İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq əməliyyatçıdan vertolyot qəzası ilə bağlı sensasion iddialar

8428 23.11.2016 08:00 Gündəm A A
1991-ci ilin 20 noyabrında Qarakənd səmasında baş verən vertolyot faciəsindən (terrorundan) 25 il ötdü. Azərbaycanın nüfuzlu yüksək vəzifəli ictimai-siyasi xadimlərinin həlak olduğu həmin dəhşətli hadisə ilə bağlı müəmmalar, iddialar isə bitib-tükənmir. 

Ən dəhşətli açıqlamalardan biri iki gün öncə - 21 noyabrda “Təzadlar” qəzetində yer alıb. 1991-ci ilin noyabrında DİN-in Baş Cinayət-Axtarış İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Bayram İsmayılov müsahibəsində deyib ki, vertolyot hadisəsinin baş verdiyi yerdə şəxsən olub və cəsədləri görüb. Vertolyotda olmuş şəxslərin bir neçəsinin cəsədi hadisə yerində olmayıb: “Hadisə baş verən gün saat 18 radələrində işlədiyim idarənin rəisi, polis polkovniki Qüdrət Paşayev məni, Əli Əliyevi və Əli Mərdanovu, Yaqub və Namiq adlı əməkdaşlarımızı otağına dəvət etdi. Bizə dedi ki, hazırlaşın, təcili Ağdama getmək lazımdır. Bildirdi ki, belə bir faciə baş verib. Bundan sonra biz dərhal evə gedib hazırlaşdıq və Namiqin ”Qaz-31"i ilə Ağdama yola düşdük. Səhər saat 06 radələrində Ağdam RPŞ-yə çatdıq. Orada bir az gözlədik və təxminən saat 07-08 radələrində bizə bir avtobus verildi, təxminən 30 nəfərlə hadisə yerinə - Qarakənd istiqamətinə yola düşdük. Bizim avtobusda həm də Viktor Polyaniçko var idi, qabaq cərgədə oturmuşdu. Bir də səhv etmirəmsə, Şuşanın icra başçısı Vaqif Cəfərovun atası və onunla birgə olan başqa bir şəxs bizimlə idi. 

Biz hadisə yerinə çatanda iki “BTR” və yanında da rus əsgərlərini gördük. Hadisə yerində avtobusdan düşdük. Vertolyotun vurulduğu yeri-  hardasa hündürlüyü 40-50 metr olan kiçik təpəni gördük, təpənin zirvəsindən 10-12 metr aşağı sürüşmüş vəziyyətdə olan vertolyotun yanmış, dağılmış qalıqları görünürdü... Hadisə yerinə qalxdıq, vertolyot yanmış vəziyyətdə idi və onun bəzi hissələri ətrafa səpilmişdi. Qanadlarında isə iriçaplı silahdan atılmış güllə yerləri aydın görünürdü. 

Vertolyotda olmuş insanlar yanmış halda bir-birinin yanına və üstünə qalaqlanmışdılar. Tofiq İsmayılov və vertolyotu idarə edən vertolyotçu isə təpənin maili hissəsində, vertolyotdan təxminən 6-7 addım aralıda ölmüş vəziyyətdə yerə uzanmışdılar. Onların bədəni üzərində heç bir yanıq izi yox idi, mən bunu dəqiq deyirəm, yəni özüm görmüşəm. Oradan həmin dövrdə çəkilmiş videolara baxanda da bunu görə bilərsiniz.

Ola bilər ki, vertolyot vurulan anda ekipaj onu təpənin üstündəki kolluğa oturtmaq istəyib, sonra vertolyot 10-12 metr aşağı sürüşüb düşəndə Tofiq İsmayılov və ekipaj üzvü yerə tullananda ağır zərbəyə məruz qalmışdılar. Yaxud ola bilsin Tofiq İsmayılova küt alətlə kənarda ağır zərbə vurulmuşdu. Allah rəhmət eləsin, onun gözləri açıq idi. Mən onun gözlərində dəhşətli bir ölümün sözlə ifadə edilməz izlərini gördüm. Dəqiq yadımdadır, Polyaniçko gedib İsmət Qayıbovun cəsədinin qarşısında təxminən 5 dəqiqə dayanıb ona baxdı. Maraqlıdır ki, o, yalnız İsmət Qayıbovun yanında dayandı, sonra kənara çəkildi. Vertolyotun düşdüyü yerdən təxminən 10 metr aralıda təpəlik var idi, üstündə kol-kos, çox da hündür olmayan ağaclar var idi, qol-budağı qırılmışdı, qalxdım ora. Hiss olunurdu ki, vertolyot vurulandan sonra əvvəlcə həmin ağacların üzərinə oturtmaq istəyiblər. Bundan sonra isə vertolyot sürüşüb partladıldığı yerə gəlib düşmüşdü... 

Mən orda olan fakt və maddi sübutlardan, gördüklərimdən, söhbətlərdən belə başa düşürdüm ki, orda baş nazirin müavini Zülfi Hacıyevin cəsədi yanan meyitlərin arasında yoxdur. Özüm də görmədim. Eyni zamanda Məhəmməd Əsədovun (sabiq daxili işlər naziri-red.) meyiti. Həmçinin jurnalist Alı Mustafayevin, Səbayel rayon icra hakimiyyətinin başçısı Vəli Məmmədovun... Mən onların cəsədini meyitlərin arasında görə bilmədim... Hətta bizdən sonra oraya gələn Qüdrət Paşayev və Ağdam polisinin rəisi İslah Paşayev vertolyotun ətrafını çox axtardılar, sonra baş hissəsi yanmış bir nəfərin üzərində dayandılar ki, bu Məhəmməd Əsədovdur. Orda bildirdilər ki, onlar M.Əsədovu yanmış kəmərinə görə belə deyiblər, yəni onu kəmərinə görə tanıyıblar. Orda belə söhbət getdi. Mənim diqqətimi də elə bu cəlb etdi ki,  vertolyot göydə partlamayıb, bu dəqiq belədir.

 

Bir peşəkar polis işçisi, əməliyyatçı kimi belə qənaətə gəlirəm ki, vertolyot vurulandan sonra təpədəki ağacların üstünə oturdulub, sonra sürüşərək yandırıldığı yerə gəlib çıxmışdı. Bundan sonra lazım olan adamları erməni-rus cəlladları özləri ilə götürüblər, sonra vertolyotu yandırıb-partladıblar. Bu zaman, görünür, Tofiq İsmayılovla vertolyotu idarə edən hərbçi kənara çəkilib müqavimət göstəriblər və onları hansısa küt alətlə vurub öldürüblər. Adamların dəqiq sayına gəldikdə, mənim dəqiq yadımdadır, hadisə yerindən Ağdama gətirdiyimiz meyitlərin sayı 19 idi". 

Hazırda xaricdə mühacir həyatı yaşayan Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 1991-ci ilin 20 noyabr tarixində Qarakənd üzərində vertolyotun vurulması xüsusi xidmət orqanlarının hazırladığı və həyata keçirdiyi terror hadisəsi idi və nə qədər ki, həmin hadisə ilə bağlı bütün həqiqətlər ortaya çıxmayıb, həmişə saysız-hesabsız açıqlamalar, iddialar olacaq: “Fikrimizcə, əməliyyatın hazırlanması və həyata keçirilməsi üçün əsasən ermənilərdən istifadə edilmişdi. O zamankı hadisələri və sonralar baş vermiş əhəmiyyətli hadisələri təhlil etdikdə insanın beynində suallar daha da çoxalır. Xatırlayırsınızsa, 1991-ci il sentyabrın 21-də Rusiya prezidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər etmişdilər. Səfər zamanı Dağlıq Qarabağa gedib Azərbaycan və erməni əhali ilə görüşülməli, Xankəndində Dağlıq Qarabağ Təşkilat Komitəsində dördtərəfli görüş keçirilməli idi. 

Mən də AXC-nin ordu quruculuğu ilə bağlı komissiyasının sədri olaraq, Rəhim Qazıyevlə birlikdə Azərbaycan nümayəndələrinə dəstək məqsədilə Xankəndinə getmişdim. Xankəndində Yeltsinin hərəkətlərinə etiraz olaraq, Azərbaycan rəhbərliyində olan şəxslər - Tamerlan Qarayevdən başqa - Dağlıq Qarabağ vilayət komitəsinin binasına getmədilər. Çünki o binanın üzərində Azərbaycan bayrağı dalğalanmırdı, bina üzərində ermənilərin bayraqları var idi və ermənilərin idarəetməsində idi. Təşkilat Komitəsi isə Azərbaycanın idarəetməsində idi. 



O hadisədən düz iki ay sonra Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə edən həmin yüksək vəzifəli bütün şəxslər iki ay sonra - 20 noyabr tarixində vertolyotda vurularaq məhv edildilər. Bu iki hadisənin bir-biri ilə əlaqəsinin olması barədə inancım daha çoxdur. Amma Tamerlan Qarayevin həmin hadisədə əli olması barədə deyilənlərə inanmaq istəmirəm və belə düşünmürəm. Hadisədən qabaqcadan general Dadaş Rzayevin və onun Ağdamdakı nümayəndəsi olmuş Vahid adında şəxsin məlumatı olduğuna daha çox inanıram. Artıq heç kimə sirr deyil ki, Dadaş Rzayev SSRİ Müdafiə Nazirliyi Hərbi Kəşfiyyat İdarəsinin tapşırıqlarını uzun  zaman dünyanın bir çox yerlərində icra edib. 20 noyabr vertolyot terroru ilə bağlı bütün həqiqətlər hələ də ortaya çıxmayıb. Nə zaman bütün həqiqətlər ortaya çıxacaqsa, hansı iddiaların, hansı şübhələrin doğru olduğu da bilinəcək”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR