İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın adamı “Cəbhə”adında partiya yaratdı

2527 05.04.2024 10:11 Siyasət A A

Keçmiş müdafiə nazirinin bu gün mühüm açıqlamalar verəcəyi gözlənilir

Aprelin 5-də İrəvanda Ümumerməni Cəbhəsi Partiyasının təsis qurultayı keçiriləcək. Partiya lideri, keçmiş müdafiə naziri Arşak Karapetyan Ermənistanın üzləşdiyi daxili və xarici siyasət problemləri ilə bağlı mühüm açıqlama verəcək.

Erməni mediası yazır ki, “Arşak Karapetyanın ciddi hərbi-siyasi təcrübəsi var: "Türkiyə-Azərbaycan tandemi Ermənistanın suverenliyini və erməni xalqının varlığını təhdid etməkdə davam etdiyi üçün Ermənistanın hərbi işləri anlayan siyasi xadimlərə ehtiyacı var. Karapetyan çoxsaylı çıxışlarında Ermənistan ordusunun döyüş qabiliyyətinin artırılmasının, modernləşdirilməsinin və yeni silahların alınmasının vacibliyini vurğulayıb. Karapetyanın müsahibəsini təhlil edərək belə qənaətə gəlmək olar ki, bu siyasətçi Ermənistan-Rusiya və Ermənistan-İran münasibətlərinin inkişafını yüksək qiymətləndirir. Rusiya və İranla strateji əlaqələrin dərinləşdirilməsi Karapetyan üçün xarici siyasətin istiqamətlərindən biri kimi vacibdir. Çox güman ki, onun partiyası da proqramlarına bu güc mərkəzləri ilə əlaqələrin gücləndirilməsinin vacibliyi ilə bağlı müddəa daxil edəcək".

Karapetyan Paşinyan və komandasının həm daxili, həm də xarici siyasətini kəskin tənqid edir. “Ümumerməni Cəbhəsi” Ermənistandakı seçki proseslərində fəal iştirak edəcək və bu partiya özünü yeni müxalifət və üçüncü qüvvə kimi göstərəcək. Karapetyan öz partiyasının tanınmasını artırmaq üçün ətrafına ciddi siyasi komanda toplamalıdır, çünki ömrü boyu hakimiyyətdə olan Arşak Karapetyan geniş ictimaiyyət və seçicilər tərəfindən tanınmayıb.

Erməni mediası yazır ki, Ermənistan  vətəndaşları siyasətdə nə Paşinyanla, nə də əvvəlki hakimiyyətlə bağlı olmayacaq yeni simalar, yeni qüvvələr görmək istəyirlər. Seçicilərin eşitmək istədiyi ən mühüm məsələ təhlükəsizlik məsələləri, ordunun gücləndirilməsi, Azərbaycanla qarşıdurma ilə bağlı konkret qərarlardır. Bundan əlavə, seçicilər üçün ikinci vacib mövzu sosial-iqtisadi problemlərin həllidir.

Yerli media yada salır ki, keçmiş müdafiə naziri, general Arşak Karapetyan Rusiyanın Ermənistandakı agenturasının, “5-ci kolon”unun ən fəal fiqurlarından sayılır... 

Baş nazir Paşinyan onu vəzifəsindən məhz Moskva ilə sıx bağlılığına görə uzaqlaşdırıb. 2023-cü il oktyabrın əvvəlində fəal siyasətə gəldiyini bəyan edən A.Karapetyan həmin il dekabrın 14-də Moskvadan canlı yayımla “Ümumerməni cəbhəsi”nin yaradıldığını elan edib.

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

Elçin Mirzəbəyli

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Elçin Mirzəbəyli təsis qurultayı üçün 5 aprelin seçilməsini təsadüfi saymır: “Arşak Karapetyan siyasi hərəkat yaradacağı ilə bağlı ilk bəyanatını 2023-cü il oktyabrın 5-də verib. Onun rəhbərliyi ilə "Ümumerməni cəbhəsi" hərəkatı yaradılıb. Serj Sərkisyan və Robert Köçəryana yaxın olan partiyalar və qeyri-hökumət təşkilatları bu hərəkata qatılıblar. Hərəkat bir neçə aksiya keçirib, amma kütləviliyə nail ola bilməyib. Hazırda Arşak Karapetyanın yeni yaradılacaq partiyasının təşəbbüs qrupunun rəhbəri Serj Sərkisyanın ən yaxın adamlarından biri, vaxtilə Respublika Partiyası sədrinin, yəni Serj Sərkisyanın müşaviri olmuş Ovanes Şqinyandır. Arşak Karapetyanın partiyanın İrəvanda, “Armenia Mariott” hotelində keçiriləcək qurultayına videbağlantı vasitəsilə qoşulacağı barədə məlumat isə onun ölkənin sərhədlərindən kənarda olduğunu düşünməyə əsas verir. Ermənistan mediasının yayımladığı məlumata görə, Karapetyan hazırda Moskvadadır və partiyanın yaradılacağı barədə müraciətini də məhz Rusiyanın paytaxtından edib. Çox güman ki, həm Serj Sərkisyana, həm Köçəryana, həm də birbaşa Moskvaya bağlı olan qüvvələr Arşak Karapetyanın ətrafına toplaşacaqlar. Daha doğrusu, artıq bu istiqamətdə atılan addımlar nəzərə çarpır. Partiyanın təsis qurultayının aprelin 5-də keçirilməsini də təsadüfi hesab etmirəm. Məlum olduğu kimi, həmin gün Nikol Paşinyan Brüsseldə ABŞ və Avropa İttifaqının rəsmiləri ilə görüşəcək. 

Qənaətimə görə, Karapetyanın anti-Qərb, anti-Paşinyan qüvvələrinin önünə çıxarılması, Ermənistandakı hakimiyyət dəyişikliyinin hərbi-siyasi yolla baş verə biləcəyi ehtimalını yaradır".

Ermənilər təxribatları intensivləşdirir: sülh prosesini yenə kim pozmaq  istəyir? - rəylər

 Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Karapetyan kartından Paşinyana qarşı geniş istifadə olunacağını bildirdi: “Hələ aprel döyüşləri zamanı Ermənistan ordusunda kəşfiyyat fəlaiyyətinə cavabdeh olan, sonra Baş Qərargah rəisinin müavini və daha sonra isə Ermənistan müdafiə naziri olmuş Arşak Karapetyanın Rusiyaya bağlı bir fiqur olduğu heç kimə sirr deyil. Elə Paşinyan da 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Karapetyanı özünə müşavir təyin etməklə və daha sonra 2021-ci ildə müdafiə naziri təyin etməklə əslində Rusiyadan olan təzyiqləri yumşaltmaq məqsədi güdürdü. Vəzifəsindən azad ediləndən sonra bir müddət səssiz-səmirsiz qalan Arşak Karapetyan 2023-cü ilin sonlarından etibarən siyasi fəaliyyətlə məşğul olacağını bəyan edərək Paşinyanı satqınlıqda, ölkənin milli maraqlarına zərbə vurmaqda günahlandırmağa başladı. 

Onun “Ümumerməni cəbhəsi” adlı partiya yaradacağını başqa yerdə yox, məhz elə Moskvada elan etməsi də əslində onun növbəti Rusiya projesi olduğuna şübhə yeri qoymur. Əslində heç o özü də bunu gizlətmir. Açıqlamalarında davamlı olaraq Rusiya və İranla münasibətlərin inkişafının ölkə üçün prioritet olduğunu deyərək, Ermənistanın bu iki ölkə ilə daha sıx əməkdaşlıq etməsinin vacib olduğunu bildirir. 

Rusiyanın Ermənistanda yeni bir fiquru ortaya çıxarmaq təşəbbüsləri də əslində başa düşüləndir. Rusiyanın Ermənistandakı müttəfiqləri Köçəryan və Sərkisyan onlara olan etimadı doğrulda bilmədilər. Hər ikisinin hakimiyyəti dövründə Ermənistanda olan, korrupsiya və rüşvət, özbaşınalıq əhalinin geniş kütləsinin onların ətrafında birləşməsini mümkünsüz etdi. İkinci bir tərəfdən, həm Sərkisyan, həm də Köçəryan Qarabağ klanına aid şəxslər idi və onlarla yerli ermənilərin münasibəti birmənalı deyildi. 

Odur ki, Rusiya bu dəfə Karapetyanı önə sürməklə Paşinyana qarşı yeni cəbhənin açılmasını təmin etmək istəyir. Təbii ki, Karapetyan maksimum şəkildə əvvəlki hakimiyyətlərin dövründə üzdə olmayan, başqa sözlə desək, mənfi reputasiyası olmayan şəxsləri ətrafına toplamağa çalışacaq. Ermənistanda indiki revanşist əhval-ruhiyyə fonunda Karapetyan kimilərin ətrafında toplaşmaq üçün kifayət qədər adam tapmaq mümkündür.  

Təbii ki, indiki situasiyada, yəni Ermənistan ictimaiyyətində böyük əksəriyyətin üzünü Qərbə tutduğu bir zamanda Arşak Karapetyanın uğur qazanması elə də asan məsələ deyil. Bunu yəqin ki, Rusiya da başa düşür. Amma ən azından Paşinyan hakimiyyətinə təzyiqləri artırmaq baxımından bu kartdan aktiv şəkildə istifadə olunacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR