İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhriyar Əbilov: “Ailəli qadına heç vaxt yaxın durmaram, çünki...”

12305 17.07.2016 17:52 Müsahibə A A
Tamaşaçılar onu “Qəfəs” realiti-şousundan tanıyıblar. Yarışmada ikinci olduqdan sonra özünü teleaparıcı kimi sınayan müsahibim “Böyük səhnə”, “Big şou”, “Oyuncaq” kimi verilişlərlə tamaşaçıların görüşünə gəlib. İki ildir ki, veriliş aparıcılığından uzaqlaşan Şəhriyar Əbilovla klip təqdimatlarının birində biraraya gəldik. 

Musavat.com saytının suallarına cavab verən teleaparıcı ilə söhbətə yeni layihəsindən başladıq: 

- İki ilə yaxındır ki, tamaşaçılar sizi televiziyada aparıcı olaraq görmür. Ötən günlərdə isə sosial şəbəkədə yeni verilişinizin anonsunu verdiniz.

- Veriliş haqda yazmışdım, sonra tez də sildim. Çünki hələ sual altındadır, ATV rəhbərliyindən cavab gözləyirəm. Layihə təsdiqlənmək üzrədir, dəqiq məlumat biləndən sonra bu haqda geniş danışacağam. Onu deyim ki, alınsa, tamaşaçıları maraqlı, əyləncəli gecə şousu gözləyir. 

- Televiziyamızda verilişlərin çoxu xarici layihələrin bir variantıdır. Sizin proqramın oxşarı var, yoxsa yeni ideyadır?

- Dünyanın bütün ölkələrində proqramlar bir-birinə oxşayır. Amerikanın 10 telekanalında gecə şousu var. Başqası “Prado” sürürsə, o demək deyil ki, mən sürməməliyəm. Mən o avtomobili daha səliqəli və səviyyəli şəkildə sürmək istəyirəm. İnşallah, çalışacağam ki, indiyə kimi özümün və həmkarlarımın səhvlərini buraxmayım. Tamaşaçıların tam zövqünə uyğun proqram hazırlayım. Hazırda televiziyada boşluq çoxdur, o boşluğu doldurmaq lazımdır. İnsanlar artıq televizoru “İnstagram” və “Facebook” ilə əvəz edib, onların televiziyaya olan marağını qaytarmaq lazımdır. Bəzən deyirlər ki, sosial şəbəkələr güclənib, ona görə televiziyaya maraq yoxdur. Əslində isə, elə deyil. Dünyanın hər yerində sosial şəbəkələrdən istifadə olunur, amma televiziyada sanballı proqramlar var və layihələr də reytinq verir. Biz də o dönəmi qaytarmalıyıq. Mən də digər zövqlü və dəyərli aparıcılar kimi bu missiyanı boynuma götürürəm.

- Müsahibələrinizin birində demişdiniz ki, sonuncu təqdim etdiyiniz “Oyuncaq” verilişi reytinqli olsa da, şirkətlər sponsorluq etmək istəmirdi. Çünki qalmaqaldan uzaq, maarifləndirici idi. “Oyuncaq” sponsorsuz qaldığı üçün bağlandı. Yeni verilişinizin aqibətinin eyni olma ehtimalı sizi narahat etmir?

- Sponsorlar səs-küylü, qalmaqallı və gündəlik verilişlərə üstünlük verir. Düşünürəm ki, həftədə bir dəfə efirə gedəcək, sanballı verilişə özləri gələcək. Biz (biz deyəndə teleaparıcı Cavid Gülü nəzərdə tutur) “Big şou” verilişinə başlayanda sponsorumuz yox idi, heç bir şirkətə də müraciət etməmişdik. Düşündük ki, layihəni maraqlı etsək, sponsor özü gələcək. Elə də oldu. Avtomobil şirkəti gəldi, həftəyə 500 min manatlıq bir maşın satırdı. Onu kasıb təbəqə almırdı, imkanlı və yuxarı təbəqə alırdı. Biz hər kütləyə işləməyi bacarmalıyıq, tamaşaçının istədiyini deyil, ona lazım olanı verməliyik. Biz telelayihəni nə qədər maraqlı və zövqlü etsək, digər teleaparıcılar da rəqabətə girəcək. Yəqin, yeni mövsümdə digər telekanallar da yaxşı verilişlərə start verəcəklər. Biz sağlam rəqabət aparmaq istəyirik, heç kimi pisləmədən, heç kimə oxşamadan maraqlı şou hazırlamaq istəyirik. 

- Bir az da aktyorluq fəaliyyətinizdən danışaq. Sizin də rol aldığınız “Xoxan” filminin davamı “Naxox” çəkilir. İkinci filmdə də çəkilirsiniz? Şəhriyar yenidən tamaşaçı qarşısına aktyor kimi çıxacaq?

- “Xoxan”ın ikincisində yoxam. Sağ olsunlar, rol almağımı məsləhət görmədilər. Amma yeni film təklifləri var. Səbirsizliklə gözlədiyim isə payızda nümayiş olunacaq “Mən klounam” filmidir. O film mənim üzərimdə qurulub və özümü başqa tərəfdən görəcəyəm. Ekran işi hazır olsa da, baxmıram ki, kinoteatrda tamaşaçılarla baxacağam. Yüz dəfə baxsam da, həyəcanlı olacağam. Mən demirəm ki, hamını ağladacağıq. Deyirəm ki, ekran işi insanlara təsir edəcək, kimin dünyasına yaxın olacaqsa,  kövrələcək, ağlayacaq. Bu filmin  əsas məqsədi aktyorların çətin həyatını göstərməkdir. Yaradıcı insanın yarını tapmaqda çəkdiyi əziyyətləri və onların yaşadıqları faciələri filmdə göstərəcəyik. İstəyirik ki, yaradıcı insanlar düzgün addım atsınlar, kasıb olsalar, teatrdan 120-130 manat maaş alsalar belə, fəaliyyətlərinə davam etsinlər. İnsan özünə inananda içindəki vulkan püskürür və ətrafa işıq saçır.

- Baş rolu ifa etmişiniz. Tənqidlərə necə hazırsınızmı?

- Bu mənim baş rolunu ifa etdiyim ilk filmim olacaq. Tənqidlərə hazıram. Amma düşünürəm ki, tənqid az olacaq. Tanınan insana qarşı tənqid hər zaman olur. Elə insanlar var ki, formalaşmayıb, qarşısındakı şəxsdə səhv axtarır. Allaha şükür ki, mən özümü tapmışam və sahib olduğumdan daha yaxşı olmağa çalışıram. 

- Son zamanlar məşhurlar onları tənqid və təhqir edənləri təhqir edirlər. Bu da cəmiyyətdə birmənalı qarşılanmır...

- Mən təhqir edənlərə təhqirlə cavab vermirəm. Həmişə saytlarda və sosial şəbəkələrdə yazılan şərhləri oxuyub əsəbləşirdim. İndi gülürəm. Məni təhqir etməyə çalışan insana sevənlərim cavab verir. Kimsə məni qıcıqlandırıb, ucuzlaşmağımı istəyir, amma mən ona istədiyini vermirəm. 100 manat deyilik ki, bizi hamı sevsin. Sevən də olur, sevməyən də. İstəyirəm ki, hər şey axarı ilə getsin. Çalışıram ki, sevməyənlərə də özümü sevdirim. 

- Saç əkdirən tanınmışlardan biri də sizsiniz. Çox zaman kişi sənətçilərin saç əkdirməsi, rənglətməsi, əməliyyat olunması birmənalı qarşılanmır. Səsləndirilən iradlara münasibətiniz necədir? Ümumiyyətlə, Şəhriyarın kompleksi varmı?

- Kompleksim olduğu üçün deyil, yaxşı görünmək üçün saç əkdirmişəm. Nəticəsi yaxşı oldu, lakin seyrək yerlər hələ də var. Yenə də gedib saç əkdirmək istəyirəm. Əməliyyat zamanı keçəl etdikləri üçün tərəddüd içində qalmışam. Saçlarımı uzadıram ki, arxadan yığım. İmicimdə dəyişikliklər etmək istəyirəm. Televiziyaya yeni havada qayıtmaq niyyətindəyəm. Üzərimdə çalışıram, çoxlu mütaliə edirəm. Daha nitqli və savadlı olmaq istəyirəm. İstəmirəm ki, kimsə məndə səhv tapsın. Mənə nəyisə səhv tutanda özümü danlayıram ki, Şəhriyar, niyə səni tənqid etməlidirlər? Üzərində çalış ki, ən yaxşısı olasan. 

- Teleaparıcılar tez-tez nitq qabiliyyətlərinə və geyimlərinə görə tənqid olunurlar... 

- Mən rəsmi danışan aparıcılardan deyiləm, sadə və xalqın dili ilə danışıram. Sadəcə olaraq, nitq qüsurlarının olmamasına çalışıram. Hazırda sizinlə danışanda özümü tərbiyə edirəm, səsim yazıldığı üçün qüsursuz danışmağa cəhd göstərirəm. Ağzımı əyə-əyə danışanları sevmirəm. Nitqimdə Bakı ləhcəsi olsa da, ləhcəsiz danışmağa səy göstərirəm. Aparıcı, aktyor tamaşaçı qarşısına çıxırsa, səliqəli və düzgün olmalıdır. Çünki izləyənlər səndən dərs alır. Adi sosial şəbəkədə paylaşdığımız foto da insanlara nümunə olmalıdır. Bir neçə gün öncə valideynlərimlə birlikdə çəkdirdiyim fotonu “İnstagram”da paylaşdım və elə şərh yazdım ki, özüm də kövrəldim. O foto gözəl ailəni təbliğ edirdi. Valideynlərimi çox sevirəm, yaxşı ki, onların övladıyam. 

- Neçə illərdir ki, ananızdan danışırsınız, kamera qarşısına onunla keçirsiniz. Çoxları atanızın olmadığını düşünürdü. Atanızdan danışmamağızın səbəbi nə idi?

- Mən “Qəfəs” realiti-şousunda olanda elə bilirdilər ki, atam yoxdur. Atam evin böyüyüdür, kişisidir, ondan danışmağımı xoşlamır, kadr arxasında qalmaq istəyir. Amma anamı efirdə tərifləyəndə içində inciyir. Anama deyir ki, “sənin oğlundur” (gülür). Axır vaxtlar atam haqda da fikirlərimi bölüşməyə çalışıram. 37 yaşım var, valideynlərim 38 ildir ki, birlikdədir. Şükür Allaha ki, ibrət olacaq ailəmiz var. Mən də onlardan yaxşı ibrət almışam, atam kişiliyi, bəyliyi ilə mənə dərs keçib, anam da dostluğu, məsləhətləri ilə məni adam edib. 

- İbrətamiz ailəsi olan Şəhriyar 37 yaşı olmasına baxmayaraq, bəs niyə evlənmir?

- Mən hər zaman o qadını axtarıram. Evlənəcəyim xanımı görəndə şok olmaq istəyirəm. Bəzən qarşıma elə xanım çıxır ki, valeh oluram. Yaradıcı olması, gözəl geyinməsi və xanım-xatınlığı məni cəlb edir. Düşünürəm ki, onunla evlənərəm. Sonra məlum olur ki, evlidir. Mən heç vaxt evli qadınlara yaxın durmamışam. Qorxmuşam ki, sabah mən də evlənəndə başıma gələr. Mən tərbiyəli olmalıyam. Subay xanımların isə salamlarını da alıram, tanış da oluram. Xoşuma gələn qadın ya ailəli, ya da yüksək təbəqəyə mənsub olur. Yüksək təbəqəyə aid olan xanıma da yaxın durmuram. Mən ona yaxın dursam, elə başa düşə bilər ki, onun var-dövlətinə və ya yüksək zümrəyə məxsus olmasına görə yaxınlaşıram. İstədiyim həmişə kiminsə olub. Ona görə də axtardığımı tapa bilməmişəm. 

Könül İbrahim,
Musavat.com





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR