İnsanlara hürriyət, millətlərə istiqlal!

“Səni körpüdən bir “çubuş”a düşürdərlər, qaqa”

2353 15.06.2023 10:29 Yazarlar A A

 

Feysbukda intihar anonsları yaman artıb. Artıq elə bir gün olmur ki, virtual “dost”larımızdan kimsə üzləşdiyi problemlər və haqsızlıqlar üzündən son addımı atacağı barədə xəbərdarlıq eləməsin.

Bunların içində ciddi səbəbi olanlar da var, amma ciddiyə alınmayacaq səbəblərdən “özümü öldürəcəm” deyə insanları təlaşlandıranlar da olur.

Elə mövzudur ki, çox da dərinə getmək, zilə qalxmaq olmur. Biz o qanacağın yiyəsi deyilik ki, dama çıxıb “özünü atacağını” deyən birinə altdan yuxarı “atmayan kişi deyil” deyək. Əvvəlki vaxtlarda belə şeylər edənlər olub. Tərəddüd edən potensial intiharçıya səslənənlər olub ki, ay qardaş, atırsan, at, atmırsan, bizi avara-gor eləmə, işimiz-gücümüz var.

Əlbəttə, yuxarıdakı da deyə bilərdi ki, işin var, cəhənnəm ol, get işinə dəə, gərək hadisənin şahidi olasanmı. Hərçənd adam şounu yarımçıq saxlayıb işinə getsə və axşam televiziyadan xəbər tutsa ki, belə bir hadisə olub, dərin peşmanlıq yaşayar, deyər, buna bax e, ordaydım e, gül kimi hadisəni qaçırtdım...

Əslində intihar anonsu edənlərin əsl məqsədi öz addımlarına bacardıqca çox baxış sayı, şahid izləyişi qazandırmaq deyil, əsl məqsəd odur ki, gəlin, məni intihar etməyə qoymayın, problemimin həllinə kömək edin, yox, biganəsinizsə, ta onda yaşamağın nə mənası var. İnanın ki, anons edən adamın xəbərdarlığına məhəl qoyan olmasa, o, daha dərin depressiyaya düşər və özünü gerçəkdən öldürər.

Amma problemi bu yolla həll etmək dəbə çevrilməməlidir. Biri intihar ananosu ilə öz problemini həll etdisə, sən də başqa bir kreativ mübarizə, diqqətçəkmə aktı fikirləş. Yoxsa bu iş tamam gözdən düşər, sabah biri ciddi niyyətlə bu işə qalxsa, fikir verən olmaz, nəticədə adamın geri dönüşü olmaz.

Yadınızdadırsa, 7-8 il öncə “Koroğlu” körpüsünün qəlbi yerinə çıxıb “özümü atacam” deyənlər daldala düzülmüşdü. Şəhərdə başqa hündür yer yoxmuş kimi, az qala hər həftə kimsə gəlib məhz ora çıxırdı. Biri deyirdi, “ya Qənirə Paşayeva gəlsin, dərdimi dinləsin, ya da buradan özümü buraxacam”. Vaxt qoyanlar da olurdu: “Yarım saata gəlsin”. Araşdıranda məlum olurdu ki, o şəxslərin heç biri Qənirə Paşayevanın seçicisi deyil, özlərinin lay divar kimi deputatları var, sadəcə, görüblər ki, Qənirə xanım dərd dinləyəndir, kömək edəndir, onun adını çəkirlər.

Elə həmin günlər idi, çoxunuzun yaxşı tanıdığı bir itoynadan, yeyib-içən həmkarımız Feysbukda yazmışdı ki, belə getsə, mən də körpünün dikinə çıxıb, Qənirə Paşayevanı köməyə çağıracam. Zarafatla yazmışdı (amma sonradan məlum oldu ki, əslində qardaşın da babat problemləri varmış).

Mənim də əlim dinc durmadı, aramızdakı zarafatı mülahizə edərək yazdım ki, sənin aksiyan effektiv olmaz, qaqa, səni oradan bir “çubuş”a düşürdərlər. Bu sözü onun yeyib-içən, kefqom adam olduğunu nəzərdə tutaraq yazmışdım, amma, deyəsən, yüngülvari xətrinə dəymişdi.

Yaxşı ki, sonradan hökumət ora polis postu qoydu. Budur, 8 ildən çoxdur polislər orada iki növbədə keşik çəkirlər ki, kimsə gəlib ora dırmaşmasın, hökuməti şantaj, deputat narahat, jurnalistləri bezar etməsinlər. O birilərini bilmirəm, bir dəfə reportyorlardan biri növbəti dəfə “Koroğlu” körpüsünə çıxıb intihar edəcəyini deyən adamı çəkməyə gedərkən belə bir anons verdi: “Yaxşı, gedirəm. Mən gedənəcən o, özünü aşağı atdı, atdı, atmadı, onu özüm aşağı atıb gələcəm”. Xoşbəxtlikdən, o gedənə qədər polis onu tutub aparmışdı və üzr videosu çəkmişdilər.

Amma fakt odur ki, belə hərəkətləri etməyə adamda üz və cəsarət lazımdır. Hesab elə ki, revolver tipli tapançanın barabanına 1 güllə qoyub fırladır, sonra gicgahına dirəyib çaxmağı çəkirsən. Birdən məhz güllə barabandan lüləyə tuş gələn yerdə oldu, onda nə olacaq? Bu da elə şeydir, birdən verdiyin anonsa ya gələn olmadı, ya da gələnlərdən biri “etmə, eləmə, həyatın hələ qabaqdadır” demək əvəzinə, “ta özün bilərsən, necə istəyirsən elə” və ya “düz eləyirsən, yek çıxış yolu budur” dedi, onda biabırçılıq olmazmı?

Allahdan, camaatımız duyğusaldır, həssasdır, belə anonsları boş buraxmırlar, dərhal tökülüşüb adamı intihardan daşındırmaq üçün tutarlı şərhlər yazırlar.

Dediyim odur ki, belə hədələrin çürüyünü çıxarmaq olmaz.

Bir də danşırlar ki, bir 5 mərtəbəli evin 6-cı mərtəbəsinə, yəni damına çıxıb özünü atmaqlə hədələyirmiş, polis aşağıdan qışqırıb ki, məni ora gətirtmə, gəlsəm, səni qara tuluğa döndərəcəm. Adam deyib, yaxşı, rəis, gəlmə, özüm düşürəm...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR