İnsanlara hürriyət, millətlərə istiqlal!

Şan-şöhrətli şahzadənin şansı – Xalq xanədanlığın İranı xanə-xarab etməsini hələ də xatırlayır

2590 19.04.2023 07:30 Yazarlar A A

Şah babası Rza Pəhləvinin (1978-1944) ad-soyadını daşıyan İran şahzadəsinin İsrailə səfəri yenidən diqqətləri onun personası üzərinə yönəldib və dünya mətbuatında rezonans doğurub.

Bu ajiotaj səbəbsiz deyil, şahzadə İsraildə hansısa dərnəkdə və ya fondda görüşlərə qatılmayıb, birbaşa İsrailin təcrübəli siyasətçisi, 4-5 dəfə hakimiyyətə gəlib-getmiş, hazırda baş nazir postunu tutan Binyamin Netanyahu tərəfindən qəbul edilib.

İsraillə İranın qatı düşmənçiliyi və bir-birinin daxilini qarışdırmaq ehtiraslarının güclü olduğu barədə geniş təfərrüata varmaq artıq iş olar. Bunu dünyada bilməyən yoxdur və şahzadənin İsraildə bu cür qarşılanmasını həmin düşmənçilik ədəbiyyatının yeni bir fəsli olmasını düşünənlər haqlıdır.

16818066574000621637_1200x630.jpg (224 KB)Bu ilin oktyabrında Pəhləvilərin hakimiyyətə gəlişinin 100, İranda şah ailəsi statusu almalarının 98-ci ili tamam olur. Belə anlaşılır ki, nəvə Rza Pəhləvi babasının triumfunu təkrarlamaq, II Rza şah olmaq niyyətindədir.

Ancaq nə indi 100 il əvvəlki tarixi şərait var, nə də nəvə Rza Pəhləvi babası Rza xan kimi döyüşən ordunun generalı rütbəsini daşıyan biri deyil. Fəqət 100 il əvvəl dünyada və regionda İsrail kimi qüdrətli dövlət yox idisə, indi var və bu dövlət İrandakı rejimin dəyişməsini, ən azı İsrail dövləti ilə düşmənçiliyə son qoyulmasını istəyir.

Nəvə Rza Pəhləvinin atası Məhəmmədrza şahın devrilməsindən 44 il keçir. Bu illər ərzində onun iqtidar komandasının üzvlərinin çoxu ölüb. 1979-cu ildə 25-30 yaşı olan şahsevənlərin bu gün 69-74 yaşları var və çoxu xarici ölkələrə (əsasən ABŞ-a və Avropaya) sığınıblar. Ancaq onların züryətləri var və çoxdurlar.

Elə İranın özündə də özlərini büruzə verməyən şahsevənlərin yeni nəslinin sayı çox ola bilər. Bəs bu qüvvə xalqı öz ardınca aparmaq, güclü mollakratiyaya qalib gəlmək iqtidarındadırmı? Bu, olduqca mübahisəli məsələdir və indiki halda ağlabatan görünmür.

77831.jpg (67 KB)

Söz yox, şərqdə vaxtilə hakimiyyətdə olmuş, uzun illər dövləti idarə etmiş şəxslərə hüsn-rəğbət güclü olur və onları hazır güc mərkəzi kimi qəbul edərək, itaət göstərənlər, biət edənlər qısa müddətdə sürətlə artır, ancaq yenə də böyük və davamlı etiraz aksiyaları nəticəsində ölkədən qaçmağa məcbur edilmiş şah ailəsinin dönüşü umulan asanlıqla başa gələ bilməz.

İkincisi, İran xalqı hazırkı molla rejimindən nə qədər narazı olsa da, başqa dövlətlərin əliylə hakimiyyətə gəlmək istəyən şəxsi qəbul etməz. Uzun illərin anti-Qərb təbliğatı nə qədər olmasa da, öz işini görüb, üstəlik, İran patriotluğu hətta şah və molla rejimindan qaçan mühacirlər arasında da güclüdür. Hərçənd xalq onu da anlayır ki, xarici dəstək olmasa indiki teokratik və repressiv rejimə batmaq mümkün deyil.
Üçüncüsü, İrandakı etnik qruplar şah ailəsini sevmirlər. Vaxtilə Rza şah da, onun oğlu Məhəmmədrza şah da fars millətçiliyinə əsaslanaraq İranda yaşayan başqa millətlərə qarşı ciddi ayrı-seçkilik və repressiya siyasəti yeridiblər, İran dövlətçiliyinin, daha dəqiqi, öz xanədanlıqlarının mənafeyini hər şeydən üstün tutublar və bu, həmin xalqların yadından çıxmayıb.

Yeri gəlmişkən, Pəhləvi xanədanlığının qurucusu olan Rza şahın atasının etnik kökəni mübahisəli olsa da, anası Nüşafərin Zəhra qafqazlı mühacir olub. Rza şahın ötən əsrin 30-cu illərində Ankarada Mustafa Kamal Atatürklə türkcə danışmasını əks edirən videolardan da görünür ki, o, türkcəni ana dili hesab edir. Bundan başqa, Rza şahın həyat yoldaşı bakılı hərbçi Teymur xan Ayrımlının qızı Nimtac (Tac-ül-Mülk) xanımdır. Yəni Məhəmmədrza şahın anası da, nənəsi də Azərbaycan türkləridir. Şahzadə Rza Pəhləvinin isə atası, anası (Fərəh xanım), babası, nənəsi türkdür, hətta ulu nənəsi belə fars deyil. Buna baxmayaraq, bu ailə həmişə fars millətçiliyinin flaqmanı olub və eyni xətti davam etdirmək fikrindədir.

1582964_4aybo7tcf2.jpg (42 KB)

Bu ilin fevralında şahzadənin Münxendə keçirilən təhlükəsizlik konfransına xüsusi dəvət edilməsi, bu günlərdə isə İsraildə yüksək səviyyədə qəbul olunması onu göstərir ki, Qərb dairələri heç də İranın milli dövlətlərə (Cənubi Azərbaycan, Kürdüstan, Bəlucistan və s.) parçalanmasını istəmirlər, sadəcə, onun zəifləməsini regional güc olmaq iddiasından geri durmasını, nüvə proqramından imtina etməsini, sözəbaxan xammal ölkəsi olmasını istəyirlər.

Qərbin bu şərtlər əsasında şahzadəyə dəstək verməsi, müstəqillik uğrunda mübarizə aparan xalqların haqqına göz yumması onu avtomatik olaraq İran inqilablarının generatoru olan azərbaycanlıların və kürdlərin dəstəyindən məhrum edir. Təbriz, Ərdəbil, Urmu və digər əyalətlər heç zaman belə bir avantüraya getməz, molla rejiminin şah rejimi ilə əvəz olunması üçün qanlarını axıtmazlar.

Bu baxımdan Rza Pəhləvinin Təl-Əvivdə səsləndirdiyi bəyanatın ( “İranda demokratik dövlətin qurulmasına az qalıb”) elə bir ciddi əsası yoxdur. Çünki rejim dəyişikliyi avtomatik olaraq İranın demokratikləşməsi demək olmayacaq.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nəsir Kənaninin Tehranda keçirdiyi mətbuat konfransında Rza Pəhləvinin İsrailə səfərini şərh edərkən, “onun harasa səfəri diqqət ayrılacaq qədər əhəmiyyətli deyil” deməsi də riyakarlıqdır. Tehran bu səfəri dörd gözlə izləyir və preventiv tədbirlər görməmiş deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR