İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın hədəfində olan iki dövlətdən biri - Azərbaycana təhlükə varmı...

2484 27.12.2022 08:37 Siyasət A A

Ukraynadan sonra Azərbaycan və Qazaxıstana təzyiqlər güclənə bilər, rus ekspertlərin hədələri artıb; partiya sədri: “Uzağı diplomatik təzyiq edə bilər, hərbi təcavüzü istisna edirəm”

“Müharibədən əvvəl də, sonra da demişəm ki, Rusiyanın Ukraynadan sonrakı hədəfi Azərbaycan və Qazaxıstandır”. “Yeni Müsavat”ın məlumatına görə, bu fikri konfliktoloq Elxan Mehdiyev bildirib. Lakin onun sözlərinə görə, Rusiya bu iki ölkəni hərbi əməliyyatlarla və ya müharibə ilə yox, digər yollarla öz nəzarət dairəsinə salmağa cəhd göstərə bilər. “Təbii ki, Ukraynada qalib gəlsələr. Ona görə də Ukrayna təkcə özünün yox, bütün keçmiş sovet ölkələrinin müstəqilliyi üçün vuruşur. Ukrayna xalqı həm də bizim üçün döyüşür. Əlbəttə, Rusiya müharibədə qalib gələrsə, iddiaları birə-on artacaq. Qalib gəlməsi isə artıq mümkün deyil. Amma nəzəri olaraq deyə bilərəm ki, Rusiya qalib gəlsə, bunun bizim və bir sıra dövlətlər üçün təhlükəsi olacaq”, - deyə o vurğulayıb.

Ümumiyyətlə, ara-sıra bəzi rus ekspertlərin dilindən də ölkəmizin ünvanına açıq hədələr səslənir. Məsələn, biri deyir ki, Ukraynadan sonra Rusiya Azərbaycanla məşğul olacaq. O biri Bakıya nüvə zərbəsi endirməyə çağırır, üçüncüsü neft-qaz infrastrukturumuza raket zərbəsi vurmaqla hədələyir. Hər şey qırağa, bəs Şuşa Bəyannaməsi necə olsun? Bu sənədə əsasən, Azərbaycan ərazisinə təhdid Türkiyəyə təhdid sayılır, qardaş ölkə hərbi müdaxilə edə bilər. Eləcə də Moskva bəyannaməsini yada salmaq olar. Bu sənəddə isə Rusiya və Azərbaycan qarşılıqlı hörmət əsasında biri-birinin ərazi bütövlüyünü tanıyır, separatizmə qarşı birgə mübarizə aparırlar. O zaman strateji mütəffiqlik sənədi bağladığımız şimal qonşumuzun nə üçün hədəfində olmalıyıq? Mütəffiq də hədəf olarmı? Qazaxıstanın da nişan altınması istisna deyil. Çünki yanvar iğtişaşları, KTMT-nin bu ölkəyə daxil olması, ölkədə sayca xeyli sayda rusun yaşaması göstərir ki, Rusiya bu ölkədə gələcəkdə Donbas ssenarisini təkrarlaya bilər. Odur ki, Ukraynada həm yeni dünya nizamının, həm postsovet məkanının taleyi müəyyənləşir. Amma görünən budur ki, Rusiya heysiz, taqətsiz vəziyyətə salınmaqdadır.

ILK XƏBƏR: Qulamhüseyn Əlibəyli: “Seperatçı cinayətkar rejimin  azğınlaşmasının əsas səbəbi Rusiya hərbi kontingentinin erməniləri müdafiə  etməsidir”

 Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a qeyd etdi ki, şimal qonşumuz həmişə “ayı siyasəti” yürüdür. Onun sözlərinə görə, Rusiya nə beynəlxalq hüquqa, nə müttəfiqliyə hörmət qoyur: “Eyni zamanda həmişə keçmiş sovet məkanında təsirlərini saxlamağa çalışıb. Amma Azərbaycan Rusiyadan xeyli uzaqlaşıb, baxmayaraq ki, müəyyən təsir rıçaqları qalıb, amma əvvəlki səviyyədə deyil. Eləcə də Qazaxıstan Rusiyadan uzaqlaşmaqdadır. Bu da gələcəkdə təzyiqlərin olması ilə nəticələnə bilər. Amma Türk Dövlətləri Təşkilatının fəaliyyəti, Azərbaycan və Qazaxıstanın oradakı mövcudluğu, hərbi-siyasi əlaqələrin güclənməsi göstərir ki, bundan sonra Rusiya uzağı diplomatik təzyiq edə bilər. Yəni hərbi təcavüzü istisna edirəm”. Partiya sədrinin sözlərinə görə, son zamanlar rus ekspertlərin Bakını təhdid etməsi nəticəsiz qalacaq: “İt hürə-hürə quyruğunu bulayır, soruşanda cavab verir ki, həm qorxuduram, həm qorxuram. Bu misal bizi hədələyənlərə tam xarakterikdir. Ona görə Rusiyanın artıq ətrafına hərbi təcavüzlə təzyiq göstərməsi real görünmür. Ukrayna müharibəsi Rusiyanı artıq bu vəziyyətə salıb”.

Azərbaycan tarixə bir də belə yazıldı

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova Rusiyanın indi Azərbaycana və Türkiyəyə ehtiyacı olduğunu düşünür: “Ukrayna müharibəsi Putin hakimiyyətini elə vəziyyətə gətirib ki, indi normal münasibəti olan ölkələri itirmək istəməz. Moskva yaxşı bilir ki, Ankara regiondadır, əgər Bakıya qarşı diş qıcasa, qarşısında Türkiyəni görəcək. Necə ki, Suriyada, Liviyada Türkiyə və Rusiya üzləşiblər. İndi Rusiyanın izolyasiya edilməsi onu bir küncə sıxışdırıb, Türkiyə və Azərbaycana hava-su kimi ehtiyacı var. Əlbəttə, Kremlin ürəyincə deyil, amma reallıqla hesablaşır. Qazaxıstan da kifayət qədər Rusiyadan qopma siyasəti yürüdür, Ərdoğan-Tokayev görüşləri, keçirilən seçkilər bunu deməyə əsas yaradır. Qazaxıstan lideri bilir ki, ölkəsi parçalanma təhlükəsi ilə üzləşə bilər, ona görə addımlar atmalı oldu. Həmçinin Özbəkistandakı referendum da gələcəkdə Abxaziyaya çevrilməməyi önləmək üçün idi. Bu baxımdan Rusiya Putinsiz dövrə qədəm qoyduqda qonşuları ilə hədə dilində danışa bilməyəcək. Proseslər isə Putinsiz Rusiyaya doğru getməkdədir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR