İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sən mənə bir telekanal ver, mən bir ay sonra cəmiyyəti meydanlara töküm”

5499 29.12.2013 09:34 Müsahibə A A
27 dekabrda Milli Şuranın sədri Cəmil Həsənli “Yeni Müsavat” qəzetinin qonağı olub. Professor Cəmil Həsənli qəzetin yazarı Azər Rəşidoğlunun “Beyin fırtınası” layihəsində “Yeni Müsavat”ın suallarını cavablandırıb. Milli Şuradakı son istefalardan tutmuş, Azərbaycan tarixinin ən qaranlıq dövrlərinə qədər, çoxsaylı suallara cavab verən Cəmil Həsənlinin müsahibəsinin ikinci hissəsini təqdim edirik.


- Müxalifət düşərgəsində də bəzən neobolşevizim meylləri hiss edilir. Rüstəm İbrahimbəyovun bir fikri ilə bağlı bir status yazmışdım (Zəfər Quliyev sual verir - red). Bu fikir nə Rüstəm bəyin özünə xas olan stildə idi, nə də ki ziyalı mövqeyinə uyğun idi. Sosial şəbəkələrdə və mətbuatda mənə qarşı ardıcıl hücuma keçdilər. Etirazımın kökündə belə bir fikir dayanırdı ki, “kim Milli Şuraya qarşı çıxış edirsə, deməli, o, hakimiyyətə işləyir” tezisi yanlışdır. Ümumiyyətlə, maksimalist mövqelərin həmişə əleyhinə olmuşam. Bolşevik mövqelərin olmasını anlaya bilmirəm. Sizin dəyərləndirməniz necədir bu barədə?

- Mən bu məsələ ilə bağlı mövqeyimi bildirmişəm. “Yeni Müsavata”, Elşad Paşasoya verdiyim müsahibədə demişəm ki, biz bir birimizin mövqeyinə, fikirlərinə hörmətlə yanaşmalıyıq. Burada bir məqam da mövcuddur. İndi müsahibələrin, açıqlamaların yeni texnoloji variantları, innovasiya variantları meydana gəlib. Bu skaype müsahibələr, telefon vasitəsilə götürülən müsahibələrdir. Bu formada müsahibələr materialın məzmununa böyük təsir edir, onu yoxsullaşdırır, tutumunu azaldır. Belə müsahibələr canlı ünsiyyəti əvəz edə bilmir. Bəzən isə təhriflərə yol açır. Bir məsələni diqqətinizə çatdırım. Cənubi Azərbaycanda başlıca problemlərdən biri də yazı problemidir. İctimai şüuru formalaşdıran dil yazıya dayanır. Yazıya dayanmayan dil ictimai şüuru formalaşdıra bilmir. Bu baxımdan, Azərbaycan mətbuatında da müsahibələr xeyli zəifləyib, işlədilən ifadələr bəzən yerində olmur. Telefonla müsahibə verəndə, yerində olmayan ifadənin işlədilməsi baş verə bilir. Lakin bütün hallarda insanlardan eyni cür fikirləşməni tələb etməyi düzgün hesab etmirəm. Fikir, ifadə azadlığına hörmətlə yanaşmaq lazımdır. Lakin əminliklə deyim ki, Rüstəm bəy elə ifadəni işlədəndə yuxarıda dediyimiz hal baş verib. İçində azadlıq ruhu olan bir ziyalı başqa fikrə də hörmətlə yanaşır, bunu bilirəm.

- Bu məsələni yalnız bir ifadə ilə məhdudlaşdırmaq düzgün olmazdı. Müxalifət düşərgəsində neobolşevizim tendensiyasının mövcudluğu narahatedicidir...

- Son illər mətbuatdan olduqca gərəkli və maraqlı bir janr - publisistika yığışmağa başladı. Publistika böyük təsir imkanlarına malikdir. Söz demək, deyilən sözün hədəfə çatması, sözün ifadə tərzi və vasitələri, publisistikanın ictimai mahiyyətini müsahibə əvəz edə bilməz. Publisistika onun müəllifinin intellektual potensialının göstəricisidir. Hazırda mətbuatda çatışmayan budur.

- İntellektual materiala oxucu tələbatı azdır. Oxucunu daha çox xəbər maraqlandırır.

- İstənilən halda oxucuya intellektual məhsul da təqdim etmək lazımdır.

- Gənclərlə bağlı fikirləriniz maraqlı idi. Yenidən bu barədə sual vermək istərdik. Prezident olduğu zaman Əbülfəz Elçibəy belə bir ifadə işlətmişdi - “belə getsə, yenidən gəncləri ətrafıma toplayacağam və inqilab edəcəyəm”. Bədbin proqnoz vermək istəməzdim. Lakin hadisələrin gedişi onu deməyə əsas verir ki, Müsavat və AXCP-nin eyni qurumda qalması real görünmür. Ən azı 2015-ci ilə qədər proporsional seçki sistemi bərpa olunarsa, hər bir təşkilat öz maraqlarına uyğun addımlar atacaq. Son prezident seçkiləri də yeni gəncliyin siyasi müstəvidə gücə çevrilmək üzrə olduğunu sübuta yetirdi. Gəncliyin önəmli hissəsinin rəğbətini qazandınız. Gəncliyi ətrafınıza toplayıb, öz partiyanızı yaratmaq barədə düşümüsünüzmü?


“Ölkədə dəyişiklik üçün 3 faiz insanın fəallığı da kifayət edir”


- Mən siyasi partiya yaratmaq kimi məsələlərdə məsafə saxlamağa üstünlük verirəm. Siyasət həyatımın hamısını deyil. Həyatımın bir hissəsidir. Mən bütün varlığımla siyasətə bağlanmaq istəmirəm. Həyatımı tam siyasətə həsr etsəydim, yazdığım kitablar olmazdı. Bu yaxınlarda Moskvada dərc olunan kitabım sayca 28-cidir. Dünyanın bir çox ölkələrində monoqrafiyalarım, kitablarım çap olunub. ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, İran və digər ölkələrdə kitablarım çap olunub. Mən yaradıcılıqdan ayrıla bilmərəm. Mən bunun peşəkarıyam. Tarixi tədqiqatların peşəkarıyam. Bundan ayrılmağım imkansızdır. Lakin üzərimdə hiss elədiyim müəyyən ictimai-siyasi məsuliyyət var. Bunu da yerinə yetirməyə çalışıram. Gəncliyə isə inamım böyükdür. Bu ilin martında gəncliyin əsgər ölümləri ilə bağlı keçirdiyi aksiyalarda gənclik özünü təsdiq elədi və varlığını ortaya qoya bildi. Şəxsən məndə belə bir pessimist təsəvvür yaranmışdı ki, rüşvət Azərbaycan gəncliyinin müsbət hisslərini tamamilə məhv edib. Lakin məlum oldu ki, rüşvətə bulaşmayan yeni gənclik mövcuddur. Bu gənclik daha geniş dairəyə malikdir. İctimai siyasi proseslərin önünə keçməyə hazır olan bir gənclik yetişib. Son 10 ilə fikir verin. Bizim siyasi məhbuslar da gəncləşməyə başlayıblar. Bir zamanların ağ saçlı, ağ saqqallı siyasi məhbusları indi gənclər əvəz edib. Xarici təhsilli, bir neçə dil bilən, texnologiyaları mənimsəyən, çağdaş düşüncəli gənclər indi dəmir barmaqlıqlar arasındadırlar. Nida -çıların məhkəmələrinə gedəndə bu gəncliyi görürəm, onların potensialının şahidi oluram. 

Bilirsiniz, mövcud hakimiyyətin siyasəti vətəni əraziyə çevirməyə, milləti isə əhaliyə çevirməyə yönəlib. Vaxtilə dağınıq bir toplumdan millət, sərhədləri bəlli olmayan ərazidən vətən yaradanlar məhz gəncliyə arxalanıb bunu ediblər. Sizə bir örnək göstərim. “Əli və Nino” əsəri dünyanı öz məhəbbət cazibəsinə salıb. Lakin əsərin əsas qayəsi məhəbbət deyil - Azərbaycanın müstəqilliyi ideyasıdır. Seçim anı gələndə əsərin baş qəhrəmanı Əli bəy Şirvanşir çox rahatlıqla qoşula bilərdi Ninoya, körpə qızına və sərhədi keçə bilərdi. Lakin Əli bəy körpə qızı yaşında olan cümhuriyyətin qurulmasına üstünlük verdi. İdeya həyat mənasına çevriləndə insanlar belə hərəkət edə bilirlər. 1920-ci ilin 28 aprelində itirdiyimiz Əli bəy Şirvanşirlər bu gün barmaqlıqlar arasında mühakimə edilən gənclərdir.

- Gəncliyə ümid bəsləmək gözəl hisslərdir. Vaxtilə, bizlər tələbə hərəkatında iştirak edəndə də deyirdilər ki, yeni gənclik formalaşır və onların qarşısında heç bir qüvvə dayana bilməz. Sonrakı illərdə də gənclik xeyli fəal oldu. Ancaq bu gənclik elə müxalifətdə də qocaldı. Kim zəmanət verə bilər ki, sizin söz açdığınız gənclik də müxalifətdə qocalmayacaq?

Siyasi partiya yaratmaq fikrim yoxdur”


- Bunun hazır resepti mövcud deyil. Heç kəs də zəmanət verə bilməz ki, gənclik müxalifətdə qocalmayacaq. Lakin belə bir zəmanət yoxdur deyib, ruhdan düşmək, şəxsi həyatını yaşamaqda davam etmək də yaxşı nümunə deyil. Küçədə, tədbirlərdə çox zaman mənə yaxınlaşıb, sanki bir sirr açırlar və bildirilər ki, “özündən muğayat ol”... Düşünürəm ki, ictimai qınağı ictimai prosesə çevirməyi bacarmalıyıq. Mənim üçün başqalarının nə düşündüyü elə də önəmli deyil. Məni düşündürən odur ki, 10 ildən, 20 ildən sonra övladlarım, nəvələrim sağ qalsam vücuduma, ölsəm şəklimə baxıb belə bir sual verəcəklər - “Siz o cəmiyyətdə yaşadınız. O rüsvayçılıqları gördünüz. Belə zəlalətin şahidi oldunuz. Niyə buna etiraz eləmədiniz? ” Hər bir kəs ona ünvanlandığı suallara cavab tapmalıdır. Ən azı övladlarımın suallarına alnıaçıq cavab vermək istəyirəm. Bu ölkə dəyişməlidir. Biz qəribə, ikili həyat yaşayırıq. Biz Cənubu Koreya qanunlarını qəbul edib, Şimali Koreya qaydaları ilə yaşayırıq. Belə davam edə bilməz. Biz Seulun Konstitusiyasına bənzər Konstitusiya qəbul edirik, lakin onu Pxenyan kimi yerinə yetirik.

- Bütün bunlar son nəticədə nələrə səbəb ola bilər - kataklizmlərə, üsyana, vətəndaş müharibəsinə?

- Dəyişiklik mütləq olacaq. Bunun reseptini verə bilmərəm ki, nə vaxt və necə olacaq, lakin onu əminliklə deyirəm ki, dəyişiklik mütləq olacaq, belə davam edə bilməz. Bu millətin yaşam haqqı var, o təmin olunmalıdır. Kim bu milləti ölmüş hesab edirsə, tamamilə yanılır. Tarixdə daha güclü diktaturaların yıxıldığının şahidi olmuşuq. Biz, Əbülfəz bəyin tələbələri, özümüzü azad düşüncəli hesab edirdik. Hətta biz də ictimai gəzintilərdə, bağlarda yığışanda, şəxsi söhbətlərimizdə güman etmirdik ki, SSRİ belə tezliklə dağılacaq. Yaxud başqa misal çəkim. 1977-ci ildə İran şahının ən xoş günləri idi. Neft gəlirlərinin ən yüksək nöqtəsi idi. Şah neft gəlirlərini dağıdır, mənasız beynəlxalq tədbirlər keçirir, pulları körpü tikintisinə, yoltəmirinə, şəhərin görüntüsünün dəyişməsinə xərcləyirdi. Milyonlarla vəsait hesabına şah ailəsinin dünyanın istənilən ölkəsində məhdudiyyətsiz xərcləri təmin olunurdu. 1977-ci ilin noyabrında şah bir müsahibə verdi - pulumuz var, xərcləyirik, kim görmək istəmirsə, gözünü yumsun. Nəticəsi necə oldu? Bir il keçdi və İranda inqilab baş verdi. Əminəm ki, Azərbaycanın potensialı var. Bu potensial bərqərar olunmalıdır və cəmiyyət öz sözünü deməlidir.

- Tunisdə bir gəncin özünü yandırması bütövlükdə Yaxın Şərqi yandırdı. Azərbaycanda bir Qarabağ qazisinin özünü yandırmasına cəmiyyət yetərincə reaksiya vermədi. Yoxsa, hər şey qabaqdadır?

- Zülm ərşə dirənəndə, haqsızlığın həddi olmayanda insan vəziyyətdən çıxışın qeyri-adi yollarını axtarmağa başlayır. Qarabağ əlilinin aksiyası bunun ifadəsi idi. İnsan Qarabağ uğrunda savaşlarda odun, alovun içindən çıxıb. Hakimiyyət belə bir qəhrəmanın yaşamaq haqqını niyə tanımır? Hansısa münaqişəli məqam varsa, onun problemini həll edin. Bu insan müharibə əlilidir və qanını torpaqlarımızın müdafiəsində töküb. Bu torpaq onun kimilərin qanı ilə sulanıb.

- Cəmiyyət yetərincə reaksiya verdimi bu aksiyaya?

- Cəmiyyət yetərincə reaksiya vermədi. Görünür, Tunis üçün bir göyərtisatan Azərbaycan üçün vuruşub əlil olan şəxsdən daha qiymətli imiş. Tunis cəmiyyəti ilə Azərbaycan cəmiyyətinin fərqi də elə budur. Son 2-3 ildə Azərbaycanda baş verənlərin kökündə çörək axtarışı deyil, ədalət axtarışı durur.

“Gənclər o dərəcədə önə keçirlər ki, yaxın gələcəkdə prosesi onlar idarə edəcəklər”


- Dövlət başçısının çıxışının ritorikası vaxtaşırı dəyişir. Son vaxtlar daha çox sosial ədalətdən danışıb...

- Mən istəməzdim ki, Türkiyədəki proseslərin bənzəri bizdə də təkrar olunsun, hökumət böhranı yaransın. Dövlət olmaq nə deməkdir? İctimai rəy nəzərə alınmalıdır. Mətbuat ona görədir ki, dövlət, hakimiyyət özünü aynada görə bilsin. Türkiyədəki proseslərlə Azərbaycanın fərqi ondadır ki, bizdə eyni proseslərin iştirakçısı nazir övladları deyil, nazirlərin özləridir. Dəfələrlə, yerli və xarici mətbuatda Azərbaycan məmurlarının korrupsiya bulaşması faktları aşkarlanıb. Çoxsaylı materiallar dərc olunub. Nəyə bu faktlar araşdırılmır?

- Yenə də cəmiyyətin passivliyi məsələsinə gəlirik. Türkiyədən fərqli olaraq, Azərbaycan cəmiyyəti baş verənlərə yetərincə reaksiya vermir. Cəmiyyətə nə lazımdır? Seçkiyə tam tərkibdə gəlmir, səslərinin qorunması aksiyasında yetərincə təmsil olunmur, əsgər ölümləri ilə bağlı aksiyada kifayət sayda iştirak etmir, Qarabağ qazisinin özünü yandırmasına seyrçi qalır. Cəmiyyəti durğunluqdan çıxartmaq üçün hansı addımlar atılmalıdır və yaxud daha nələr baş verməlidir ki, insanlar etiraz edə bilsinlər?

- Sən mənə bir telekanal ver və mən bir aydan sonra cəmiyyəti meydanlara töküm.

- Yaxın Şərqdə də müstəqil telekanallar mövcud deyildi. Lakin insanlar küçələrə axışdılar. Bəlkə, telekanaldan daha çox ideya yoxluğu problem yaradır. Yaxın Şərqdə cümə namazı hamını birləşdirirdi. İslam da birləşdirici amil idi. Bizdə belə bir amil tapmaq vaxtı çatmayıbmı?

- İdeya axtarışı hər zaman lazımdır. Lakin cəmiyyətdə hər evə çıxışı olan bir vasitə lazımdır. Bu da məhz telekanaldır. Hakimiyyət televiziyanın gücünü bilir, elə buna görə də bütün kanalları özünə tabe etdirib, sərt bir nəzarət qurub. İctimai dəyişikliklərə gedən yol telekanallardan keçir. Mətbuat böyük iş görür, amma televiziyanın effekti ayrıdır. Son seçkilərdə cəmiyyət də bunun şahidi oldu. İndi informasiya əsridir. Telekanal zəhmət çəkib oxumaq tələb etmir. Hər kəs evində rahat oturur və prosesləri evindən izləyir. Demokratik dəyişiklikləri ehtiva edən verilişə vətəndaş öz evində baxmalıdır. Bu çox mühümdür. Niyə gənclər son zamanlar önə keçdilər? Gənclər özləri üçün minimal da olsa bu şəraiti yaratdılar, sosial şəbəkələr vasitəsilə öz fəaliyyətlərini qura bildilər. Təsadüfi deyil ki, sosial şəbəkələrin fəal iştirakçılarının əksəriyyəti gənclərdir. İndi tendensiya başqadır. Artıq gəcləri arxanca aparmaq çətindir. Gənclər o dərəcədə önə keçirlər ki, yaxın gələcəkdə prosesi onlar idarə edəcəklər.

- Yəni forma və keyfiyyətcə yeniləşmiş Nemət Pənahlı meydana çıxa bilər?

- Söhbət liderdən də getmir. Bir güc kimi gəncliyin siyasi müstəvidə olmasından gedir. Həmin güc dəyişikliklərdə mühüm rol oynamaq imkanına malik olacaq.

- Belə gənclik neçə faizdir ki?

- Gəlin məsələni belə qoyaq - dəyişiklik üçün neçə faiz tələb olunur...

- ...Dəyişiklik üçün neçə faiz tələb olunur?

- Azərbaycan əhalisinin 5 faizi ictimai, sosial baxımdan fəal olsa, dəyişiklik labüd olacaq.

- 450 min nəfər... Kritik kütlə ölçüsü sizcə 450 min nəfərdir?

- Bəli. Bu ən yuxarı həddir. Mən 5 faizdən danışdım. Hətta 3 faiz də dəyişiklik üçün kifayət edir. Bir nümunə deyim sizə. Vaxtilə, xanın məktubunu poçt qutusuna sala bilməyən Novruzəli ilə bu gün internetdən istifadə edə bilməyən azərbaycanlı arasında elə də böyük fərq yoxdur.

- Olduqca maraqlı məqama toxundunuz. Dini lideri Şeyx Nəsrullaha, məmuru Xudayar bəyə, orta statistik vətəndaşı Novruzəliyə bənzəyən millətin demokratiya quracağı ehtimalı varmı? Mərhum Elmar Hüseynov vaxtilə yazırdı ki, bu gün “Leyli və Məcnun”, “Əsli və Kərəm” aktualdırsa, bu gözəldir, eşq ideyası həmişəyaşardır. Lakin Mirzə Ələkbər Sabir, Mirzə Cəlil aktualdırsa, deməli, millətdə heç bir inkişaf getməyib...

(davamı gələn sayımızda)

Azər RƏŞİDOĞLU


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR