İnsanlara hürriyət, millətlərə istiqlal!

“ŞƏKİLİ OLSAM DA, XÖRƏK BİŞİRMƏKLƏ ARAM YOXDUR”

1784 29.06.2009 08:44 Müsahibə A A

Özü demişkən, ailələrində ən müxtəlif cəbhələrin nümayəndələri var. 7 bacı-qardaşın hərəsi fərqli siyasi baxışları bölüşür. Onlardan Xalq Cəbhəsinin müxtəlif qollarında olanı da var, Müsavat ideyasının daşıyıcısı da, YAP-çı da. “Bir qardaşım oğlu YAP-çıdır. Qardaşımın yoldaşı hər dəfə Heydər Əliyevin şəklini görəndə silir, ağlayır. O qədər onun vurğunudur. Mənim necə adam olduğum bəllidir”, - deyərək gülür.

- Fərqli siyasi baxışlarınız ailədə qalmaqal yaratmır ki?

- Amerikanın Azərbaycandakı səfirliyində Qrek Diker vardı. Bir dəfə o, bizə, Şəkiyə getmişdi. Ailə üzvlərimizin söhbətlərini xeyli müşahidə etdikdən sonra dedi ki, mən məəttəl qalmışam, siz çox sakitcə müzakirələr aparırsınız. Dedim ona görə ki, ailəmizdə böyük-kiçik yeri var. Siyasi baxışlar fərqli olsa da, böyük-kiçik yeri hər şeyi tənzimləyir. Bizim böyük qardaşımıza “qaqaş” deyirik, mən də bacıların böyüyü olduğumdan “bacı” deyirlər. Hələ də mən böyük qardaşımı görəndə onun qarşısında uşaq kimi dayanıram. Fərqli fikirlərə görə də mübahisələrə yer qalmır. Həyat özü sübut edir hər şeyi. 5 il əvvəl mənim çox kəskin şəkildə qaldırdığım problemlər vardı. O zaman iqtidaryönümlü qohumlarım vəziyyəti gördülər. Daha indi mənim qarşımda danışa bilmirlər. Azərbaycanda rüşvətin necə artdığını hamı görür. İndi özləri bir qapıya gedəndə rüşvət verməli olurlar.

- İctimai-siyasi fəaliyyətlə məşğul olan xanımların içində ən çox təzyiqlərə məruz qalan, hədələnən, döyülən qadın saymaq olar sizi...

- Vaxt olub ki, mən bacı-qardaşlarımın evinə getməmişəm. 1995-98-ci illlərdə olub bu.  İstəməmişəm ki, onlar iş yerlərini itirsinlər. Ailəmə qarşı ki, bu boyda təpkilər oldu. Qızım Saranı “Azneft” istehsalat birliyində döyüb pilləkəndən itələmişdilər. Sonra Allah hamısının bəlasını verdi. Ona görə də qurban olum Allahıma, ona arxayınam. Vaxtilə mənə, ailəmə basqın eləyənlər cəzalarını aldılar. Həm öz “ağa”larını aldatdıqları üçün cəzalandırıldılar, həm də Allahın bəlasına düçar oldular. Qız nəvəmin üç yaşı vardı Saranı işdən çıxaranda. O, bağçaya getmək istəyirdi, deyirdi nənə, məni də bağçada döyəcəklər. Amma şükür Allaha ki, hər şeyi yerinə qoydu. Qızım da, oğlum da dindardır. Hələ onların balaca uşaqları da. Nəvələrimi görəsən bir necə namaz qılırlar.

- Kimdən gəlmədir dinə meyillilik?

- Ana babam molla olub. Anam da dini ayinlərə əməl eləyən xanım idi. Amma şad oldum ki, dini bu evə qızımın əri gətirdi.

- Özünüz də ibadət edirsiniz?

- 5-6 ildir oruc tuturam. Bir ara namaza da başlayırdım, işimlə bağlı alınmadı. İnşallah,  namaz qılmağa başlayacağam. Mən o dünyam üçün çalışan adamam.

- Siz də QHT rəhbərisiniz və baş verənləri də görürsünüz. Narahatlığınız varmı?

- İnanın, mən həmişə özümdən çox, ətrafımı fikirləşirəm. Deyirəm Allahım mənə versin, mən də kiməsə yardım edim. Bir ailə var. Qohum olaraq evləniblər, 6 yaşlı uşaqları sağalmaz xəstəliyə düçar olub. Gecə-gündüz düşünürəm ki, onlara nəsə eləyim. İndi bir balaca yol açmışam. İnşallah, onlara yardım göstərmək niyyətindəyəm. Digər tərəfdən, bizim QHT-dən 50 nəfər əməkhaqqı alır. Allahıma yalvarıram ki, bu pis zəmanədə imkansızlara, əlacsızlara əl tuta bilim. Bu dünyada insan çox çalışır. Amma o dünya üçün də çalışmaq lazımdır.
Bayaqdan həyətdəki samovarın qaynamasına diqqət edən və söhbətə qəti müdaxilə etməyən sakit görkəmli həyat yoldaşına işarə edib növbəti sualı verirəm:

- Azərbaycan mühitində işgüzar xanım olmaq elə də asan deyil. Bu mənada həyat yoldaşınızla probleminiz yaranmayıb ki? Heç sizə “qaxıl otur evində” deyibmi?

- Əvvəl çox problemlər olurdu. Polis məni xuliqanlığa görə həbs edib, möhkəm döyülmüşəm. Mitinqdə aldığım zərbədən başımda hematoma əmələ gəlib, polis dəyənəyinin yeri hələ qalıb. Yasamalda “Mitinq Çingiz” vardı ha, o həbs etdirmişdi məni. Təbii ki, çox ağır günlər idi. Amma mən həyatım boyu aktiv olmuşam, hələ komsomol vaxtından. Yoldaşım qardaşımla bir qrupda oxuyub, ailəmizə yaxından bələd olub, gözünün qabağında olmuşam. Vaxtilə o da mənə görə əziyyət çəkirdi. Amma bütün bunlara dözüb. O olmasaydı, mən neylərdim? Bir də qurban olum balalarıma. Mənim oğlum yoxdur, amma iki qızım hər zaman mənə arxa olub. 2003-cü il hadisələrində lap çətin günlər yaşadıq. Onda polislər məni vuran yerdə çex jurnalistlər şəklimi çəkib sonra göndərmişdilər. Həmin şəkli Zamin Hacı çərçivəyə salıb sonra mənə bağışladı, indi evdə durur. Başımdan aldığım zərbədən reanimasiyaya düşmüşdüm. Bütün bunlar olub.

- Keçdiyiniz yola nəzər salanda nələr keçir qəlbinizdən?

- Mənim şikayət eləməyə haqqım yoxdur. Kim qolumdan tutub buraya gətirib? Siyasətdə, jurnalistikada, ya QHT-də əzilən heç kəsin haqqı yoxdur ki, şikayət eləsin? Normal mühitlərdə şikayətlənmək olar. Ancaq biz bu mühiti göz altına alıb gəlmişik. Amma ona da haqqım yox idi ki, mənə görə balam əziyyət çəkəydi. Mənə görə döyülüb işdən çıxarılaydı. Amma bu, mənim həqiqətimdi. Necə ki, deyirlər hər kəsin öz həqiqəti var. Bununla belə, Allah mənə qarşı haqsızlığa yol verənlərin cavabını verdi. Quranda da var ki, hökm verənlər Allah qarşısında başqa cür sorğularla üzləşəcək, onların cəzası böyük olacaq. Mən kimlərlə ki, bir sırada olmuşam, hamıya minnətdaram. Gözəl insanlardan çox şey öyrənmişəm. Siyasi partiyalardakı fəaliyyətim, güclü siyasətçilərin yanında oturmağım mənə çox şey öyrədib. Milli Müqavimət Hərəkatında olmuşam. Allah Əbülfəz bəyə rəhmət eləsin. SİDSUH-da katib idim. Orda böyük siyasətçilər vardı. Demkonqresdə ADİP-i təmsil eləmişəm. ADP-nin üzvü olmuşam. Milli azadlıq hərəkatında olduğuma görə də fəxr edirəm. Bu gün QHT kimi fəaliyyətimdə də öyrənirəm. Amma siyasi fəaliyyətim vaxtı öyrəndiklərimi heç vaxt unutmaram. Ordakıların hamısına borcluyam. Mən İsa bəy olan yerdə də oturmuşam, Əli bəy olan yerdə də. Özü də hadisələrin qaynar vaxtında SİDSUH-un iclaslarını mən protokollaşdırmışam. O illər mənim üçün çox gözəl bir həyat dərsi oldu.

- Bu həyat dərsindən bir “dərslik” yazmaq istəmirsiniz?

- SİDSUH-un protokollarını saxlamışam. Amma özüm yazmağa həvəsim yoxdur. Yazmaqdan zəhləm gedir . Sovet vaxtı birləşmiş həmkarlar təşkilatının sədri işləmişəm, komsomolda çalışmışam, keçmiş Orcanikidze rayonunda deputat olmuşam. İki kəlmə yazanda ürəyim partlayır. Bəzən Leyla xanımla (Yunus-E.P.) da oturub Cəbhə vaxtından danışırıq. O sualı ona da verirəm ki, Leyla, sən nəsə yazmağa hazırlaşmırsan? Çünki keçdiyimiz yol tarixdir və bəzən tarix təhrif olunmuş şəkildə övladlarımıza çatdırılır.

- Müsavat başqanının Xalq Cəbhəsini bərpa etmək təşəbbüsünü necə qarşıladınız?

- Normal təşəbbüsdür. Amma düşünmürəm ki, baş tuta bilər. Çünki ötən dövrlərdə siyasətdə sürüşkənlik də çox olub, məqsədli qurumlar da yaradılıb. Düzdür, mənim həmyerlim Hikmət Hacızadə konsepsiyasını da hazırlamağa hazır olduğunu dedi. Bütün bunlara baxmayaraq, Xalq Cəbhəsini bərpa təklifi Azərbaycan iqtidarına çox gözəl bir mesaj idi.

- Həmyerli demişkən, sizin şəkili olduğunuz söhbət əsnasında qəti hiss olunmur.

- (Gülür) Bunu bilməkdən ötrü mənimlə Şəkiyə getmək lazımdır. Mən yerlipərəst deyiləm. Amma elə bilirəm ki, Şəkidəki ocağımızda bir ovuc torpağı ürəkdən sevməsəm, bütöv vətəni də sevə bilmərəm. İnsanın torpaq, vətən sevgisi elə öz qapısından başlayır. Mən hər il Şəkiyə gedirəm. O şəhər qapısından keçdimsə, özümdən asılı olmadan dərhal “muzıkalnı” danışıq başlanır. (Gülür)

- Şəki lətifələri ilə aranız necədir?

- Qulaq asmağı xoşlayıram. Amma yadımda qalmır. Mən daha çox atalar sözlərindən istifadə edirəm. Bir köməkçim var, deyir hər sözdən sonra bir atalar sözü deyirsiniz. Yeri gələndə Şəki lətifələri yadıma düşür. Bir də Şəkinin ləqəbləri. Şəkidə ləqəbsiz adam yoxdur. 2000-ci ildə Şəki hadisələri baş verəndə mən Norveçdəydim. Gəldim, gecəykən Şəkiyə getdim və tutulanlar haqda araşdırmalara başladım. Bir dənə familiyalı adam tapa bilmədim. Tutulanların ilkin siyahısını ki, hazırlamışdım və Leyla xanıma vermişdim, hamısı ləqəblərlə idi. Elə mənim atam Üzeyirdir, Dodulu Üzeyir deyirlər.

- Eşitdiyimizə görə, bir dəfə kişinin başına müsibət gəldiyini zənn edib aləmi bir-birinə qatıbsınız, amma məlum olub ki, o, öz kefindəymiş...

- (Ürəkdən gülür) O tək olmayıb, çox olub. Uşaqlar balacaydı, ataları evə gecikən kimi deyirdilər “kollektor partlayıb”. Neftçidir. Həmişə gecikəndə deyirdi ki, “kollektor partlayıb, xamut qoyuram”. Bir dəfə də gecə yarıdır, 1, 2 oldu, gəlib çıxmadı. Ora-bura zəng etdik, bütün qohumları yığdıq, səhər saat 4-də bir də gördük kişi gəlib çıxdı. Abırını ətəyinə bükdük. Dedi məni neynirsiniz e. Bir dəfə də mən ADP-də olanda Amerikaya getməliydim. ADP-çilərin də bir adəti vardı, xəbəri gizli saxlayırdılar, sonra bomba kimi partladırdılar. Evdə də kişiyə deməmişdim ki, Amerikaya gedirəm. Hazırlaşıb çıxanda soruşdu ki, xeyir ola, Şəkiyə gedirsən? Dedim yox, Amerikaya. Kişiyə elə bil barıt qoydular.

- Gələndən sonra cəzalandırmadı ki?

- Yox, xaraktercə yumşaq adamdır. Dediyim kimi ailəmizin içində olub, hamımızı tanıyıb. Təkəbbür kimi çıxmasın, ömrü boyu fəxrlə deyirəm ki, Azərbaycan neftinin tarixində mən yüksək vəzifə tutan yeganə azərbaycanlı qadın olmuşam. Mən Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini olmuşam. Hansı ki, orda 70 min insan işləyirdi. Onadək o vəzifəni ya erməni tuturdu, ya rus. O vəzifəyə də məni ARDNŞ prezidenti Sabit Bağırov götürmüşdü. Əlimi ürəyimin üstünə qoyub deyirəm ki, 1992-94-cü illərdə Neft Şirkətində bir manat da olsun rüşvət olmayıb. Rüşvəti o vaxt alırlar ki, rüşvət verirsən. Mən rüşvət verib işə girməmişdim axı. 

- Qızınız, “Qadın Krizis Mərkəzi”nin rəhbəri Mətanət Əzizova qeyri-hökumət təşkilatı yaradanda münasibətiniz necə oldu?

- Mən çalışıram ki, onların işinə bir o qədər qarışmayım. Amma o qədər təhlükə ilə üzbəüz olmuşam ki, bu günədək maraqlanıram ki, Mətanət, həyat yoldaşı evdədir, ondan sonra rahatlanıram. Hər zaman düşünürəm ki, kimisə tuta, həbs edə bilərlər. Mətanətin özünün canında, qanında var fəallıq. Həm də onun yetişməsində Leylanın böyük köməyi olub. İndi, Maşallah, özünün hesabatları beynəlxalq səviyyədə səslənir.

- Bu sualı verdiyimə görə bəlkə kimsə məni qınayar. Amma yeri gəldi deyə, cavab almalıyam, Azərbaycanda sizintək saç düzümü olan ikinci xanım varmı?

- (Ucadan gülür) Şəkidən Bakıya gələndə mənim çox uzun hörüklərim vardı. Özü də qıvrım, qara, qalın saçlarım olub. Həmişə saçımı yuyanda anam dəmir daraqla darayırdı, aça bilmədiyi üçün başıma bir yumruq vururdu. Birinci dəfə Bakıda saçımı kəsdirəndə ailəm tərəfindən yaxşı təzyiqə, tənqidə məruz qaldım.1998-ci il idi. Saçımı vuran qızımın rəfiqəsiydi. Saçım qısa alınanda pərt oldu. Qız özünü itirdi, dedim bir şeyi ki, Allah verib, sonra uzanacaq. Gördüm ki, çox rahatdır. O vaxtdan...Səhər durub əlimi saçıma çəkirəm, çıxıram evdən. Saçıma vaxt itirmirəm. Azərbaycanda bir dənə məndədir bu saç düzümü. Düzdür, əvvəllər rayona gedəndə qardaşım yalvarırdı ki, bacı, səni mamanın qəbri, yola çox çıxma. Sonra şəkililər də öyrəşdi. Adımı unudanda da məni saç düzümümdən tanıyırlar. Bəzən yuxuda görürəm ki, mənim də saçlarım var. Amma indi nəvəmi qoymuram saçını kəsdirsin. Deyirəm nə qədər mən sağam hörüyünü kəsmə.

- Aksiyalar üçün darıxmırsınız ki?

- Ürəyim gedir. Bir dəfə Amerikadaydıq. Kornegi Fondundan çıxanda gördüm kimlərsə aksiya keçirir. Mən də onlara qoşuldum. Onlar nə deyirdilər, bilmirəm, mən “istefa” qışqırırdım. Sonra mənimlə olan azərbaycanlılar o qədər güldülər ki. Dedilər deyəsən ürəyini sakitləşdirirsən. 

- Daim iş-gücdə, səfərlərdə. Bəs, evin qayğılarını, biş-düşü kim eləyir?

- Bayaq gördün ki, samovara od sala bilmədim. Qabaqlar qonaq gələn kimi bacımı çağırıb mətbəxə salırdım. Sara qızım da o qədər nadinc idi ki, inanmırdım nə vaxtsa xörək bişirə bilər. Elçi gələndə dedim, a bala, bu, futbol oynayır, velosiped sürür. Camaat qızını tərifləyir, mənsə əksini danışırdım. Çünki ərə vermək istəmirdim. İndi şükür eləyirəm. Səhər çıxıb axşam gəlirəm, hamısını qızım eləyir. İndi süfrə açmaq da yadımdan çıxıb. Mətanət xörək bişirməkdə anasına oxşayıb, amma Sara yox. Şəkili olmağıma baxma, xörək bişirməklə aram yoxdur. Amma sənə deyim ki, Söylü demişkən, qəsdinə dursam, Şəkinin xörəklərini bişirərəm (Yenə gülüşmə).
Samovar çayından sonra söhbətimiz Sara xanımın açdığı süfrə ətrafında da davam elədi. Mirvari xanım 1974-cü ildən həyətində bəslədiyi nəhəng tısbağasından, bir cüt kirpisindən və 6 ədəd rəngbərəng pişiyindən də danışdı. Hələ son vaxtlaradək “Buldok” cinsindən olan iti də varmış. Bapbalaca bağçasında bəslədiyi meynələr, gül-çiçəklər, çiyələk kolları da onun əməyinin bəhrəsiymiş. Kəsəsi, mini-zoopark və nəbatət bağı yaradıb həyətində. Təbii ki, ömür-gün yoldaşı Mürşüd əminin köməkliyi ilə.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR