-inin əlinə düşüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR