İnsanlara hürriyət, millətlərə istiqlal!

Sanksiyalarla sıxılan 2 böyük qonşuya Azərbaycan “nəfəsliyi” - Rəşt-Astara yolu açılarsa...

1317 31.08.2022 09:50 İqtisadiyyat A A

İqtisadçı ekspert: “Bu yol ölkəmiz üçün nəqliyyat habı rolunu oynayacaq”

“Tezliklə İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub Dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikilməsi ilə bağlı üçtərəfli saziş imzalanacaq”. Bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə deyib.

Ş.Əfəndizadənin sözlərinə görə, üç ölkə rəsmilərinin iştirakı ilə Azərbaycanda keçiriləcək iclasda bu dəmir yolunun tikilməsi ilə əlaqədar investisiya haqda müzakirələr aparılacaq. Əfəndizadə əlavə edib ki, İran hökuməti Şimal-Cənub Dəhlizinin İran hissəsini aktivləşdirib. Bu dəhlizdə dəmir yolu tikilməyən yeganə hissə İranın Rəşt-Astara dəmir yoludur. Nazir müavini bildirib ki, İran Çin və Rusiya ilə ticarət və tranzitini artırmaq niyyətindədir. Bu baxımdan Şimal-Cənub Dəhlizi ölkə üçün böyük əhəmiyyət kəsb edir.

“İran gələn ildən İran və Rusiya arasında 30 milyon ton məhsulun tranzit olunmasını məqsəd götürüb. Bu məqsədə çatmaq istiqamətində addımlar atılır”,- deyə o qeyd edib.

Rəşt-Astara (İran) dəmir yolunun inşası ilə Şimal-Cənub Dəhlizi tamamlanmış olacaq. Belə ki, Rəşt-Astara dəmir yolu Şimal-Cənub Dəhlizinin əsas hissəsini təşkil etməklə, Qəzvin-Rəşt dəmir yolunun davamıdır. İranın Fars körfəzi sahilindəki Bəndər Abbas və Oman dənizi sahilindəki Çabahar limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə tranzit olaraq ölkəmiz ərazisindən daşınacaq. Odur ki, yolun inşasının sürətlənməsi üçün Azərbaycan da sərmayə yatırmaq niyyətindədir.

Nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanması və hələ də davam etməsi fonunda geoiqtisadi vəziyyət xeyli dəyişib, Asiya və Avropanı birləşdirən ənənəvi ticarət marşrutlarını əvəzləyəcək yeni marşrutlara ehtiyac yaranıb. Bu baxımdan hazırda Azərbaycanın tranzit imkanları sərt sanksiyalar altında olan Rusiya, İran üçün önəmlidir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tam gücü ilə işə düşməsindən sonra Hindistan, Cənub-Şərqi Asiya və Fars körfəzi dövlətləri də yük daşınmasında fayda əldə edə bilərlər. Yeri gəlmişkən, dəhlizin ilin sonunda təhvil verilməsi nəzərdə tutulur. Hazırda bu, Rəşt-Astara dəmir yolunun istismara verilməsindən asılıdır.

Söz düşmüşkən, Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulması, İran Astarası ilə Azərbaycan Astarası arasında dəmir yolu xəttinin çəkilməsi, Ələt-Astara magistral yolunun inşası da bu layihənin tərkib hissəsidir.

Rusiya prezidenti Vladimir Putin İrana səfəri zamanı bu məsələyə diqqət çəkərək bildirmişdi ki, Rusiya Şimal-Cənub Nəqliyyat Dəhlizinin işə salınması üçün Rəşt-Astara dəmir yolunun İran ərazisindən keçən hissəsini tikməyə hazırdır: “Rusiya Şimal-Cənub Dəhlizinin işə salınması üçün Cənubi Qafqazda İrana gedən nəqliyyat infrastrukturunun bərpası ilə məşğul olur. Bu, İranın cənub limanlarına, oradan isə Fars körfəzinə və Hindistana gedən qısa marşrutdur. Rəşt-Astara İran ərazisində 146 kilometrlik kiçik bir hissədir. Azərbaycan bu hissənin tikintisində maraqlıdır. Bu yaxınlarda biz Xəzər Sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşərkən bunu da müzakirə etdik. İran da bu məsələdə maraqlı olduğunu təsdiq edib. Yolun istismara verilməsi ilə Rusiyanın şimalından, Peterburqdan birbaşa Fars körfəzinə çıxacağıq. Məsələ cəmi 146 kilometrlik hissəni tikməkdədir. Rusiya tərəfi bunu etməyə hazırdır, tikinti şərtləri haqqında razılıq əldə etmək qalır".

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

 Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, İran ərazisində və Fars körfəzində yerləşən Bəndər-Abbas limanından şimala, yəni Baltik dənizinə qədər, oradan da əks istiqamətdə yüklərin daşınması dəmir yolu xəttindən çox asılıdır: “Bu yol Azərbaycan üzərindən keçəcək və ölkəmiz üçün nəqliyyat habı rolunu oynayacaq. ”Şimal-Cənub" dəhlizinin aktiv işləməsi üçün dəmir yolu xətlərinin işlək vəziyyətdə olması vacibdir. Bunun üçün ən vacib elementlərdən biri olan İran ərazisində Fars körfəzi limanları ilə digər dəmiryolu xətlərinin, o cümlədən, Azərbaycana qədər uzanan Rəşt-Astara dəmir yolunun birləşməsinə ehtiyac var. Əgər rəsmi Bakı ölkəmizi gələcəkdə böyük nəqliyyat şəbəkəsinə çevirmək istəyirsə, həm “Şimal-Cənub”, həm də “Şərq-Qərb” xətləri vasitəsilə ölkəmiz üzərindən keçən tranzit yüklərinin hansı əhəmiyyətə malik olacağını hesablamalıdır. Çünki bununla Azərbaycan əlavə iqtisadi və coğrafi üstünlüklərə malik olacaq, eyni zamanda bu üstünlüklərdən istifadə etmək üçün əlavə imkanlar yaranacaq".

Ekspertin fikrincə, hazırda inşası davam edən Zəngəzur dəhlizi də gələcəkdə bu xəttə qoşula bilər: “Bu dəhlizin inşası başa çatan kimi ölkənin dəmir yolu şəbəkəsinə birləşəcək. Rəşt-Astara dəmir yolu da Azərbaycan ərazisinə keçərsə, bu şəbəkə ilə qarşılıqlı şəkildə əlaqələndiriləcək. Bu dəmir yoluna yatırılan sərmayədən Azərbaycan müəyyən zaman çərçivəsində gəlir əldə etməyə başlayacaq. İlk növbədə tranzit gəlirləri arta bilər. Azərbaycan rəqibləri ilə bu məsələdə daha çevik davranmalı, tranzit qiymətlərini ucuzlaşdırmalıdır. Bunun üçün də dərhal ”Yaşıl dəhliz" sisteminə keçilməli və tranzit keçidləri üçün əlverişli şərait yaradılmalıdır. Yükün Azərbaycana tez keçməsi üçün çevik işləyən elektron portal yaradılmalıdır, həm də tariflər ucuzlaşmalıdır. Yükdaşıyanlar da zaman və qiymət kriteriyalarına uyğun olaraq, yükü hansı dəhlizlə - Şimal-Cənub yaxud  Şərq-Qərb dəhlizi ilə göndərəcəyini seçməlidir. Bu baxımdan üstünlüyümüz göz önündədir".

Qeyd edək ki, bugünlərdə mütəxəssislərdən ibarət Rusiya nümayəndə heyəti İrana səfər zamanı Rəşt-Astara dəmir yolu xəttinin tikintisi ilə yerində maraqlanıblar.

Rusiya Rəşt-Astara dəmir yolunun tikintisində iştirak edəcək - AZƏRTAC

Abbas Xətibi

İranın Dəmir Yolu Tikintisi Dövlət Şirkətinin direktor müavini Abbas Xətibi deyib ki, Rusiya Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tezliklə inşa etdirilib başa çatdırılmasında maraqlıdır: “Yolun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Rusiya bu yolun elektrik xətlərinin çəkilməsi ilə yanaşı, onun tikintisinin sürətləndirilməsi üçün yardım edəcək. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan bu yolla yüklər Rusiyadan Fars körfəzi ölkələrinə, Hindistana və digər Cənub Şərqi Asiya ölkələrinə daşınacaq".

Bu arada yolun tikintisi üçün maliyyə vəsaitinin ayrılmasına maneə yaradan səbəblər kifayət qədər ciddidir. Belə ki, İrana tətbiq olunan iqtisadi sanksiyalar fonunda Rusiya 160 kilometrlik Rəşt-Astara dəmir yolunun tez bir zamanda istifadəyə verilməsinə çalışır ki, Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirsin. Nəticədə bu yol Rusiya, Azərbaycan və İranın dəmir yolları sistemlərini birləşdirəcək. Azərbaycan tranzit ölkə olaraq üzərinə götürdüyü öhdəlikələri yerinə yetirib. Yol hazır olduqdan sonra hər 3 dövlətin ticarət və tranzit əlaqələri artacaq ki, bu da büdcə gəlirlərinə əlavə valyuta axınını təmin edəcək.

Xatırladaq ki, daha öncə İran prezidentinin birinci müavini Məhəmməd Müxbir Gilan əyalətinin başçısı və digər rəsmiləri ilə görüşdə demişdi ki, hökumət dəhlizin şimaldan cənuba olan hissəsinin sürətlə işə salınmasını istəyir. Belə olduğu halda İran beynəlxalq dəhlizlərin böyük faydalarından və tranzit gəlirlərindən qazanc əldə edəcək.

İranın Ticarət Palatasının sədri Azərbaycana gəlir (ÖZƏL)

Qulam-Hüseyn Şafei 

İran Ticarət Palatasının rəhbəri Qulam-Hüseyn Şafei də bununla bağlı açıqlamasında bildirmişdi ki, İranda hazırda dəmir yolunun sürəti saatda 15-20 kilometr arasındadır: “Bu da yaxşı göstərici deyil. Eyni zamanda İran vaqon çatışmazlığı ilə üzləşir ki, Rusiya onun həllinə kömək edə bilər. İranın israrına baxmayaraq, Pakistanda dəmir yolu problemləri həll edilməyib. İranın dəmir yolu xətti ilə Pakistanın Lahor şəhərinə yükün göndərilməsi 35 gün çəkir”.

Yol üçün xərclənən vəsaitə gəlincə, Rusiya dəmir yollarının tikintisi və inkişafı üçün İrana 1,5 milyard dollar ayıracaq. Bu vəsait Azərbaycanın sərhədyanı Astara şəhərindən İranın Rəşt şəhərinə qədər olan 164 kilometrlik xəttin tikintisinə, həmçinin 495 kilometr uzunluğunda olan Gərmsar-İnçə-Burun xəttinin elektrikləşdirilməsinə sərf olunacaq.

Hər iki istiqamət 20 il əvvəl yaradılan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ITC) bir hissəsidir. Hazırda Astara ilə Rəşt arasında yüklər avtomobil nəqliyyatı ilə daşınır ki, bu da marşrutun inkişafına mane olur. Xəttin tikintisi 2 milyard dollar dəyərindədir. Azərbaycan isə tikinti işlərinə ilk 500 milyon dolları beş il əvvəl verib.

Əlavə edək ki, Şimal-Cənub dəmir yolu nəqliyyat dəhlizi Rusiyadan, Azərbaycandan keçərək İranın cənub limanlarına qədər uzanır. Gələcəkdə bu marşrut üzrə avtomobil yolunun açılması da nəzərdə tutulur.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR