İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı rejimin ləğvi ilə bağlı YENİ DETALLAR - Xankəndidə bundan sonra...

6126 27.09.2023 13:24 Gündəm A A

Xuntadan azad edilən ərazilərdə komendatura yaradılır, birgə patrul təşkil edilir, qondarma strukturlar buraxılır - Şahramanyan isə möhlət istəyib

Qarabağda separatçıların təslim olmasından sonra qanunsuz silahlı dəstələrin təmizlənməsi davam edir: erməni silahlı dəstələri tərki-silah edilir, artıq onların Ermənistana getməsi üçün dəhlizlər ayrılıb, eyni zamanda Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən mülki ermənilərin də təhlükəsiz çıxışına şərait yaradılır.

Bu prosesdə açıq qalan suallardan biri separatçı rejimin özünü “buraxdığını” nə vaxt elan edəcəyidir. Faktiki separatçı rejim artıq fəaliyyətsizdir, qondarma “rəhbərlərinin” səssizliyi də bunu deməyə əsas verir. Azərbaycanın bu məsələdə mövqeyi qətidir: saxta dövlət atributları - “prezident” “nazirlər”, “deputatlar” öz  vəsiqələrini zibil yeşiyinə atmalıdır. Başqa variant yoxdur!

Xunta rejimi indi ən yaxşı halda onu edə bilər ki, qondarma da olsa “parlamenti” toplaya, orada Xankəndidəki bütün “dövlət strukturlarının” buraxılmasını elan edərək idarəetmənin təhvil-təslim işlərinə başlasın. Keçmiş DQMV-nin İcraiyyə Komitəsinin və bütün qondarma dövlət strukturlarının binalarında Azərbaycan bayraqları dalğalanmalıdır. Erməni mənbələr yazır ki, silahların təhvil verilməsi, erməni hərbçilərin və getmək istəyən mülki ermənilərin Azərbaycan ərazisindən çıxışı prosesi başa çatandan sonra separatçılar açıq şəkildə özlərini “buraxacaqları”nı elan edəcəklər. Hər halda, separatçı rejimin özünü “buraxdıqdan” sonra mütləq müəyyən idarəetmə mexanizmi işə düşməlidir. Belə bir ehtimal da var ki, Qarabağın tam silahsızlaşdırılmasından sonra Xankəndidə prezidentin xüsusi nümayəndəliyi yaratmaq variantı var. Bu iş 2021-ci ilin dekabrında Qarabağ iqtisadi rayonuna daxil olan (Şuşa rayonu istisna olmaqla) ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynova da həvalə edilə bilər. Amma daha ağlabatan variant budur ki, Xankəndi və ətraf rayonlarda Prezidentin xüsusi nümayəndələri olsun. Çünki bu vəzifənin yükü təkcə iqtisadi deyil, hərtərəfli fəaliyyət tələb edir.

Bilgili mənbənin dediyinə görə, ilkin dövrdə Azərbaycan bütün bu prosesə nəzarət etmək üçün Xankəndinə komendant təyin edə bilər. Hərbi (yarımhərbi) komendaturaya Rusiya sülhməramlılarının, eləcə də erməni icmasından da nümayəndələrin cəlb edilməsi mümkündür. Xankəndi ilə yanaşı, digər ərazilərdə də xüsusilə Xocalı və Əsgəran da eyni prinsiplərlə komendaturalar yaradıla bilər ki, bununla təhvil-təslim prosesinin maksimum qarşıdurma olmadan aparmaq mümkündür. Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib ki, keçmiş yuxarı Qarabağda komendant xidməti təşkil olunacaq: “Xankəndi və digər rayonlarda komendant xidməti təşkil olunmalıdır. Əhalinin özündə də silah ola bilər. Təxribat baş tutmasın deyə komendant xidməti mütləq təşkil olunacaq. Komendant xidmətinin təşkil olunması üçün şəhər və rayonların müəyyən yerlərində postlar qurulacaq. Müəyyən ərazilərdə isə patrul xidməti olacaq. Bu xidmət ola bilsin sülhməramlı kontingentlə birgə təşkil edilsin. Azərbaycanın icra orqanları orada fəaliyyətə başlayandan sonra onların təhlükəsizliyini qorumaq da vacibdir. Separatçıları dəstəkləyən insanlar ola bilər. Onlar terror aktı törədə bilərlər”.

Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb ki, Yevlaxda keçirilən görüşdən sonra separatçıbaşı Samvel Şahramanyanın Qarabağdakı qondarma rejiminin üzvləri Azərbaycan nümayəndələri ilə fəal təmasdadırlar. Məlumata görə, görüş zamanı azərbaycanlılar bir daha özlərinin prioritet tələblərindən birinə təkid ediblər: Qarabağın “hakimiyyəti” “dövlət strukturlarının və qurumlarının” ləğvini elan etməli, Xankəndidəki bütün dövlət qurumlarının binalarında Azərbaycan bayrağı asılmalı, bundan sonra inteqrasiya başlamalıdır. Erməni nəşrinin yaydığı xəbərdə qeyd olunur ki, Şahramanyan Azərbaycanın mərkəzi hakimiyyətindən Xankəndinə girişi təxirə salmağı xahiş edib: “Bildirib ki, şəhərdə artıq təsvirolunmaz çaxnaşma hökm sürür. Qarabağı tərk etmək istəyənlərə humanitar dəhliz veriləcəyi ilə bağlı razılıq əldə olunub”.

Sülhəddin Əkbər: “Yeni seçkilərə hazırlaşmalıyıq”

Sülhəddin Əkbər 

Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbər “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan bütün ərazilərə kontrol edəcək. Amma idarəçiliyə gəlincə, S.Əkbər bildirdi ki, ermənilər hansı bölgələri tərk ediblərsə, ora Azərbaycan yurisdiksiyasına keçir, harada erməni əhalisi qalacaqsa, müvəqqəti qarışıq idarəçilik modeli tətbiq edilə bilər. S.Əkbərin fikrincə, hazırkı şəraitdə qarışıq idarəçilik modeli Azərbaycana sərf edir, bu halda “etnik təmizləmə” və “genosid” ittihamlarına son qoya bilirik. Həmsöhbətimiz vurğuladı ki, Xankəndidə hərbi-mülki qarışıq idarəçilik tətbiqi istisna deyil: “Əgər destruktiv qüvvələr yenidən fəaliyyətini davam etdirməyə çalışsalar- halbuki onların imkanları xeyli dərəcədə məhdudlaşıb - o  zaman Azərbaycan sərt idarəçilik modellərinə keçə bilər. Bu məsələlərdə etimad, səmimiyyət olmasa, məcbur qalacağıq ki, birbaşa idarəçilik təşkil edək. Ona görə də Rusiyaya və Qarabağdakı erməni nümayəndələrə xəbərdarlıq kimi bildirilməlidir. Eyni zamanda Azərbaycan kimsəyə arxayın olmadan bütün yaşayış məntəqələrini yoxlamalıdır. Bir tərəfdən ordu, digər yandan Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti regionda işləməyə başlamalıdırlar. Hazırda Ordumuz, kəşfiyyat xidməti və təhlükəsizlik qüvvələri işləyirlər, eləcə də baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi İşçi qrupu fəaliyyətə başlamaqdadır. Yəni biz mühasirə halqasını tam daraldıb içəridə "təmizləmə" işlərinə başlamalıyıq. Bunu da həm ərazidə, həm insanların məskunlaşdığı yerlərdə etmək lazımdır".

S.Əkbərin sözlərinə görə, həmin qüvvələr tam təmizlənməlidir, Azərbaycan son əməliyyat zonasının mühasirəsini gücləndirməlidir və beləliklə bu işi başa çatdırmaq lazımdır: “Mən burada təslim olmayanları, onların istifadə edə biləcəyi silah-sursat anbarlarını nəzərdə tuturam. Ondan sonra kəşfiyyatımız, mülki qurumlarımız fəaliyyətini davam etdirməlidirlər. Əgər preventiv tədbirlər aparsaq, o zaman həmin "potensialı" minimuma endirə bilərik. Bu, həm Ermənistan ordusuna, həm qondarma “müdafiə ordusu”nun qalıqlarına aiddir". Rusiyanın antiterror tədbirlərinə təmkinli yanaşmasına gəldikdə, analitik burada bir neçə faktoru sadaladı: “Əvvəla, xatırlayırsınızsa, deyirdim ki, Azərbaycan üçün bu məsələdə fürsət pəncərəsi olacaq və 24-72 saatlıq əməliyyatla problemi həll edəcəyik. Bunun üçün bizə elə şərait lazım idi ki, Rusiya müqavimət göstərməsin, Qərb də mane olmasın. Baxın, həmin məqam yetişdi və 23 saat içərisində iş görüldü. Bura Rusiyanın Ukrayna cəbhəsinə görə düşdüyü vəziyyət, ölkə daxilindəki narahatlıq, xüsusən Çeçenistandakı vəziyyət, Türkiyənin və Azərbaycanın güclənməsi, eləcə də bu qardaş tandeminə müqavimət göstərəcəyi halda Rusiyaya daha ağır zərbənin dəyəcəyi ehtimalını Moskvanın nəzərə alması, nəhayət, Rusiya-Ermənistan münasibətləri daxildir. Bütün bu amillər üst-üstə düşdü və biz antiterror tədbirləri başladıq. Həmçinin bura Orta dəhlizin açılması, İranın regiona daxil edilməsinin qarşısının alınması, Çin, Britaniya və İsrailin Azərbaycana dəstəyini əlavə edə bilərik. Yəni Rusiyanın neytral qalmasında geosiyasi, geoekonomik və geostrateji səbəblər var”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR