İnsanlara hürriyət, millətlərə istiqlal!

Senator və konqresmenlərdən Baydenə çağırış: “Azərbaycana sanksiya...”

1282 14.06.2023 11:03 Siyasət A A

Erməni lobbisinin əlinə baxan bir qrup korrupsioner ABŞ liderini Laçın yolunda post qurduğumuz üçün hərbi yardımları dayandırmağa çağırıb; Akif Nağı: “Bu, sadəcə, erməniləri sakitləşdirmək məqsədi daşıyır, həm də təmənna güdürlər”

Bir qrup respublikaçı və demokrat senator Azərbaycanın Laçın yolunun “blokadası” kontekstində Bayden administrasiyasını ölkəmizin rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə, Azərbaycana bütün hərbi yardımı dayandırmağa çağıran ikipartiyalı qanun layihəsi təqdim ediblər.

“Yeni Müsavat” bildirir ki, həmin layihədə deyilir: “Bu blokada humanitar böhran yaradıb, Qarabağın 120 min ermənisini ərzaq, dərman və digər ilkin tələbat mallarından məhrum edib. Qətnaməmiz aydın göstərəcək ki, Birləşmiş Ştatlar Azərbaycanı məsuliyyətə cəlb etmək üçün addımlar atmalıdır. Biz Azərbaycanı düşünülmüş bu humanitar böhrana son qoymağa çağırmaqda həmrəyik”.

Yada salaq ki, hələ fevralda, Laçında ekofəalların aksiyası davam edəndə ABŞ Konqresinin Nümayəndələr Palatasına Laçın dəhlizinin Azərbaycan tərəfindən “blokada”ya alınması ilə bağlı qətnamə layihəsi təqdim edilib. Konqresmenlər Frenk Pallon və Bred Şermanın təklif etdiyi sənədi həm respublikaçılar, həm də demokratlardan dəstəkləyənlər olub. Layihədə bildirilirdi ki, ABŞ Azərbaycana bütün hərbi yardımını dərhal dayandırmalı və “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi yenidən tətbiq etməli, həmçinin “Dağlıq Qarabağın blokadası”na və “digər insan hüquqlarının pozulmasına” görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməlidir.

Əslində Birləşmiş Ştatlardakı senatorlar beynəlxalq hüquq, ədalətdən dəm vursalar da, açıq şəkildə beynəlxalq hüquqda tanınmış Azərbaycan ərazilərinə qarşı təxribatçı fəaliyyətlə məşğuldurlar. Bəzi senatorlar ABŞ-ın dövlət maraqlarını erməni lobbisinə satıblar. Halbuki regionda Azərbaycanın ABŞ üçün strateji önəmi daha böyükdür. Ancaq müəyyən senatorlar öz şəxsi maraqlarından çıxış edərək növbəti gərginlik yaratmaq istəyirlər. Eyni zamanda Ağ Ev rəhbəri Bayden iki dəfə ardıcıl olaraq azərbaycanlı həmkarına məktub göndərib, orada əməkdaşlıqdan, Azərbaycanın enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizədə əhəmiyyətindən söz açıb. Yəni erməni lobbisinin əlinə baxan bir dəstə konqresmenin qanun layihəsi irəli sürməsi ilə heç də Vaşinqton Bakıya sanksiya tətbiq etməz.

Həmçinin ABŞ xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edir, Avropa Birliyinin vasitəçiliyini dəstəkləyir, Bakı-İrəvan arasında sülh sazişi imzalanmasının tərəfdarıdır. Bundan əlavə, istər ABŞ xarici işlər naziri Entoni Blinken olsun, istər digər amerikalı rəsmilər, Laçın yolunda nəzarət mexanizmi qurmağımıza görə heç bir irad bildirməyiblər. Çünki bunun legitim hüququmuz olduğunu anlayırlar. O baxımdan senatorların təklifinin gerçəkləşməsi inandırıcı görünmür. Bununla belə, nə üçün onlar bu təxribatçı təşəbbüsləri qaldırırlar? Bayden administrasiyası necə reaksiya verəcək?

Akif Nağı Prezident Administrasiyasında Yeni Sabah

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a qeyd etdi ki, təəccüblü heç nə yoxdur, ermənipərəst konqresmenlər 30 ildir onların xidmətindədir. Partiya sədrinin sözlərinə görə, onların illərlə buna bənzər təşəbbüsləri olub və heç biri də qəbul olunmayıb: “Sadəcə, bu cür səylər erməniləri sakitləşdirmək məqsədi daşıyır, həm də təmənna güdürlər. Çünki onlar haqq-ədalət carçısı sayıla bilməzlər. Burada erməniyə xidmət fəaliyyətini görmək olar. Bu gün ermənilər "Məşədi İbad" vəziyyətindədir. Odur ki, onların pulu ilə danışan bir qrup konqresmen var, adları da bəllidir, hər dəfə eyni adamlar çıxış edirlər. Xüsusən Frenk Pallon və Bred Şerman bu kampaniyada ad çıxarıblar".

A.Nağının fikrincə, hazırda Vaşinqton-Bakı əlaqələri normaldır, inkişafdadır: “28 May Müstəqillik Günü ilə bağlı hamıdan tez təbrik edən ABŞ Prezidenti oldu. Danışıqlar prosesində təşəbbüs də Vaşinqtonun əlindədir və xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Ona görə də hər hansı konqresmenin, yaxud senatorun müraciətinin qəbul edilməsi münasibətləri korlaya bilər. Üstəlik, Laçın yolunun bağlanmasına dair fakt yoxdur. Sadəcə, gediş-gəlişə nəzarət edirik. Amerikadakı səfirliyimiz konkret sənədlər və sübutlar təqdim etməklə məktub yollaya bilər ki, ermənilər üçün heç bir humanitar böhrandan söhbət gedə bilməz. Görüntülər də təsdiqləyir ki, ermənilər sərbəst şəkildə hərəkət edirlər. Guya sülhməramlıların müşayiəti ilə yoldan keçirlər, amma bu da ağ yalandır. Sadəcə, regionda terror qrupları olduğuna görə yolda yoxlanışı həyata keçiririk. Bu faktları Konqres və Dövlət Departamenti qarşısında qoymaq olar”.

Səbrli olmaq lazımdır, bu mərhələ də biz istədiyimiz kimi yekunlaşacaq"

 Fuad Əliyev 

Siyasi ekspert Fuad Əliyev hesab edir ki, bu qanun layihəsinin irəli sürülməsindən narahat olmağa dəyməz: “Amerikada hər gün onlarla belə təklif səslənir. Əgər bu, qanun halına çevrilərsə, ABŞ danışıqlar prosesində vasitəçilik balansını pozmuş olacaq və təşəbbüsü əldən verəcək. Ancaq Vaşinqtona belə bir yanlış addım lazımdırmı? Onlar bilirlər ki, Moskva bundan istifadə edərək moderatorluqda önə çıxa bilər. Digər tərəfdən, Laçın yolunda sərhədçilərimizin fəaliyyəti möhrünü vurmuş məsələdir. Bundan sonra hansısa çağırışların əhəmiyyəti yoxdur. Avropa Birliyi, ABŞ və Rusiya bu reallığı qəbul ediblər. Hətta Ermənistan da razılaşıb. Düzdür, Paşinyan Putinlə görüşdə istədi ki, məsələni gündəmə gətirsin, amma Kreml rəhbəri ciddi önəm vermədi. Qalır Qarabağdakı separatçılar, İrəvanda kilsə və revanşistlər, bir də erməni lobbisi və onların pulu ilə dolanan senatorlar, onlar da barışacaqlar. İstisna deyil ki, biz 10 min erməni quldurunu da Qarabağdan rədd edəndə kampaniya başlanacaq, guya hərbi eskalasiyadır, Azərbaycan aqressordur və sair. Heç biri nəticə verməyəcək, biz işimizi görməliyik. Öz ərazilərimizdə terrorçulara yol açmaq fikrimiz yoxdur. Dinc əhali adam balası kimi yoxlanışdan keçib Ermənistana gedib-gəlir. Əgər konqresmenlər blokadadan dəm vurursa, Amerikanın Meksika sərhədinə çəkdiyi divara baxsınlar. Həmçinin yolu açaq, silah daşınsın, onsuz da gizli yollarla daşınır, bunlar da gəlib bizə atəş açsınlar? Senatorlar bunu istəyirlər? Olmayacaq və məsələ bitib”.

Emil  SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR