İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahlıq quşu ilə seçki... – Dən verən Kastronun ağ göyərçinləri

2482 30.05.2023 07:52 Yazarlar A A

 

Dünən internet resurslarında qarşıma bir video çıxdı, bir az məzəli, bir az ibrətamiz, bir qədər düşündürücü, xeyli dərəcədə siyasi səciyyəli videodur - Türkiyədəki seçkilərə aiddir.

Deməli, bir yaşıl tutuquşudur, ona iki şəkil göstərirlər. Quş Ərdoğanın şəklini görəndə dimdiyi ilə ona təmas edir və “hə” mənasında başını tərpədir. Sonra Kılıçdaroğlunun şəklini göstərirlər, quş “yox” deyə başını bulayır. Bu “hə”-“yox”un təsadüfi olmadığını sübut etmək istəyən videoçəkənlər yenidən tutuquşuna Ərdoğanın şəkilini göstərirlər, quş “ikinci tur”da da 12-ci prezidenti seçir.

qush.JPG (18 KB)

Yaxşı fənddir, deyilmi? Belə şeylərə, ilahı işarətlərə etiqad edən topluma işləyən tryukdur, əsl Şərqə məxsus seçki texnologiyasıdır.

Bu “seçim”in sirrini çözməzdən öncə onu deyim ki, rəvayətlərə görə, qədimlərdə də hökmdarı quşlar seçərmişlər. “Şahlıq quşu” uçurarmışlar, o da uçub kimin başına qonsa, onu padşah seçərmişlər.

Doğrusu, bu seçki mexanizminin konkret hansı ölkədə təbiq olunduğuna dair gerçək sübutlar, etibarlı mənbələr yoxdur. Amma yəqin ki, haradasa belə şeylər olub, yoxsa bu söhbət günümüzə qədər gəlib çıxmazdı.

Güman ki, o vaxtkı “şahlıq quşu” qartalkimilər fəsiləsindən (berkut, şahin, laçın, tərlan və s.) olan quş olub, hər halda o cür seçimləri sərçə-sığırçına etibar etməzdilər. Elə qarğa-quzğun da belə seçkilərə buraxılmazdı - tərəfsiz deyilıər, tamahkardırlar.

Bəs noxud boyda beyni olan quş o boyda insanların əvəzindən necə seçim edirmiş və nə dərəcədə ədalətli olurmuş? Əlbəttə, elə bir şey olubsa, o heç də müdrik seçim olmayıb. Sadəcə, quş uçub, harada cantaraq və boylu-buxunlu adam görübsə, onun başına qonub. (Bəstəboy və arıq adamın başına qonası deyildi, görünmür axı). Vəssalam. Onsuz da keçmişdə fiziki güc, bahadırlıq önəmli faktor olduğundan və rəiyyət həmişə fiziki zoru olana tabe olmağı sevdiyindən bu, ədalətli seçim sayılırmış.

İndi gələk tutuquşunun Ərdoğanın şəklinə “hə” deməsi vaqiəsinə. Bunu da böyük ehtimalla belə təşkil ediblər: quşun xoşladığı yeməli bir şeyi göstərərək həmin şəkillərdən birinin arxasında gizlədiblər, o birinə isə heç nə qoymayıblar və quş öz təamına “səs verib”. Yoxsa adi tutuquşu haradan bilsin ki, Qərb dövlərləri və PKK-çılar hansı namizədi dəstəkləyir, “İpək yolu”nun Azərbaycandan yan keçməsi məsələsi var, onun “səs verdiyi” namizəd türk dövlətlərinin birliyi üçün çalışır və s. Belə şeyi quş bilməz.

Ümumiyyətlə, quşlar geopolitik incəliklərdən baş çıxarmırlar. Axtarsan, heç biri hazırda Rusiya-Ukrayna müharibəsinin axırının necə olacağını, gələn il ABŞ-da kimin prezident seçiləcəyini, Kişinyovda sülh müqaviləsinin imzalanıb-imzalanmayacağını bilmirlər. Çox sıxsan, lələklərini çırpar, “no komment” mənası verən şəkildə uçub gedərlər.

Belə şeyləri heç quşbeyin adamlar da bilmir. Hərçənd tez-tez “quşlayırlar”.

Siyasətdə quşdan effektiv şəkildə istifadə vaqiəsi isə yeni deyil. Hələ 64 il öncə bunu Fidel Kastro başından aşırıb.

image019.jpg (23 KB)

Deməli, Kubada sosialist inqilabı qələbə çalandan sonra, 1959-cu ilin yanvarında inqilabın lideri Fidel Kastro şəhərin mərkəzi meydanında xalqın qarşısında çıxış edirmiş. Birdən hardansa ağ göyərçinlər uçub gəliblər, komandantenin çiyninə qonublar. Xalq riqqətə gəlib və bunu ilahi işarə kimi qəbul ediblər. Çünki xristianlıqda ağ göyərçinlər müqəddəs ruhun təcəssümü sayılır, Afrika qullarının züryətlərinin tapındığı dində isə ağ göyərçin Obatala ilahəsinin rəmzidir.

Beləcə, xalq əmin olub ki, Fideli onlara gözəgörünməzin özü göndərib.

3106.jpg (105 KB)

Bəs məsələnin mahiyyəti necədir? Necə olacaq, çox sadəcə. Quşları əvvəlcədən məşq etdiriblər, Fidel onları öz əlləri ilə yemləyib, əl quşuna döndərib, ona görə də onlar qəfəsdən buraxılan kimi uçub qonublar dənverənin çiyninə.

Göyərçinlərdə belə bir xasiyyət var, dən manyakıdırlar. Milanda La-Skala teatrının yaxınlığındakı meydanda dələduz ərəb gədələrinin uçurduğu göyərçinlər dəndən ötrü adamları bezar edirlər, gah çiyinə qonurlar, gah başa oturmaq istəyirlər, gah da ovucdan dənləri dənləyib, aradan çıxırlar.

Dediyim odur ki, həlledici məqamlarda quş beyninin tərcihlərinə güvənərək seçim etmək olmaz. İnsan ağlı hər şeydən üstündür.

Birdəfəlik bilmək lazımdır ki, quşların analitik təfəkkürü yoxdur, olsaydı, jurnalistlər dağa-daşa düşməzdilər, elə onlardan müsahibə alardılar. Quşlar yalnız oxuya bilirlər.

Yeri gəlmişkən, yaxşı olar ki, əlindən yalnız oxumaq gələn manıslar da studiyalarda çox danışdırılmasın.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR