İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya buğdasının qiyməti düşdü, ixracı azaldı

674 24.10.2023 11:45 İqtisadiyyat A A

Oktyabrın 1-dən 20-dək Rusiya xaricə 3,48 milyon ton buğda satıb.

Musavat.com xəbər verir ki, Rusiya Taxıl İttifaqının monitorinqinə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz azdır.

Birliyin analitik departamentinin direktoru Yelena Türina "İnterfaks"a bildirib ki, ixracın mövsümün əvvəlindən müşahidə olunan müsbət dinamikası mənfiyə doğru dəyişib. Oktyabrın 1-dən 20-dək əsas taxıl növlərinin ixrac həcmi 3 milyon 840 min ton təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 12,6 faiz azdır. İxracın əsasını buğda təşkil edib.

Onun proqnozuna görə, oktyabrda ümumilikdə 5,1 milyon ton buğda ixrac edilə bilər: "Ötən mövsümdə oktyabrda 5,4 milyon ton buğda daşınıb. Bu, son 6 ildə oktyabr ayı üçün maksimum göstəricidir".

Birliyin məlumatına görə, Rusiya buğdasının əsas alıcıları olan Türkiyə və Misir oktyabrda alışı azaldıb. Belə ki, Türkiyəyə ixrac 40 faiz azalaraq 435 min tona, Misirə 55 faiz azalaraq 424 min tona düşüb. Üçüncü yerdə 276 min ton buğda göndərilən Banqladeşdir ki, bu da bir il əvvəlkindən 38 faiz azdır. Əvəzində keçən il Rusiyadan buğda almayan Pakistana 229 min ton buğda satılıb. Əlcəzairə ixrac isə 42 faiz artaraq 188,5 min tona çatıb. Bundan başqa, Yəmənə keçən illə müqayisədə 1,6 dəfə çox - 136 min ton, Keniyaya isə 1,7 dəfə çox - 107 min ton buğda ixracı qeydə alınıb.

Yelena Türinanın sözlərinə görə, Rusiya buğdasını idxal etməyən bir sıra Afrika ölkələri də oktyabrda alıcılar arasına daxil olub: Anqola 38,5 min ton, Mərakeş 27,3 min ton, Uqanda isə 18 min ton buğda alıb.

Ayın əvvəlindən Rusiya buğdasının (FOB Novorossiysk) qiymətləri 2 faiz azalaraq bir ton üçün 235 dollar təşkil edib. Eyni zamanda fransız buğdasının qiyməti nisbətən sabitdir - 250 dollar, oktyabrın əvvəlində bir ton üçün 249 dollar olub. Beləliklə, Rusiya buğdasının Avropa buğdası ilə müqayisədə endirimi bir ton üçün 15 dollar təşkil edir. Amerika buğdası 4 faiz bahalaşaraq bir ton üçün 260 dollar olub.

Qeyd edək ki, Beynəlxalq Taxıl Şurası 2023-2024-cü il mövsümündə Rusiyanın buğda ixracı proqnozunu 49,1 milyon tona qədər artırıb. Bu, cari ildə də əlverişsiz hava şərtlərinə rəğmən, Rusiyada bol məhsul əldə olunması ilə bağlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR