İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “sülhməramlıları” və separatçıların “Biz birik” layihəsi - plan deşifrə olundu

3172 11.12.2022 22:54 Yazarlar A A

Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib, Rusiya hərbi kontingentinin müvəqqəti təsir zonasına qaçması xəbəri yayılanda bunun bir oyun və Azərbaycana qarşı planın tərkib hissəsi olduğunu yazmışdıq. Artıq buna heç kəsin şübhəsi qalmayıb, Vardanyan-Volkov əməkdaşlığı artıq o dərəcədə inkişaf edib ki, onlar qoşalaşıb, Azərbaycanın rəsmi qurumlarının əməkdaşlarının Ağdərəyə gedən yolunu kəsdilər.

Bununla heç bir rəsmi statusları olmadan 2 ildir Azərbaycan ərazisində ermənilərin keşiyini çəkən Rusiya sülhməramlıları faktiki olaraq “pisməramlılar” statusunu rəsmiləşdirmiş oldular. Volkov əvvəlcə Azərbaycan jurnalistlərini, ardınca isə Ağdərədəki qiymətli filizlər yataqlarında monitorinq aparmaq istəyən nümayəndə heyətimizin yolunu kəsdirməklə həm özünü, həm də “sülhməramlı” oyunu oynayan rəhbərliyini ifşa etdi. Rusiya hərbi kontingentinin komandanı bir neçə açıqlaması ilə gündə bir rəngə düşdüyünü, gündə bir hava çaldığını nümayiş etdirdi, həm də hərbçiyə yaraşmayan şəkildə.

WhatsApp Image 2022-12-11 at 22.55.14.jpeg (129 KB)

Jurnalistlərimizin sıxışdırmasından sonra “biz toponimləri Azərbaycan tərəfinin istədiyi şəkildə yazırıq, sadəcə Rusiya Müdafiə Nazirliyində toponimlər dəyişdirilir” - deyən general-mayor əsir taleyi yaşasaydı, kimləri və neçəyə satardı, çox maraqlıdır. Ermənilər bir az sıxma-boğmaya saldılar, dərhal valı çevirdi və əvvəlcə Suqovuşan-Ağdərə yolunda başıpozuq separatçıları Azərbaycanın maşın karvanının qarşısına çıxartdı, ardınca da digər istiqamətdən vardanyanlara “qorxmayın, yolu kəsin, yanınızdayam” -ismarıcını yolladı.

Bəli, Vardanyan-Volkov cütlüyü Qarabağın yuxarı hissəsindəki cinayətləri gizlətmək istəyirlər, talanan qızıl, mis, molibden mədənlərini, darmadağın edilən flora-faunamızı, yerlə bir edilən yaşayış məskənlərimizi, abidələrimizi, məscidlərimizi... Həm də Rusiya hərbi kontingenti Qarabağa girən andan bu torpaqlardan rədd olmalı olduğu halda, bu günədək torpaqlarımızda sülənən erməni terrorçu dəstələrini, onlara məxsus silah-sursatı, hərbi texnikanı. Məlumat var ki, Qarabağda hazırda azı 20-25 min silahlı var! Bu isə o deməkdir ki, Rusiyanın 1960 – rəsmi rəqəmdir, əslində hərbi kontingentin faktiki sayının 7-10 min arasında olduğu barədə məlumatlar dəfələrlə yayılıb – hərbçisi 20-25 min erməni terrorçusunun təsiri altındadır! Əgər Şuşa-Xankəndi yolundakı postda da rus hərbçilərlə yanaşı, rus hərbi mundirinə bürünmüş erməni canilər dayanıb, Azərbaycan media nümayəndələrinin yolunu kəsibsə, kameralar qarşısında tam ifşa olunmamaq üçün maskalanıblarsa, artıq şübhə yeri yoxdur ki, hazırda erməni terrorçu birləşmələr Rusiya hərbi kontingentinə hərtərəfli yardım edir, milyarder Vardanyan pulu ilə, Qarabağda istismar olunan qızıl yataqlarından, digər ehtiyatlarımızdan, sərvətlərimizdən qazandıqlarını yarı bölməklə, yeməyi ilə, digər ləvazimatları ilə... Ukraynada başı qarışmış  Rusiyanın əli çatmır Qarabağdakı “sülhməramlı”lara, bu, təbiidir. Deməli, onlar üçün Ruben adında “sağlam inək” yollayıb, qidalandırsın Volkov və başının dəstəsini. Bu gün volkovlar və vardanyanlar cinayət ortaqlarıdır! Deməli, onlar Azərbaycana qarşı cinayətlərinin açılmasında heç zaman maraqlı ola bilməzlər, monitorinqlərin davamlı şəkildə keçirilməsi barədə razılığın pozulmasının anlamı budur.

Razılaşmanın əldə olunduğu görüşə Azərbaycan jurnalistlərini buraxmayan Volkov masa ətrafında Vitaliy Balasanyan kimi caninin oturmasına imkan yaratmaqla da gerçək simasını nümayiş etdirmişdi. Bununla Rusiya və Azərbaycan prezidentlərinin bu ilin fevralında imzaladıqları müttəfiqlik haqqında bəyannamənin ilk maddəsini pozmuş oldu Volkov, separatçılığa qarşı birgə mübarizə beləmi aparılır?! Amma görün buna görə Moskvadan Volkova kimsə “gözün üstə Ruben var” deyən oldumu? Yox! Azərbaycan Xarici İşlər Nazirliyinin etiraz notasına reaksiya da gözləmirik. Bundan sonra hansı etirazımıza ciddi reaksiyaları olub ki? Heç Şuşa istiqamətinə atılmış İskəndər-M raketilə bağlı suallarımızı da cavablandırmayıblar...

Bəli, Volkov özünü Volski kimi aparır, erməni separatçıları da 80-ci illərin sonlarına, 90-cı illərin əvvəllərinin havasına giriblər. Getdikcə özlərini inandırmağa çalışırlar ki, məqsədlərinə çatacaqlar. Rusiyanın “sülhməramlıları” da 366-cı alay statusunda görünür artıq! Bu gedişlə Azərbaycan tərəf bu kontingentin Qarabağı tərk etməsi üçün 5 ilin sonuncu 6 aylığını gözləyəsi olmayacaq, çünki özbaşınalıq aşıq miqyas almaqdadır.  Vardanyan “mən Qarabağdan getməyəcəyəm” deyir. Bu cəsarəti onda yaradan rus hərbçiləridirsə, onların burada daha çox qalması ölkəmizə təhlükə vəd edir.  

Yazını hazırlayarkən erməni mediasında iki xəbər diqqətimi cəlb etdi. Biri budur ki, Qarabağdakı separatçıların rəhbərliyi Azərbaycan ekoloqlarının monitorinqinə imkan verilməməsindən həvəslənərək daha da quduzlaşdıqlarını nümayiş etdiriblər, təbii ki, Rusiya kontingentinin yaratdığı şəraitin fonunda. İkinci xəbərdə isə deyilir ki, ilin əvvəlində Rusiya sülhməramlılarının iştirakı ilə “Biz birik” “çoxmillətli” (?!) könüllülər layihəsi “artsax” məktəblərində 6 yeni kompüter sinfi təchiz edib. Bildirilir ki, bu gün də Rusiya sülhməramlıları “artsax” məktəblilərinə yeni avadanlıq və proqram təminatı təqdim ediblər. Diqqət edin: “Biz birik” könüllü layihəsi! Hələ Rusiya hərbçilərinin şüarına baxın: “Biz haradayıqsa, orada sülh var!” Gülməli deyilmi?..

Artıq günbəgün bizdə şübhə qalmır, bəli, siz birsiniz! Vardanyan-Volkov birliyi də ortada! Ağdərə yolçuluğunda bunu növbəti dəfə gördük. Bu gedişlə birlikdə gedəcəksiniz, Azərbaycan dövlətinin iradəsi var ortada! Özü də Azərbaycan Ordusu olduğu yerdə Türkiyə ordusu da var!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR