İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsi - zülmətə qərq olan Kiyev, qaranlıq sonuc...

1434 03.11.2022 10:00 Son xəbər A A

Hikmət Cavadov: “Rusiya Ukraynanın paytaxtına son günlərdə 103 hava hücumu edib, onların bir çoxunu İrandan alınmış dron və X-32 hipersəsli raketlərlə həyata keçirib”

Rusiya oktyabrın 31-dən başlayaraq Ukraynanın paytaxtı Kiyevi intensiv atəşə tutmağa başlayıb. Ukrayna mətbuatının yazdığına görə, paytaxt Kiyevdə vacib infrastruktur obyektlərinə raket zərbələri endirilib. Nəticədə şəhərin bir çox hissəsində işıq və suyun verilişi dayandırılıb.

Rusiya artıq bir neçə gündür ki, təkcə paytaxt Kiyevi deyil, bir çox böyük şəhərləri raket atəşinə tutur. Təkcə oktyabrın 31-i səhər saatlarında bir çox ərazilərdə 15-ə yaxın raket atəşi olduğu məlum olub. Kiyev, Vinnitsa və Poltava vilayət hərbi idarələrinin rəhbərləri hava hücumundan müdafiə sistemlərinin işini rəsmən təsdiqləyiblər. Bundan əlavə, yerli kanallar Dnepr və Zaporojye ətraflarında partlayışlar barədə məlumat verirlər.

Daxili işlər nazirinin müşaviri Anton Geraşşenko özünün “Telegram” kanalında Ukrayna səmasında düşmənin 40-a yaxın raketinin olması barədə məlumatın olduğunu bildirib.

Hazırda Ukraynada, paytaxt Kiyevdə son vəziyyət necədir?

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət haqda “Yeni Müsavat”a danışıb:

“Hazırda Ukraynanın Donbas vilayətində Rusiya qüvvələri üç istiqamətdə hücuma keçiblər. Orada əsasən Rusiyanın 155-ci desant qoşunları, eləcə də "vaqnerçilər" döyüşlərdə iştirak edir,  artilleriya vasitəsilə həmin ərazidə dinc sakinlərin məskunlaşdığı əraziləri atəşə tuturlar. Yəni daha çox məhz mülki əhalinin yaşadığı yerlər bombalanır. Bu, Ukrayna hərbçilərinə mane olmaq üçün nəzərdə tutulan plandır".

WhatsApp Image 2022-11-03 at 10.59.45.jpeg (43 KB)

Hikmət Cavadov hazırda da Kiyevdə bomba səslərinin eşidildiyini bildirdi:

“Ola bilsin ki, bu havadan  müdafiə qurğularının vurmuş olduğu dronların və yaxud qanadlı raketlərin partlayış səsləridir.

Ümumiyyətlə isə son günlərdə Rusiyanın hücumu  nəticəsində Kiyevdəki infrastukturun 40 faizi sıradan  çıxıb, dağıdılıb. Məqsəd qarşıdan soyuq qış gəlir və infrastrukturun sıradan çıxması ilə Ukraynanın paytaxtı Kiyevin  sakinləri arasında psixoloji gərginlik, xaos yaratmaq, xalqı müharibənin dayandırılmasını tələb etməyə yönəltməkdir. Çünki son döyüşlərdə Ukrayna Silahlı Qüvvələri böyük qələbələr qazanmaqdadır. Məsələn, Xarkov vilayətində işğal olunmuş ərazilərin geri qaytarılması,  Xersonda irəliləyişin olması. Hətta  Ukrayna rəsmiləri bugünlərdə açıqlama verərək bildirdilər ki, tezliklə Xerson vilayəti tam azad olunacaq. Əlbəttə ki, bu xəbər Rusiyanı  çox narahat edir.

Ukraynaya dost olan 12 ölkə artıq Kiyev və digər şəhərlərdə dağıdılan infrastrukturun bərpa olunması ilə bağlı öz dəstəklərini ifadə ediblər. Amerika Kiyevin  infrastrukturunun bərpası üçün 55 milyon ABŞ dolları  ayıracağını deyib və 1600 xüsusi generator və avadanlıqlar göndərib".

Hikmət Cavadovun sözlərinə görə, Rusiya Ukraynanın paytaxtına son günlərdə 103 hava hücumu edib ki, onların da bir çoxunu İrandan alınmış dron və X-32 hipersəsli raketlərlə həyata keçirib:

“Ümumiyyətlə, son günlərdə İranın Rusiyaya silah verməsi və Rusiyanın İran dronları ilə hücuma keçməsi məsələsi dünyada müzakirə olunur. Lakin məlum olduğu kimi, Almaniya Ukraynaya İRİS-T Hava Hücumundan Müdafiə (HHM) sistemləri verib və bu sistemlər havadan olan hücumların qarşısını daha yaxşı alır”.

Diaspor rəhbəri təmsil etdiyi təşkilatın müharibə şəraitində qalan diaspor nümayəndələrinə daim yardımlar etdiyini deyib:

“Təşkilatımız onlara hər cür hüquqi və digər yardımlar göstərir, ərzaqlar çatdırır, daim əlaqədə olur.

Diasporumuzun üzvləri arasında Ukrayna Silahlı Qüvvələri sırasında yer alan, şəhid və yaralı olanlar var. Onlardan bəziləri milli qəhrəman adına layiq görülüb və yaxud göstərdikləri xüsusi şücaətlərə görə Prezident tərəfindən medalla təltif olunub".

309294814_2056111911246691_6775062874532878287_n.jpg (45 KB)

Odessada yaşayan tanınmış azərbaycanlı jurnalist Anar Natiqoğlu isə Ukraynadakı son vəziyyəti bu cür dəyərləndirdi:

“Həftənin əvvəlində demək olar ki, bütün böyük şəhərlər yenə də raket və dron hücumuna məruz qaldı. Xüsusən də mülki insanların yaşadığı binalar, mülki infrastruktur, elektrik sistemləri, stansiya və yarımstansiyalar hədəf götürülür.

Cəbhə xəttində elə bir ciddi  yerdəyişmələr yoxdur. Hər iki tərəfdən itkilər var. Əsasən Rusiya tərəfdən həm texnika, həm də canlı qüvvələrin itkisi çoxdur. Artıq Rusiyanın canlı itki qüvvəsi savaş başlayandan bu günə qədər 70 min nəfəri ötüb.

Yaşadığım Odessa şəhəri ilə bağlı isə əsasən “taxıl dəhlizi” məsələsi müzakirə olunur. Məlum olduğu kimi, Rusiya təxribatlar etmək üçün dəhlizdən çıxdığını açıqlayıb. Lakin dəhlizin qarantiya ölkələrindən biri olan Türkiyənin naziri açıqlama verdi ki, Rusiyanın çıxmasından asılı olmayaraq bu dəhliz işləyəcək".

Xalidə Gəray,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR