İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya iqtisadiyyatı iflas ərəfəsində - Azərbaycanı və MDB məkanını nə gözləyir...

2773 09.08.2022 08:10 İqtisadiyyat A A

Rəşad Həsənov: “Təsirlər qaçılmazdır, amma Azərbaycanın onları minimuma endirmək imkanları var”

ABŞ-ın Yale Universitetinin alimləri apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər ki, Rusiya iqtisadiyyatı iflas ərəfəsindədir. Onlar Rusiya iqtisadiyyatının sanksiyalardan sonra hansı vəziyyətdə olduğunu araşdırıblar. Nəticə tədqiqatçıların araşdırmasında yazıldığı kimi, “dağıdıcıdır”.

Araşdırma göstərir ki, Avropa ölkələri rus qazından necə asılıdırlarsa, Rusiya büdcəsi də qaz satışından bir o qədər asılıdır. Araşdırmada vurğulanıb ki, Rusiya tərəfindən ölkənin iqtisadiyyatının sarsılmayacağı haqda deyilənlər inandırıcı deyil. Yale alimləri diqqəti Rusiyanın dövlət statistikasının açıqladığı məlumatların xarakteri və keyfiyətinə cəlb edirlər. Belə ki, alimlərin müşahidəsinə əsasən bütün mənfi tendensiyaları sanksiyaların təsiri hiss olunmayan birinci rübün göstəricilərini önə çəkməklə ört-basdır etməyə çalışırlar. Son iki ayın göstəriciləri ayrılıqda açıqlanmır - çünki onlar sanksiyaların iqtisadiyyatda yaratdığı dərin problemləri üzə çıxarır. May ayından etibarən Rusiya hökuməti neft-qaz hasilatı və ixracına dair detallı məlumatların açıqlanmasının müəyyən müddətə dayandırıldığını elan edib. Lakin bu, günlərdə aydın olub ki, ölkənin may ayında neft-qaz ixracından gəlirləri əvvəlki aylarla müqayisədə yarıdan çox azalıb. Xarici ticarət göstəricilərini də Rusiya qurumları, demək olar ki, açıqlamırlar. 

Tədqiqatda deyilir ki, son 5 ay ərzində 1000-dən çox xarici şirkət Rusiyanı tərk edib. Bu şirkətlərin Rusiya iqtisadiyyatına yatırımları, həmçinin dövriyyələri birlikdə 600 milyard dollardan yuxarı təşkil edir. Bu isə Rusiyanın ümumi daxili məhsulunun 40 faizinə bərabərdir.  Ölkəni tərk edən şirkətlərin və onlara xidmət göstərən firmaların müəssisələrində 5 milyon nəfər rusiyalı işləyirdi.

Tədqiqatçıların fikrincə, iki amil iqtisadi problemlərin meydana gəlməsində mərkəzi rol oynayır: bir tərəfdən istehsal dayanıb və digər tərəfdən hazırda itirilmiş şirkətləri, məhsulları və mütəxəssisləri əvəz edəcək potensial yoxdur. Rusiya rəhbərliyinin bütün səylərinə baxmayaraq, ölkənin xarici texnologiyalardan asılılığını yerli istehsal hesabına aradan qaldırmaq mümkün deyil. Rusiya 2014-cü ildən bu istiqamətdə bir neçə proqram həyata keçirsə də, hər hansı ciddi nəticələrə nail ola bilməyib: çünki bu ölkənin elmi, texnoloji potensialı yetərli deyil. Həmçinin qeyd edilib ki, müharibə başlayandan bəri 500 mindən çox insan Rusiyanı tərk edib. Onların 50 faizi ali təhsillidir.

Həm idxal, həm də ixrac biznesi sanksiyalardan ciddi əziyyət çəkir.

Kremlin neft-qaz satışında da ciddi itkiləri var. 2022-ci ilin yanvar-iyulunda “Qazprom” şirkəti qaz hasilatını ötən iin eyni dövrü ilə müqayisədə 12 faiz (35,8 milyard kubmetr) azaldıb. Şirkət yeddi ayda 262,4 milyard kubmetr qaz hasil edib.

Bu dövrdə şirkətin uzaq xaricə qaz ixracı 34,7 faiz(40 milyard kubmetr) azalmaqla 75,3 milyard kubmetr təşkil edib. Həmçinin bu dövrdə Rusiyanın daxili şəbəkəsindən qaza tələbat 2 faiz azalıb.

Şirkət bildirir ki, hesabat dövründə Avropa Birliyində qaz istehlakının azalması qlobal qaz tələbatını azaldan əsas faktora çevrilib: “İlkin qiymətləndirmələrə əsasən, 2022-ci ilin yeddi ayında qaza olan qlobal tələbat 35 milyard kubmetr azalıb. Eyni dövrdə Avropa Birliyinin 27 ölkəsində qaz istehlakı 31 milyard kubmetr düşüb”.

Bu ilin yeddi ayında “Qazprom” yalnız Çinə ixracı artıra bilib. “Sibirin gücü” kəməri ilə Çinə qaz nəqli ötən ilin eyni dövrü ilə müqayisədə 60,9 faiz artıb. Altı aylıq dövrdə artım 63,4 faiz idi. Bu isə o deməkdir ki, iyulda kəmərlə nəql həcmi azalıb.

Rusiya iqtisadiyyatı təkcə ixracdan asılı deyil. Yale alimlərinin araşdırmasına görə, malların idxalı ümumi daxili məhsulun təxminən 20 faizini təşkil edir. Eyni zamanda idxal olunan material və avadanlıqlar  Rusiya istehsalının mühüm hissəsini təmin edir. Ukrayna müharibəsi başlayandan bəri idxal 50 faizdən çox azalıb. Məsələn, may ayında Avropa Birliyindən Rusiyaya ixrac 49 faiz az olub. Hətta sanksiyalara qoşulmayan, Rusiyadan neft-qaz alışını artıran Çindən belə bu ölkəyə idxal kəskin azalıb. Dəyər ifadəsində yanvar-iyulda 5,4 faizlik artım qeydə alınsa da, həcm ifadəsində demək olar ki, bütün mal pozisiyaları üzrə azalma var. Bunun əsas səbəbi kimi, sanksiyalardan ehtiyatlanan bir neçə iri Çin bankının Rusiyaya ixrac əməliyyatlarını maliyyələşdirməkdən imtina etməsi göstərilir.

Alimlər araşdırmada izah ediblər ki, Putin hazırda iqtisadi xaosa dövlət subsidiyaları ilə reaksiya verir: sanksiyalardan zərərçəkən sahələrə, əhali qruplarına böyük həcmdə dövlət vəsaitlərini nəzərdə tutan proqramlar işə salınır. Bunun nəticəsində də Rusiyanın dövlət xərcləri sürətlə artır, büdcəsində böyük boşluq yaranır. Araşdırmada bildirilir ki, Kremlin maliyyə imkanları - “qaragün” üçün ehtiyatları əvvəllər düşünüldüyündən də pis vəziyyətdədir. İş o yerə çatıb ki, ölkənin maliyyə naziri Anton Siluanov 2022-ci ilin yekununda Rusiya dövlət büdcəsində kəsirin yaranacağını etiraf edib. O, kəsirin maliyyələşdirilməsi üçün Milli Stabillik Fondunun vəsaitlərinin 25 faizinin büdcəyə verilməsini təklif edib. Onun sözlərinə görə, kəsirin həcmi Rusiya ÜDM-nin 2 faizinə bərabər olacaq.

Rəsmi məlumata əsasən, iyun ayında Rusiyanın ÜDM-i ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalıb. İkinci rüb ərzində ÜDM 4 faiz kiçilib. İqtisadiyyatın əsas sahələrindən ən çox azalma pərakəndə ticarətdə - illik ifadədə 18,3 faiz, aylıq ifadədə isə 15,5 faiz qeydə alınıb. Nəqliyyatda yükdaşımaların həcmi isə illik ifadədə 5,8 faiz azalıb. Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına əsasən ÜDM-in illik kiçilməsi 7,8 faizə bərabər olacaq.

Beləliklə, Yale alimləri tezliklə Rusiyada sanksiyaların dağıdıcı gücünün təsirlərinin daha açıq hiss olunacağını, ölkə iqtisadiyyatının kəskin problemlərinin üzə çıxacağını proqnozlaşdırırlar. Aydın məsələdir ki, iqtisadi problemlər insanların sosial narazılığının artması, siyasi çəkişmələrin güclənməsinə rəvac verəcək. O da məlumdur ki, Rusiyada kəskin iqtisadi-siyasi problemlərin yaşanması, bu ölkənin iqtisadi böhrana yuvarlanması xüsusilə də ona qonşu olan ölkələrə təsirsiz ötüşməyəcək. Bu baxımdan, şimal qonşumuzda baş verən proseslərin Azərbaycanı da təsirləndirəcəyi şübhəsizdir: Rusiya ölkəmizin idxalında ilk yerlərdədir. Xüsusilə tikinti, maşınqayırma, ərzaq, əczaçılıq məhsulları idxalımızda bu ölkənin payı böyükdür. Eyni zamanda qeyri-neft, əsasən də kənd təsərrüfatı məhsullarının ixracında Rusiya birinci yerdədir. Bu şəraitdə Rusiyada baş qaldıracaq sosial-iqtisadi probləmlərin, siyasi gərginliklərin Azərbaycana hansı təsirləri mümkündür? Azərbaycan bu təsirləri minimumlaşdırmaq imkanlarına malikdirmi?

Rəşad Həsənov: “Bizdə vergi yükü niyə bu qədər çox olmalıdır?” - Müsahibə

Rəşad Həsənov

Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Yale Universiteti alimlərinin həyata keçirdikləri araşdırmanın nəticələri reallığı əks etdirir: “Rusiya hazırda süni gövdə nümayişi ilə məşğuldur: var qüvvəsi ilə sanksiyaların təsirinin çox az olduğunu göstərməklə gələcək sanksiyaların effektivliyinə şübhə yaratmaq, bununla da Qərbin sanksiya siyasətindən imtina etməsinə nail olmağa çalışır. Eyni zamanda Moskva bununla daxildə sosial-siyasi narazılıqların yaranmasının qarşısını almaq məqsədi güdür. Lakin əlbəttə ki, Rusiya iqtisadiyyatının sürətli çöküşünün başlandığını göstərən faktorlar özünü büruzə verməkdədir. Xüsusilə ikinci rübün nəticələrinə əsasən iqtisadiyyatda ciddi geriləmə qeydə alındı. Halbuki ilin əvvəlində artım proqnozlaşdırılırdı, Ukraynada müharibə başlayana qədər - yanvar-fevral aylarında artım da vardı. Altı ayın yekunlarında iqtisadi azalmanın qeydə alınması göstərir ki, Rusiya iqtisadiyyatında çox ciddi problemlər var və onlar getdikcə dərinləşir. Təbii ki, Rusiyada yaranacaq bu problemlərin, iqtisadi çöküşün region, xüsusilə postsovet ölkələri üçün sosial-iqtisadi itkilərlə nəticələnəcəyi gözləniləndir. Azərbaycan, Qafqaz, Orta Asiya ölkələri aspektindən baxsaq, bu ölkələrin hər biri üçün bir neçə istiqamətli təzyiq formalaşır. Əvvəla, bu ölkələrin hər birindən kifayət qədər böyük sayda əmək miqrantları Rusiyada çalışaraq ölkələrinə vəsait göndərirlər. Rusiyada iqtisadi çöküş həm bu pulların dayanması, həm də ölkələrə miqrantların kütləvi geridönüşü demək olacaq. Məsələn, Azərbaycanda 3 milyona yaxın insan Rusiyada işləyir. Onların əksəriyyətinin buradakı ailə üzvlərinin xərclərinin böyük hissəsi Rusiyadan göndərilən pullarla təmin olunur. Rusiyada problem yarandığı təqdirdə oradakıların mühüm hissəsi geri qayıdacaq. Bu geridönüş dalğası ölkənin əmək bazarında rəqabətin artmasına, şərtlərin ağırlaşmasına, hətta özəl sektorda əməkhaqqı səviyyəsinin aşağı düşməsinə gətirib çıxara bilər. Bu, xüsusilə Rusiyadan göndərişlərdən daha çox asılı olan bölgələr üçün daha kəskin problemlər deməkdir. Məsələn, Cənub bölgəsində ailə büdcələrinin hər 100 manat gəlirinin 30-40 manatı Rusiyadan göndərilən remintenslərdən formalaşır. Gəncə-Qazax bölgəsində bu göstərici hər 100 manatın 20-25 manatına bərabərdir. Amma Dağlıq Şirvanda vəziyyət tam fərqlidir, asılılıq qat-qat aşağıdır. Buna görə də Rusiyadan remitenslərin dayandırılması, yaxud azalması cənub və Gəncə-Qazax bölgələrində daha ağır təsirlərə malik olacaq. Nəzərə alsaq ki, hər iki bölgə sərhədyanıdır, pandemiyaya qapanmalarına əhali qədər xırda sərhədyanı ticarətdən gəlir əldə edirdi və artıq 2 ildir bundan məhrum olub, onda Rusiyadan da göndərişlərin dayanacağı halda bu bölgələrdə sosial vəziyyətin nə qədər ağırlaşacağını təsəvvür etmək çətin olmaz”.

Ekspert bildirir ki, Rusiyanın idxalı artırması da bir təzyiq formalaşdıra bilər: “Sanksiyalar uzaq xaricdən Rusiyaya idxalı kəskin azaldıb. Belə şəraitdə qonşu ölkələrdən idxalı stimullaşdırmağa başlayıb. Bu isə Azərbaycan və digər ölkələrin daxili bazarında bahalaşmaya gətirib çıxara bilər. Azərbaycan kiçik bazardır, buradan məhsulların, həmçinin Rusiyaya satışı qadağan olunan məhsulların ixracının sürətli artımı qıtlığa və qiymətlərin sürətlə bahalaşmasına səbəb ola bilər. Hökumət mümkün qədər bu riskləri sığortalamağa çalışmalıdır. Amma beynəlxalq təşkilatların, reytinq agentliklərinin bu günə yanaşması ondan ibarətdir ki, indiki konservativ mövqe müəyyən mənada Azərbaycanı Rusiyadakı böhranın təsirlərindən qismən də olsa sığortalayır. Eyni zamanda konfliktin təsiri ilə enerjidaşıyıcılarının bahalaşması fonunda gəlirlər artır ki, bu da zəruri hallarda əhalinin aztəminatlı təbəqələrinə birbaşa yardım proqramlarının icrasına imkan verər. Bundan əlavə, hökumət zəruri məhsulların ixracını məhdudlaşdırmaqla riskləri minimuma endirə bilər. Düşünürəm ki, Rusiyada iqtisadi böhranın ətraf ölkələrə təsiri qaçılmazdır, lakin Azərbaycan digər ölkələr, xüsusilə də Orta Asiya ölkələri ilə müqayisədə bu təsirləri minimuma endirmək üçün daha yaxşı imkanlara malikdir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR