İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ABŞ kimi Qarabağ məsələsini BİTMİŞ sayırmı? – Kremlə naqolay SUAL

770 05.06.2026 12:39 Yazarlar A A

Azərbaycanın Ermənistan üzərində tarixi zəfəri gerçəkdən, bir çox “layları” tərpətmiş oldu. O sırada erməni işğalçı-separatçıların xarici havadarlarının ənənəvi səfini əməllicə pozdu. Onları pərən-pərən saldı.

ABŞ dövlət katibi Marko Rubionun dünən Vaşinqtonda söylədiyi “Azərbaycan və Ermənistan arasında münaqişə başa çatıb” sözləri bu xüsusda kifayət qədər qiymətli və ibrətamiz açıqlama sayıla bilər.

Bəllidir ki, Nikol Paşinyan hökuməti də neçə vaxtdır eyni şeyi deyir: “Qarabağ konflikti daha mövcud deyil”. Paşinyan separatçı hərəkatı davam etdirməyi üstəlik, Ermənistanın təhlükəsizliyi üçün təhdid sayır. Onun seçki təbliğat kampaniyası da belə bir sülh tezisi üzərində - 29.7 min kv km-lik “real Ermənistan” narrativi üzərində qurulub.

Yeri gəlmişkən, Baş nazir dünənki teledebat zamanı Azərbaycanla münaqişəyə məhz “Qarabağdakı separatizmin səbəb olduğunu” və nəticədə “Ermənistan dövlətinin resurslarının açıq-aşkar faydasız istiqamətdə xərcləndiyini” bəyan edib...

Bəs Rusiya? O da ABŞ kimi konfliktin tarixdə qaldığını etiraf edə bilərmi? Putin Paşinyanla bu mövzuda eyni mövqedədirmi? Ermənistanda Moskvaya bağlı proksi-qüvvələr, radikala müxalifət necə, münaqişənin bitiyi ilə razılaşırmı?

Əfsus ki, cavablar daha çox neqativdir, nəinki pozitiv. Hər halda, biz Paşinyanla Putin arasında Kremldəki son gərgin söhbəti yaxşı xatırlayırıq. O zaman Rusiya prezidenti “Qarabağ mövzusunun həssas məsələ olduğunu” söyləmişdi.

Qəribədir, deyilmi? Əgər bu adda problem yoxdursa, hansı “həssaslıqdan” danışılır? Yaxud Putin daxil, Moskvanın yüksək çinli rəsmilərinin Nikol Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atdığı üçün hələ də ittiham eləməsini hara yozaq? Nəhayət, təzəlikcə Moskvada, Stavropolda Azərbaycana qarşı təşkil olunan “artsax” təxribatları, qondarma sərgilər nə idi, hansı məqsədə xidmət edirdi?

Əlbəttə, sualların əksəriyyəti ritorikdir. Yəni, cavablar bəlli.

Aradakı əsas fərq isə ondadır ki, ABŞ-nin Güney Qafqazla bağlı Rusiya kimi “Qarabağ kartı” deyilən bir qayğısı, dərdi yoxdur, olmayıb da. Doğrudur, Birləşmiş Ştatlar illərlə separatçı rejimə maliyyə yardımı göstərib, bəzi konqresmenlər qanunsuz şəkildə işğal bölgəsinə səfər ediblər. Ancaq indi yeni status-kvonu, Azərbaycanın hərbi zəfərini artıq qəbul edirlər...

Üstəgəl, Ağ Evə, Trampa indi regionda sabitlik, sülh və əmin-amanlıq şəraiti lazımdır ki, TRIPP (Zəngəzur dəhlizi) layihəsinin reallaşması gecikməsin. Bu isə böyük ölçüdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasndan keçir. Şərti bəlli.

Əliyev, Tramp və Paşinyan birgə bəyannamə imzalayıblar

Moskvanı ən çox təlaşlandıran da bu. Rusiya artıq “qatarın” getmək üzrə olduğunu görür. Ancaq rəsmi Moskva günahı heç kimdə yox, özündə axtarmalıdır. Nədən ki, münaqişənin ədalətli həll açarı uzun on illər məhz onda – Kremldə olub.

Təəssüf ki, Moskva bu açardan həmişə sui-istifadə edib. Nəticədə, arada xeyli qan tökülüb, faciələr, etnik təmizləmələr baş verib. Yekun etibarilə Rusiyaya qarşı nəinki Azərbaycan xalqının, hətta vassal Ermənistanın və ermənilərin də inam-etibarı itib...

İndi təzədən mələk obrazına girmək alınarmı? Səmimi görünərmi? Ümumiyyətlə, gec deyilmi?

Gecdir. Odur ki, əgər şimal qonşumuz hələ də özünün “həyati maraqlar zonası” hesab elədiyi Cənubi Qafqazda heç olmasa, bundan sonra az-maz hörmət-izzət yiyəsi olmaq istəyirsə, onda zorakı variantlardan, təhdid-şantaj siyasətindın təcili əl çəksin. Bakı və İrəvan arasında davam edən sülh prosesinə əngəl yaratmasın, onun məntiqi sonluğa çatmasına kömək edə bilmirsə, barı mane olmasın...

Z. SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR