İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya iqtisadiyyatı üzünü Şərqə çevirir - səbəb

729 28.10.2023 10:00 İqtisadiyyat A A

Bu, Azərbaycan üçün nə deməkdir; hökumət prosesdən qazanclı çıxa bilər, əgər...

Rusiya Federal Gömrük Xidmətinin (FGX) rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov ölkə ticarətinin artıq Şərq və Cənub ölkələrinə yönləndirilməsini “baş vermiş fakt” adlandırıb. O, Çin və Türkiyə ilə yanaşı, Azərbaycan, İran və Özbəkistanın da perspektivli ticarət tərəfdaşları sırasında adlarını çəkib.

Onun sözlərinə görə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-logistika dəhlizləri əsasən formalaşıb və onlar üzrə yük dövriyyəsi 20-35 faiz artıb: “Rusiyanın xarici ticarətinin öz üzünü Qərbdən Şərqə və Cənuba dönüşü faktiki olaraq reallaşıb. Rusiyanın yeni ticarət tərəfdaşları Rusiya bazarını tərk etmiş Qərb şirkətlərini əvəz edir”.

Qeyd edək ki, Qərb sanksiyaları Rusiyanın əvvəl çox önəm vermədiyi bazarlara və ticarət yollarına diqqətinin artmasına gətirib çıxarıb. Bu bazarlar həm Rusiyaya Qərbin almadığı mallarını satmağa, həm də Qərbin ona satmadığı malları almağa imkan verir. Bu baxımdan, Rusiyanın ən çox gözləntiləri Hindistan və Çinlə bağlıdır. Son vaxtlar Pekinin Rusiyanın qarşılıqlı ticarəti artırmaq tələbinə yetərli həvəs göstərməməsi fonunda Moskva Hindistanla ticarəti önə çəkməyə başlayıb. Ötən ildən bəri Rusiya nümayəndə heyəti 4-5 dəfə Dehliyə gedərək, almaq istədikləri malların siyahısını təqdim ediblər. Doğrudur, Hindistan şirkətləri Qərbin sanksiya siyahısında olan malların Rusiyaya satışına maraq göstərmirlər, lakin buna baxmayaraq, ölkələr arasında ticarət artır. Bu ilin 8 ayında qarşılıqlı ticarətin həcmi 43,8 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründən 2 dəfədən də çox artım deməkdir. Səkkiz ayda Rusiya Hindistana 41,2 milyard dollarlıq əsasən neft-qazdan ibarət olan mal satıb, oradan 2,6 milyard dollarlıq mal alıb. Bu zaman Hindistandan idxal 1,5 dəfə artmış olub. Yaxınmüddətli dövrdə Rusiyanın Hindistandan idxalının daha böyük sürətlə artması gözlənilir. Moskva həmçinin digər Asiya ölkələrindən də idxalın artmasında maraqlıdır.

Proseslərin gedişatı göstərir ki, yaxın onillikdə bu ehtiyac nəinki azalmayacaq, əksinə, daha da artacaq. Bu proses Azərbaycan üçün kifayət qədər böyük imkanlar açır. Belə ki, Rusiya 2000-ci ildən bəri gündəmdə olan, Hindistandan məhsulların Avropaya daşınmasını nəzərdə tutan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsini prioritet layihə statusuna qaldırıb. Malların ötürülməsində iştirak edən İran da bu layihədən böyük qazanc götürməyə çalışır. Ötən ildən başlayaraq hər iki ölkə bu dəhlizin müxtəlif seqmentləri üzrə inkişaf imkanlarını araşdırmaqdadır. Yarım ildən çox davam edən araşdırmalardan sonra Moskva və Tehran dəhlizin Azərbaycan ərazisindən keçən Qərb marşrutunun üzərində dayanıblar.

Sanksiyalar Rusiya iqtisadiyyatı üçün nə qədər dağıdıcı ola bilər?- TƏHLİL

Xatırladaq ki, Azərbaycan bu layihəyə on il əvvəl qoşulub. Ölkəmiz İran üzərindən Hindistandan, Fars körfəzi ölkələrindən gələcək yüklərin Rusiyaya, Avropaya ötürülməsində iştirak etmək niyyətini büruzə verib, layihənin icrasında aktiv iştirak niyyətini bəyan edib. Lakin uzun müddət İran və Rusiyanın layihəyə ciddi maraq göstərməməsi üzündən onun icrası ləngiyib. İran dəhlizin bir seqmenti olan Qəzvin-Rəşt dəmiryol xəttini 8 ilə güclə çəkib başa çatdırıb. Bu ölkənin dəmiryol sistemini Azərbaycan dəmiryollarına birləşdirəcək Rəşt-Astara dəmiryol xəttinin tikintisi isə Bakıdan 500 milyon dollarlıq güzəştli kredit alınmasına rəğmən, başlanmayıb.

2023-cü il mayın 17-də İran və Rusiya prezidentlərinin iştirakı ilə Tehranda iki ölkə arasında Rəşt-Astara dəmiryol xəttinin tikintisinə dair sazişin imzalanması mərasimi keçirilib. Sazişə əsasən dəmiryol xəttinin layihələndirilməsi, tikintisi, tikintiyə xidmət və malların təminatını iki ölkə birlikdə maliyyələşdirəcək.

Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya və İran 2030-cu ilədək dəmiryol daşımalarının həcmini ildə 15 milyon tona çatdırmaq niyyətindədirlər. Onun sözlərinə görə, ötən il ölkələr arasında yükdaşımaların həcmi avtomobil və digər nəqliyyat növlərini nəzərə almaqla 5 milyon tona çatıb: “Biz razılaşmışıq ki, ölkələr arasında yalnız dəmiryol daşımalarının həcmi ildə minimum 15 milyon ton təşkil edəcək. Özü də bu, yalnız tranzit yüklərə aiddir. Gələcəkdə biz bu gücləri daha genişləndirəcəyik. Bu layihə Süveyş kanalının alternativi olmaq potensialına malikdir”.

Rusiya Mərkəzi Bankı faizini “çox uzun müddət” yüksək səviyyədə saxlayacaq  | marja.az

Rusiyanın Asiya ilə daşımalarda Azərbaycan üzərindən keçən marşruta marağı səbəbsiz deyil. Belə ki, Rusiya daşımaçı şirkətlərinin məlumatına əsasən Asiyadan İran ərazisi ilə Xəzər dənizi üzərindən Rusiyaya yükdaşımaların müddəti bu ilin martında 60 günə, daşıma xərci 20 futluq bir konteyner(TEU) üçün 2 dəfəyə yaxın artmaqla 7 min dollara çatıb. Yükdaşıyan gəmilərin çatışmazlığı bir tərəfə, Rusiyanın Xəzər sahilindəki limanları artan yüklərin vaxtında ötürülməsini təmin edə bilmir: terminallar, kranlar, hətta limanları daxili dəmiryolları ilə əlaqələndirən xətlər çatışmır. Yüklərin Volqa-Don kanalına ötürülməsi də mümkün olmur, Volqa çayı və kanalda suyun səviyyəsi kəskin aşağı düşüb. Kanalda gəmilərin hərəkəti üçün suyun dərinliyi minimum 4,2 metr olmalıdır, lakin ilin 152 günündə bundan aşağı olur. Kanalda dərinləşdirmə işlərinin 2027-ci ilədək aparılması planlaşdırılır.

Daşıma şirkətlərinin ortaq hesabatına əsasən bu ilin əvvəlindən Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 60 faizlik artım var. Mövcud infrastruktur artan yüklərin vaxtında daşınmasına imkan vermir. Nəticədə, Xəzər üzərindən daşımaların müddəti 45 gündən 60 günə çatıb. Yüklərin Hindistandan Rusiyaya çatdırılması 55 günə, Afrika və Cənubi Amerikadan çatdırılması isə 65 günə başa gəlir. Yük artımı qiymətlərin də qalxmasını şərtləndirib - 40 futluq konteynerin daşınma xərci 3450 dollardan 6000-7000 dollara yüksəlib.

Dekabr-mart aylarında Xəzər üzərindən daşımalar kəskin azalır - gəmilər buzqıran müşayiəti üçün əlavə haqq ödəməlidilər. Buzqıranların azlığı üzündən gəmilər yola düşmək üçün Həştərxanda 6-7 gün gözləməli olurlar. Həştərxan limanında eyni vaxtda 3 gəminin yan ala biləcəyi 16 terminal var. Lakin terminallarda yükü boşaltmaq üçün kranlar, daşımaq üçün dəmiryol xətləri çatışmır. Nəticədə, yüklü gəmilər boşaldılmaq, boş gəmilər yüklənmək üçün 2 həftəylə növbə gözləyir. Limanın saxlama anbarlarının potensialı da çox zəifdir.

Dəniz yolundakı yüklənmə üzündən daşımaçılar yükləri Şərq (İran-Türkmənistan-Qazaxıstan-Rusiya) və Qərb (İran-Azərbaycan-Rusiya) marşrutlarına yönəldirlər. Lakin Şərq marşrutunda İran-Türkmənistan sərhədində dəmiryol sisteminin ötürücülük gücü çox aşağıdır. Yüklərin boşaldılması müddəti 5 günə çatır. Bu marşrutla daşıma xərci bir konteyner üçün keçən ilki ilə müqayisədə 44 faiz azalmaqla 7000 dollar təşkil edir. Bütün bunlara əsasən Rusiya daşımaçıları hesab edirlər ki, çatdırılma müddəti və qiymətə görə Süveyş kanalına yeganə alternativ dəhlizin Azərbaycandan keçən Qərb marşrutudur. Bu marşrutun indiki gücü ilə Hindistandan Rusiyaya yük 40 günə daşınır. Ötən ildən bəri bu marşrutla daşıma haqqı iki dəfə ucuzlaşaraq 6500 dollardan aşağı düşüb. Göründüyü kimi, Rusiya Şərqdən gələn yüklərin Azərbaycan üzərindən daşınmasını nəzərdə tutan marşruta boşuna maraq göstərmir. Və Rəşt-Astara xəttinin tikintisi də daxil olmaqla, İran dəmiryollarının təkmilləşdirilməsinə 1,3 milyard avro ayırmaq qərarı kifayət qədər ciddi əsaslandırmalardan qaynaqlanır.

Əlbəttə, Rusiyanın ticarətdə üzünü Şərqə çevirməsi könüllü seçim olmayıb, sanksiyalardan sonra məcburi addımdır. Hətta Ukraynada müharibəni dayandırsa belə, yaxın onillikdə sanksiyaların tam aradan qalxacağı, Qərbin Rusiyaya etimadının əvvəlki həddə bərpa olacağı real deyil. Bu baxımdan, Azərbaycan həm Rusiyaya və Rusiyadan məhsulların Şərqə və əksinə daşınmasında tranzit ölkə kimi qazanc əldə edə biləcək, həm də Şimal qonşunun dünya bazarında qiymət diskontuna məruz qoyulan məhsullarını daha ucuz qiymətə almaq imkanı qazanacaq. Ukraynadakı işğalçı müharibə başlayandan ölkələr arasında ticarətin həcmində ciddi artım var. Rusiya hazırda Azərbaycanın İtaliyadan sonra ən böyük ticarət tərəfdaşı, idxalında birinci yerdə gələn ölkədir. Bu ilin 9 ayında Rusiyadan ölkəmizə 2 milyard 269,5 milyon dollarlıq mal və məhsul idxal olunub, bu ölkəyə ixracımız isə 864 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə Rusiyadan idxalımız 1.9 milyard dollar, ixracımız isə 627,5 milyon dollar olmuşdu.

Rusiyadan idxalımızın mühüm hissəsini buğda, günəbaxan, süd məhsulları, mal-qara və digər ərzaq malları təşkil edir. Hansı ki, hazırda həmin məhsullar dünya bazar qiymətindən xeyli aşağı qiymətə satılır. Məsələn, Rusiya buğdası orta bazar qiymətindən 20 dollar aşağı qiymətə ticarət olunur. Bu, ərzaqlıq buğda tələbatının 70 faizdən çoxunu Rusiyadan qarşılayan Azərbaycan üçün daxili bazarda ərzaq inflyasiyasını cilovlamaq baxımından imkanlar yaradır.

Doğrudur, Rusiyanın ticarətdə ağırlığı Asiya və Şərqə salması Azərbaycan üçün bir sıra problemlər də yaradır: idxal məhsullarının ucuzlaşması daxili istehsala mənfi təsir göstərir. Lakin hökumət müxtəlif güzəştlərlə yerli sahibkarları qorumaqla bu təsiri neytrallaşdıra bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR