İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Avropanın qaz təchizatında payı 13 faizə düşdü

778 18.08.2022 09:20 İqtisadiyyat A A

Qitə dövlətləri anbarları sürətlə doldurur; Avropaya qaz nəqlini kəskin artıran Azərbaycanın bundan gəlirləri də artıb

Rusiyanın qaz nəqlini kəskin azaltmasına rəğmən Avropa qaz anbarlarını doldurmaq planına irəli getməklə əməl edir. “Gas Infrastructure Europe”nin avqustun 15-nə olan məlumatına əsasən, Avropanın qaz anbarları 75 faizdən yuxarı qazla doldurulub. Həmin tarixə anbarlarda 80,7 milyard kubmetr qaz olub. Ötən il bu həcmdə ehtiyatların toplanması oktyabrın əvvəlində mümkün olmuşdu. Hazırda Avropanın anbarları doldurmaq planı 2 həftə irəliləyişlə icra olunur. Bu isə o deməkdir ki, planda nəzərdə tutulan 80 faiz dolumluluq həcminə oktyabrın deyil, sentyabrın əvvəlində nail olunacaq.

Anbarı olan 19 Avropa ölkəsindən ən yüksək dolumluluğu Portuqaliya (100 faiz), Polşa (99,03 faiz) təmin edib. Almaniyada anbarlar 77,3 faiz, Fransada 86,6 faiz, Niderlandda 70,78 faiz, Bolqarıstanda 55,8 faiz, Danimarkada 92,35 faiz, Macarıstanda 58,16 faiz, Avstriyada 59,83 faiz, Çexiyada 81 faiz, Belçikada 80,29 faiz, Latviyada 55,19 faiz doldurulub.

Hazırda bütün çətinliklərə baxmayaraq, anbarlara gündə 0,38 faiz bəndi həcmində qaz vurulması təmin olunur. Bu sürət ayın sonunadək davam edərsə, sentyabrın 1-dək anbarları 80 faiz doldurmaq mümkün olacaq. Bu isə qoca qitəyə imkan verəcək ki, oktabra qədər anbarlardakı ehtiyatları 90 faizdən yuxarı qaldıra bilsin.

Qeyd edək ki, hazırda Avropa enerji sahəsində ciddi çağırışlarla üz-üzədir: bir tərəfdən görünməmiş istilər enerjiyə tələbatı artırır. Quraqlıq Avropada yükdaşımalarda əsas rol oynayan çaylarda suyun səviyyəsini aşağı salıb ki, bu da elektrik stansiyalarına kömür və digər yanacağın çatdırılmasını çətinləşdirir. Digər tərəfdən, küləklərin azalması ondan əldə olunan enerjisinin azalmasına gətirib çıxarıb.

Avropanın əsas qaz təchizatçısı olan Norveçin Şimal dənizindəki qaz yataqlarında planlı təmirin başlanması nəticəsində qitəyə gündəlik qaz nəqli 20 milyon kubmetr azalıb. Təmirin ayın sonunda başa çatması gözlənilir. Norveçdən gələn xəbər Avropada qazın qiymətinin avqustun  16-da hər min kubmetr üçün 2600 dolları keçməsinə səbəb olub. Lakin avqustun 17-də qiymətlər yenidən azalmağa başlayıb, günü 2250 dollar civarında başa vurub.

Rusiya qaz ixracatını artırmasa, Avropanın enerji böhranı ağırlaşacaq

“Qazprom” şirkəti Norveçdəki təmirlə bağlı xəbərlərin bazara təsirindən həvəslənərək qış aylarında Avropada qazın qiymətinin 4 min dollara qədər bahalaşcağına dair proqnozla çıxış edib. Halbuki “Şimal axını 2" ilə qaz nəqlinin 20 faizə salınması şirkətin özünə böyük zərər vurmaqdadır.

Avqustun əvvəlindən Avropa terminallarına çatdırılan maye qaz həcmləri yenidən rekord səviyyəyə çatıb. Hazırda qitənin maye qaz ehtiyatları 2021-ci ilin eyni dövründəkindən 36 faiz yüksəkdir. Bura Böyük Britaniyadakı ehtiyatlar daxil deyil. Avropanın maye qazdan alınan təbii qazı nəql edən şəbəkəsi 54 faiz yüklənmə ilə işləyir.

İlin əvvəlindən avqustun 14-dək olan müddət üçün maye qazın Avropanın qaz təminatında payı 32 faizə çatıb. İkinci yerdə 25 faizlə Norveç, üçüncü yerdə 24 faizlə Şərqdən (Rusiyadan, Ukraynadan (özünün satdığı və Avropa ölkələrinin onun ərazisindəki anbarlardan götürdükləri qaz)) gələn qaz dayanır. Avqust ayının əvvəlindən etibarən maye qazın payı 35 faizə, Norveç qazının payı 29 faizə çatıb. “Qazprom”un Avropanın qaz təchizatındakı payı isə 13 faizə düşüb. Şirkətin yaydığı ilkin məlumatdan aydın olur ki, ilin əvvəlindən bəri qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq 274,8 milyard kubmetr təşkil edib. Uzaq xaricə qaz ixracı 7.5 ayda 36,2 faiz azalmaqla 78,5milyard kubmetr olub.

İyul ayında şirkətin Avropaya ixracı iyunla müqayisədə 25 faiz azalmaqla 3,5milyard kubmetr təşkil edib. İyulda Avropada qaz qiymətlərinin 60 faiz bahalaşması şirkətin ixrac gəlirlərinin azalmasına imkan verməyib. İyulun 27-dən “Şimal axını 1" kəməri ilə azalan nəql həcmlərindən gələn gəlirlərin ixracdakı azalmanı kompensasiya etməsi üçün avqust ayında Avropada qaz qiymətlərinin daha 25 faiz bahalaşması lazımdır. Lakin ekspertlər bunu mümkün hesab etmirlər, ən azından ona görə ki, hazırkı səviyyədən yuxarı qiymətləri Avropa qəbul etmək imkanında deyil. Qiymətlərin bahalaşması ona gətirib çıxaracaq ki, avropalılar qənaəti gücləndirəcəklər. Digər tərəfdən, son 2 gündə Avropada yağışların başlanması havanın tezliklə aşağı düşməsini, enerjiyə tələbatın azalmasını, həmçinin külək enerjisinin istehsalının artmasını şərtləndirəcək. Bu şəraitdə Avropanın baha qaz alması mümkün görünmür. Bu isə o deməkdir ki, ”Qazprom"un ixracındakı azalma onun gəlirlərində hiss olunmağa başlayacaq.

Ən mühüm məqamlardan biri budur ki, “Şimal axını 1"lə qaz nəqlinin 167 milyon kubmetrdən 33 milyon kubmetrə qədər azaldılması fonunda Avropa öz anbarlarını qazla doldurmaq planına artıqlaması ilə əməl edir. Kəmərin qaz daşıdığı Almaniya artıq avqustun sonuna anbarlarını 95 faiz doldurmaq imkanına malikdir. Belə olduğu təqdirdə, ”Şimal axını 1"lə nəqlin tam dayandırılması bilavasitə Rusiyanın özünə zərər vuracaq.

Onu da bildirək ki, Avropaya qaz nəqlini kəskin artıran Azərbaycanın bundan gəlirləri də artıb. Belə ki, gömrük statistikasına əsasən bu ilin yanvar-iyul aylarında Azərbaycan 8 milyard 219 milyon 974,17 min dollar dəyərində 12 milyard 704 milyon 180,01 min kubmetr təbii qaz ixrac edib. Beləliklə, qaz ixracımız 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə həcm ifadəsində 5,3 faiz, dəyər ifadəsində isə 4,08 dəfəyə yaxın artıb.

Rusiya Avropaya qaz tədarükünü tamamilə kəsərsə… - MEYDAN.TV

2021-ci ildə Azərbaycan 5 milyard 534 milyon 398,34 min dollar dəyərində 20 milyard 46 milyon 650,21 min kubmetr təbii qaz ixrac edib. 2020-ci ilin göstəricisi ilə müqayisədə, ixrac olunan qazın həcmi 61,3 faiz, dəyəri isə 2,5 dəfə artıb.

Xatırladaq ki, Avropaya Azərbaycan qazını Trans-Adriatik boru kəməri (TAP) çatdırır. Qitəyə qaz ixracı 2020-ci il dekabrın 31-də istismara verilən bu kəmərin hesabına artıb. Bundan əlavə, dünya bazarlarında qazın bahalaşması da ixracdan əldə edilən gəlirlərə müsbət təsir edib. İyuldan etibarən TAP-la gündəlik qaz nəqli 37 milyon kubmetrə çatıb.

Avropaya ixrac olunan qaz Azərbaycanın “Şahdəniz” yatağından əldə edilir. Yatağın işlənməsi layihəsinin operatoru olan “BP Azerbaijan” şirkətinin yaydığı məlumata əsasən, avqustun 14-dən “Şahdəniz”in illik iş proqramının bir hissəsi olaraq “Şahdəniz Alfa” platformasında və Səngəçal terminalındakı “Şahdəniz-1" qurğularında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirməyə başlayıb. Plana əsasən, ”Şahdəniz Alfa" platformasından hasilat 2022-ci il avqustun 14-dən başlayaraq 14 gün ərzində dayandırılır ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin.

Proqram çərçivəsində Səngəçal terminalının “Şahdəniz-1" hissəsində vacib təhlükəsizlik avadanlıqlarının qabaqlayıcı profilaktikası və yoxlama işləri, məşəl kabellərinin dəyişdirilməsi, yeni qaz analayzer avadanlıq dəstnin quraşdırılması (metan qazı intensivliyini ölçmək üçün), monoetilen glikol xəttinin təzyiq artımından qorunması üçün bəzi işlər, ventillərin dəyişdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi və s. kimi profilaktik əməliyyatlar və yoxlamalar həyata keçiriləcək. Paralel olaraq, Şahdəniz Alfa platformasında da müxtəlif təmir işləri, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması (metan qazı intensivliyini ölçmək üçün), nukleonik mənbələrin dəyişdirilməsi, üç mürəkkəb ventil avadanlığının dəyişdirilməsi və s. kimi layihə işləri həyata keçiriləcək.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2021-ci ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2022-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Alfa platformasının müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil edilmişdir.

Proqram müddəti ərzində Şahdəniz Bravo platforması və ümumilikdə Şahdəniz 2 hasilat və ixrac sistemi, Səngəçal terminalındakı “Şahdəniz “2”” qurğuları normal əməliyyatlarını, o cümlədən regional və Avropa bazarlarına qaz təchizatını davam etdirəcək.

Həmçinin Azəri-Çıraq-Günəşli (AÇG) platformalarının hamısından - Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Çıraq, Dərinsulu Günəşli və Qərbi Çıraq paltformalarından hasilat, Səngəçal terminalının AÇG və İlkin Neft Layihəsi hissələri, həmçinin Bakı-Tiflis-Ceyhan vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR