İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı biznesmenlərin pullarının müsadirəsi üçün yeni proses

693 24.08.2022 09:40 İqtisadiyyat A A

“Qərb Rusiyanın pullarının Ukrayna vətəndaşlarının xeyrinə istifadə edilməsi üçün “yaşıl işıq” yandırıb”

Rusiyaya tətbiq olunan sanksiyalar üzrə müsadirə olunan vəsaitlərin Ukraynaya verilməsi istiqamətində bir sıra qərarlar olub. Bir qrup qərbli hüquqşünas isə Rusiya şirkətlərindən və sanksiyalara məruz qalan Rusiya vətəndaşlarından 1 trilyon dollara qədər vəsait almaq qərarına gəlib.

“McCue Jury & Partners” və “Mishcon de Reya” firmalarına rəhbərlik edən hüquqşünaslar hazırda bununla əlaqədar məhkəməyə iddia ərizəsi hazırlamaqla məşğuldurlar. Onlar özlərini “Ukrayna Ədaləti Alyansı” adlandırıblar. Müsadirə olunan pulların böyük hissəsi, əgər iddiaçılar qalib gəlsə, Rusiyanın işğalından əziyyət çəkən ukraynalılara veriləcək, investorlar və hüquqşünaslar isə onların faizlərini alacaqlar. Prosesin çətin keçəcəyi və aylarla uzanacağı gözlənilir. Çünki aktivlərin əhəmiyyətli bir hissəsi qeyri-şəffaf ofşor yurisdiksiyalarda yerləşir, ona görə də onların çıxarılması mürəkkəb və uzun bir proses tələb edir. Fridman, Abramoviç və Aven də daxil olmaqla, sanksiyaya məruz qalan 20-yə yaxın rusiyalı milyarderin də onlara qarşı tətbiq olunan məhdudiyyətlərdən Avropa Məhkəməsinə müraciət etməsi vəziyyəti çətinləşdirir.

Londonda yerləşən “McCue Jury & Partners” şirkətinin qurucu ortağı Ceyson Makkyunun sözlərinə görə, hüquqşünaslar artıq 200 milyard dollar dəyərində aktivləri müəyyən ediblər. İndi vəkillər 50 min ukraynalı qaçqın adından Böyük Britaniyada sanksiyalar altında olan ruslara qarşı məhkəmə iddiaları açmaq üçün əlavə maliyyə mənbələrini axtarırlar. UNİAN agentliyi isə Avropa İttifaqının məhkəmənin qərarı ilə həbs edilmiş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı direktiv hazırladığını xəbər edib. Bu baş verərsə, Rusiya üçün ciddi zərbə ola bilər.

Fikrət Yusifov: “Prezident İlham Əliyev heç vaxt neftə güvənməyib...”

 Fikrət Yusifov

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a şərhində bildirdi ki, Qərb Rusiyaya qarşı yönəltdiyi sanksiyaların effektivliyini artırmaq üçün mümkün olan hər şeyi edəcək: “Çoxları bu müharibənin tezliklə bitəcəyini düşünsə də, əslində bu ”xəmir" hələ çox su aparacaq. ABŞ və Avropa İttifaqının məqsədi Rusiyanı çökdürməkdir. Bu isə tətbiq olunan sanksiyaların dairəsinin genişləndirilməsindən və onların səmərəliliyinin artırılmasından çox asılı olacaq. Qərb Rusiyanı çökdürüb, parçalamaqda israrlıdır. Heç şübhəsiz, bu yolda onun uzun dövr üçün xüsusi bir planı mövcuddur və onun reallaşdırılmasına Rusiya Ukraynaya hərbi təcavüz etməyə başladığı məqamdan start verilib. Rusiyalı milyarderlərin əmlakına həbs qoyan Qərb məhkəmələrdə Rusiya iş adamlarının hər hansı uğur qazanmasına imkan verməyəcəkdir. Əslində bunun üçün yetərincə əsaslar da var. Belə ki, qeyri-demokratik və korrupsiyanın tüğyan etdiyi bir ölkədə sağlam fəaliyyət göstərən iş adamlarından söhbət gedə bilməz. Belə bir natəmiz fəaliyyət meydanında biznesdə uğur qazanmaq üçün istənilən iş adamı mütləq haradasa çirkaba bulaşır. Qərb də bunu çox yaxşı bilir. Odur ki, adıçəkilən rusiyalı iş adamlarının Qərbdəki məhkəmələrdə uğur qazanmaq şansı yox səviyyəsindədir. Qərb Rusiyanın aktivlərinin, çirkaba bulaşmış iş adamlarının əmlaklarının müsadirəsini və müsadirə nəticəsində əldə olunan vəsaitlərin Ukraynaya, onun işğaldan ziyan çəkmiş vətəndaşlarının xeyrinə istifadə edilməsi üçün yaşıl işığı artıq çoxdan yandırıb".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR