İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sadə ermənilər Zəngəzur dəhlizinin açılmasını istəyirlər” - DEPUTATDAN SENSASİON MÜSAHİBƏ

3638 12.03.2022 10:00 Müsahibə A A

Tahir Mirkişili: “İrəvanda olduğumuz ilk gün hoteldə Bakıdan apardığımız yeməklə şam elədik”

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Yeni Müsavat”a geniş müsahibə verib. Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsindəki erməni separatçılarının getdikcə azğınlaşmasından tutmuş, millət vəkilinin İrəvandakı müşahidələrinədək bir sıra məsələlərdən danışdıq, ilginc cavablar aldıq.

- Tahir bəy, İrəvana ən son gedib-qayıdan sizsiniz. Qayıdandan sonra Qarabağda və həmsərhəd bölgələrdə vəziyyət günbəgün gərginləşir. Ermənistan paytaxtındakı müşahidələriniz sizə nə deyir, erməni revanşistlərin mövqeləri necədir?

- Ermənistan cəmiyyətində ciddi təzadlar var. O cəmiyyətə yalnız bir baxış bucağından baxmaq düzgün deyil. Hər bir təzadlı tərəfin də müəyyən qədər resursları mövcuddur. Məsələn, bizim orda iştirakımız zamanı Daşnaksütyun partiyasının cəmiyyətdəki dayaqlarının iştirakı ilə aksiya keçirməsi, eyni zamanda onların deputatlarının parlamentdə kifayət qədər radikal çıxışları onu deməyə əsas verir ki, bu revanşist qüvvələrin də müəyyən qədər resursu var. Belə görsəndi ki, bu resurslar daim olacaq. Ona görə də mən düşünürəm ki, bizim güclü dövlətimiz hər zaman bu qüvvələrə cavab vermək üçün hazır olmalıdır, bu gün də, gələcəkdə də. Bizim dövlətimizin gücü və resursları kifayət qədərdir. Biz daim bu məsələdə ayıq-sayıq olmalıyıq.

- Deməli, Qarabağda baş verənlər sizə heç də təəccüblü deyil...

- Xeyr. Biz zatən orda belə təxribat meyillərini hiss etdik və sərt qarşılıq verdik. Biz parlament binasında belə, revanşist qüvvələrlə üz-üzə gəldik. Əgər millət vəkili səviyyəsində o qüvvələr öz çıxışlarında bu qədər radikal ola bilirlərsə, onda təsəvvür edin ki, bunların təxribatçı qanadları nəyə qadirdirlər və nələr edə bilərlər. Millət vəkili siyasi fiqurdur, siyasi firur adətən, öz çıxışlarında müəyyən qədər korrekt olmağa, radikal hədələməkdən uzaq durmağa çalışır. Amma onların hətta Avropa Parlamentinin yaratdığı qurumda təmsil olunan deputatlarında bu qədər hədə və revanşist çıxışlara rast gəldik. Təbii ki, biz onların cavabını verdik. Əgər parlamentdə belə revanşist qüvvələr varsa, onda istənilən halda hərbidə, cəmiyyətin müəyyən təbəqələrində müəyyən təxribatçı qruplaşmalara, daha radikal qüvvələrə rast gəlməyimiz istisna deyil və buna daim hazırlıqlı olmalıyıq.

- Məntiqlə növbəti dəfə “Dəmir yumruq”a ehtiyac var, eləmi?

- Biz tərəfdən baxanda “Dəmir yumruq” əslində dövlətimizin gücü, cənab prezidentimizin iradəsi və onun uzaqgörənliyi, xalqımızın birliyindən ibarət olan vahid bir məfhumdur. Yəni bizə qarşı baş qaldırmağa çalışan qüvvələrə cavab vermək, onları yerində oturtmaq, düşməni məhv etmək üçün bizim “Dəmir yumruq” kifayət qədər güclüdür və daim də yerindədir. Siz bunu zaman-zaman görəcəksiniz də. O qüvvələr qırmızı xətti keçdikcə, bizə təhlükə törətdikcə, yaxud dövlətimizə, vətəndaşımıza qarşı təhdidlə çıxış etmək cəhdi göstərdikdə, “Dəmir yumruq” onların başına endiriləcək. Zatən bu gün də enir. Sərhəddə və Qarabağda erməni terrorçularının cavabının verildiyini hamı görür.

Tahir Mirkishili.jpg (331 KB)

Bir məsələyə də fikir vermək lazım. Fikrimcə, Ermənistanda baş verənlərə sağlam qüvvələrlə revanşist qüvvələrin mübarizəsi bucağından da yanaşmaq lazımdır. Fikir verin, bir tərəfdən biz səfər etdik, hökumətlə, iqtidarda olan partiyaların təmsilçiləri ilə kifayət qədər müsbət, gələcəyə yönəlik müzakirələr apardıq. Ermənistan baş nazirinin sülh sazişini imzalamaq istəyi ilə bağlı çıxışlarını mətbuatdan oxudunuz. Bu müsbət yanaşmalardan sonra təxribat halların baş verməsi onu deməyə əsas yaradır ki, Ermənistanın daxilində də pozucu qüvvələr var. Böyük ehtimalla, hətta Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasını istəməyən üçüncü qüvvələr mövcuddur. Yəni regionda situasiya kifayət qədər qarışıqdır. Son baş verənlərin fonunda hansı hadisələrin önə çəkiləcəyi haqda proqnoz vermək çox çətindir. Bütün bunların yeganə bir cavabı var ki, biz istənilən təxribata cavab verməyə hazır olmalıyıq və hazırıq. “Dəmir yumruq”, diplomatiyamız, xalqımızın birliyi - bu üç amil Azərbaycanı ən çox qoruyan və baş verən hadisələrdən sığortalayan çox mühüm bir qüvvədir.

“Ermənilər bizə sanki Marsdan gəlmiş insanlar kimi baxırdılar”

Tahir Mirkişili İrəvanda Göy məsciddən paylaşım etdi – Fotolar –  SumqayitXeber.Com

- Qədim şəhərimiz olan İrəvanda Azərbaycan tarixindən nələr qalıb?

- Göy məscid İrəvanda dağıdılmamış sonuncu Azərbaycan memarlıq abidəsidir. Mən məscidin divarlarında olan ornamentləri ayrıca çəkmişdim, hamısı Azərbaycan ornamentləridir. Həm xanlıqlardan əvvəl, həm də sonra yaranmış milli ornamentlərimiz var. Hətta arxitekturanın özü bizim Şamaxı, Gəncədə olan məscidlərlə demək olar ki, eynilik təşkil edirdi. Zatən, İrəvan məscidi də 1766-cı ildə tikilib. O zaman Azərbaycan ərazilərində Azərbaycan dövlətləri mövcud idi. Bu baxımdan hər hansı kənar fikirlər absurddur.

- Ermənistanda Türkiyə, Azərbaycan məhsulları gördünüzmü?

- Biz marketlərdə ola bilmədik. Amma söhbət etdiyimiz insanlardan informasiyalar alırdıq. Ermənistanın Türkiyə ilə uçuş əlaqələri bərpa olunub. Sərhədlər bağlı olsa da, Gürcüstan ərazisindən məhsulların alış-verişi ilə bağlı daim imkanları mövcud olub. Bu gün Ermənistanda Türkiyə pasportu daşıyan vətəndaşa, ya türk məhsullarına rast gəlmək o qədər də təəccüblü sayılmır. Türkiyə iqtisadiyyatı böyükdür və ermənilərin də vəziyyəti yaxşı deyil. Hətta ermənilər müharibə vaxtı Türkiyə məhsullarına embarqo qoymaq siyasəti yürütsələr də, sonra bundan imtina etdilər, çünki alternativini tapa bilmədilər. Bu gün üçüncü ölkələr vasitəsilə məhsulların gətirilməsini normal qəbul edirlər. Düşünürlər, sərhədlərin açılması iqtisadi inkişafa gətirib çıxara bilər və hətta bunu istəyirlər.

- Bəs, erməni ictimaiyyəti psixoloji cəhətdən Zəngəzur dəhlizini açmağa hazırdır?

- Məncə, hazırdırlar. Həm də onlar tezliklə açılmasını gözləyirlər. Çünki Zəngəzur bölgəsində yaşayan ermənilərin vəziyyəti iqtisadi cəhətdən kifayət qədər acınacaqlıdır. Onlar dəhlizin açılması ilə iqtisadi vəziyyətlərini yaxşılaşdıracaqlarını düşünürlər. Məndə belə bir təəssürat yarandı ki, Zəngəzurda yaşayan insanlar dəhlizin açılmasını daha çox arzulayırlar.

- Maraqlıdır, İrəvanda olarkən sizə kimlərsə yaxınlaşıb Azərbaycana gəlmək istədiyini söylədimi?

- Oldu. Hoteldə bizə yaxınlaşmışdılar. Həmçinin mühafizədəki uşaqlarla söhbətlərimiz oldu. Bir çoxları bizi görəndə sevindiklərini, Bakıya gəlmək istədiklərini, yaxşı ki, bizim ora getdiyimizi dedilər. Bu səfəri əlaqələrin qurulmasının başlanğıcı kimi qəbul edirdilər. Bizdə belə təəssürat yarandı ki, bir qüvvə münasibətlərin inkişafına, əlaqələrin bərpasına çalışır və bunun onların da inkişafına gətirib çıxaracağına inanır. Digəri isə millətçi, revanşist qüvvələrdir, onlar azərbaycanlı ilə danışmağı belə, satqınlıq kimi qəbul edir. Daşnaksütyun kimi terrorçu qüvvələrlə yanaşı, sağlam qüvvələrin də mövcud olduğu ölkə ilə qonşuyuq.

- Həmkarınız Soltan Məmmədovla birgə hansısa tədbirə gedəndə, yaxud İrəvan küçələrində birdən bir hadisə baş verə bilər deyə, ehtiyatlanmırdınız ki?

- Ümumiyyətlə, bizim mühafizəmiz ciddi təşkil olunmuşdu. Təxminən 40 avtomobildən və 100-ə yaxın mühafizəçidən ibarət idi, hotelin önündə daim əsgərlər keşik çəkirdi. Avtomobildə getdiyimiz zaman pəncərənin, pərdənin açılmasına da icazə vermirdilər. Hətta qaldığımız hoteldə eyvana çıxmaq qadağan idi. Pəncərə daim pərdə ilə bağlı olmalı idi. Hətta pəncərələr küçəyə yox, həyətə baxırdı, həyətə çıxışı da qadağan etmişdilər. İstənilən halda kənardan sui-qəsd, təxribat formasında nəyisə biz də gözləyirdik, onlar da. Amma heç bir qorxu yox idi, biz buna da hazır idik. Bilmirəm nədənsə, belə situasiyada hər hansı stress yaşamadıq.

- Bəs yeməyə nələr təklif edirdilər? Oğurladıqları xörəklərimizdən var idi?

- Birinci gün onların deputatları və biz qarşılıqlı şəkildə yeməkdən imtina etdik. Ona görə də ilk gün hoteldəki otağımızda özümüz süfrə açdıq və Bakıdan apardığımız yeməklə şam elədik. Biz əvvəlcədən situasiyanı bilirdik, hər şeyə hazır idik. Odur ki, Bakıdan özümüzlə yemək də aparmışdıq. Elə yaxşı ki, aparmışdıq. Çünki getdiyimiz gün hadisələr o qədər sürətlə inkişaf etdi ki, biz otaqdan belə, çıxa bilmədik. Daim ətrafda insanlar, mühafizə bizim otaqda qalmağımızı tövsiyə etdi, kənara çıxmağa imkan vermədilər. Ona görə də burdan apardığımız yeməklə həmkarım Soltan müəllimlə şam elədik. Amma növbəti gün bizə yaxınlaşdılar və çox xahiş etdilər ki, rəsmi şam yeməyinə qatılaq. O zaman da restoranı dəyişmək məcburiyyətində qaldılar. Çünki harda ki, axşam yeməyi olacaqdı, o restoran bizim olmağımızı əsas gətirərək, şam yeməyi verməkdən imtina etdi. Ona görə də məcbur qalıb başqa bir restoran tutdular. Orda artıq erməni deputatlar deyil, nümayəndə heyətinin rəhbəri, Avropa parlamentinin deputatları və bizim iştirakımızla yemək məclisi oldu. Mətbəx Avropa mətbəxiydi.   

- Ağrı dağına baxdınız yəqin...

- Ağrı dağını gördük, yolla getdiyimiz zaman. Bir də yüksəklikdə bir park vardı, “1941-45 parkı”, ordan da gördük Ağrını. Həmin parkın adı əvvəl “Stalin parkı” olub, Stalin öləndən sonra adını dəyişiblər. Ermənistanda belə təzadlara çox rast gəlmək olur.

- Bakı ilə İrəvanı müqayisə edəndə...

- Yox, yerlə göy qədər fərq var. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Düşünürəm ki, bizim cəmiyyət də xeyli inkişaf etmiş və irəli getmiş cəmiyyətdir. İrəvanda olduğumuz zaman biz müəyyən qədər səliqəli olsa da, amma az inkişaf etmiş, geriqalmış, proseslərdən və şəhər texnologiyalarından müəyyən qədər kənarda qalmış bir şəhəri müşahidə edirdik. Hava limanında, yolboyu bunu müşahidə etdik. Məsələn, bizim qaldığımız otel beşulduzlu olsa da, şəraitinə görə bizdəki 4, ya 3 ulduzluya bərabər idi.

- Yəqin ətrafınızda Azərbaycan dilini bilənlər də dolaşırdılar, eləmi?

- Ermənilərin orta və yaşlı nəsli Azərbaycan dilini bilir. Azərbaycan dili vaxtilə regionda geniş işlədilən bir dil olub. Ətrafdakıların bizim danışıqları anladığını hiss edirdik. Bütün hadisələri izlədiklərini güman edirdik. Zatən bizim mobil nömrələr orda işləmirdi, ona görə ancaq internetdən istifadə edirdik. Kredit kartlarımız da orda işləmir.

- Tahir bəy, çox çətin bir səfər oldu. Bəs növbəti dəfə dəvət olsa, gedərsiniz?

- Yenidən belə bir missiya olsa gedərəm, əgər məni ora buraxsalar (gülür). Zatən, cənab prezident öz çıxışlarında azərbaycanlıların İrəvana gedəcəyini bəyan etmişdi. Bu səfərləri biz həm də qayıdış prosesinin başlanğıcı kimi qəbul edirik, düşünürəm ki, onlar da. Ona görə də etiraz aksiyası keçirirdilər. Amma bütün təhlükələrə baxmayaraq, biz prezidentimizə güvənərək getmişdik ora. Bizim heç nədən çəkinməməyimizin ən böyük səbəbi elə “Dəmir yumruq” idi. Biz onu hər yerdə hiss etdik. Baxmayaraq ki, bizə pozitiv yanaşmayan adamlar arasındaydıq, hər şey ola bilərdi. Amma biz hər zaman, hər yerdə dövlətimizin və prezidentimizin gücünü hiss edirdik. Bu, prosesin başlanğıcıdır və yəqin ki, bundan sonra belə səfərlər tez-tez baş verəcək və daha rahat olacaq. İlk gediş həmişə çətin olur, onlar bizə sanki Marsdan gəlmiş insanlar kimi baxırdılar. Münasibətlər getdikcə inkişaf etdikcə, belə səfərlər artacaq. İrəvan qədim Azərbaycan şəhəridir və orda olduğum zaman hiss etdim ki, şəhərin ruhu çox yaxın, doğmadır. Sanki əvvəllər orda olmuşam kimi bir hiss yaşayırdım. Əminəm ki, münasibətlər normallaşdıqca azərbaycanlılar onlara doğma olan hər bir kəndə, şəhərə gedəcəklər, bu bizim mənəvi haqqımızdır, kimsə onu bizdən ala bilməz!

Elşad PAŞASOY,
Foto: “Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR