İnsanlara hürriyət, millətlərə istiqlal!

RƏSULZADƏNİN BÜSTÜ BAKI ŞİN ZAVODUNDAN TAPILDI

3598 02.10.2011 09:37 Ölkə A A
Bakı Dövlət Universitetinin həyətində də illər öncə mərmərdən bir daş qoyulub və üstündə də yazılıb: “Burada M.Ə.Rəsulzadənin büstü ucalacaq”. Ancaq indiyədək büst ucaldılmayıb.
Müstəqilliyin 20-ci ildönümü ərəfəsində isə ona qarşı laqeyd münasibətin daha bir nümunəsi ortaya çıxıb. Belə ki, Ziya Bünyadov prospektində fəaliyyətini dayandırmış Bakı Şin Zavodunun həyətində M.Ə.Rəsulzadənin büstü baxımsız vəziyyətdə qalıb.
Ərazidə olarkən zavodun mühafizəçiləri bildirdilər ki, hazırda bura Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır: “Zavod fəaliyyət göstərmir. Ancaq onun ayrı-ayrı yerləri özəlləşdirilib və icarəyə verilib. Büstlə bağlı bizdə hansısa məlumat yoxdur”.
Zavod da məskunlaşan məcburi köçkün ailələri isə deyir ki, illərdir Rəsulzadənin büstü baxımsız vəziyyətdədir. Kəlbəcər rayonundan olan məcburi köçkün Kamran Tahirovun sözlərinə görə, dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, buna əhəmiyyət verən olmayıb: “Özüm müəllim işləmişəm. Ancaq imkanımız olmayıb ki, bu büstü təmir etdirək. Hər dəfə ona baxanda ürəyimiz ağrıyır. Azərbaycan Demokratik Cümhuriyyətinin banisinə qarşı münasibət çox pisdir. Tarixin heç bir məqamını unutmaq olmaz. O, Şərqdə ilk demokratiyanı bizə bəxş edib. Xalqımız qarşısında onun xidmətlərini hökumət bu cür ”qiymətləndirir". Rəhmətlik Heydər Əliyevə ölkənin az qala hər yerində heykəli ucaldılıb. Nə olar ki, Rəsulzadəyə də birini ucaltsalar?"
Zəngilan köçkünü Barat Paşayev isə deyir ki, bir neçə dəfə Rəsulzadənin büstünü dağıtmaq istəyiblər: “Ancaq sonra fikirlərindən daşındılar. Dedilər burada ”ulu öndərə" heykəl qoyulacaq". Sakinlərin sözlərinə görə, həmin büstü vaxtilə zavodda ucaltdıran müəssisənin ozamankı direktoru Felmar Ələkbərli olub.
Hazırda Vətəndaş Həmrəyliyi Partiyasının Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərən Felmar Ələkbərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, həqiqətən 1989-1994-cü illərdə Bakı-Şin Zavodunun direktoru vəzifəsində çalışıb. Elə Rəsulzadənin büstünü də həmin vaxt ucaltdırıb: “1990-cı ilin qanlı 20 yanvar hadisəsindən təsirlənərək yanvarın 21-də həmin yerdə olan Leninin heykəlini dağıtdırdım. Aprel ayında, Leninin ad günündə də cümhuriyyətin banisi Rəsulzadənin büstünü uclatdırdım. Çünki Bakı Arxiv İdarəsinə Rəsulzadənin büstünün qoyulması ilə bağlı müraciət etsək də, buna cavab verən olmamışdı. Büstü gizlin düzəltdirmişdim. Ancaq o zaman bir səhvim oldu ki, heykəltaraşa Rəsulzadənin cavan vaxtı çəkdirdiyi şəkli verdim. Bu büstə görə çoxları məni lağa qoyurdular ki, o, Rəsulzadə deyil. Çünki əksəriyyəti onun orta yaşlarda çəkdirdiyi şəkillərini görmüşdü”.
F.Ələkbərlinin sözlərinə görə, atdığı bu addımına görə dəfələrlə təzyiqlərə məruz qalıb: “Mənə müsavatçı, cəbhəçi kimi baxırdılar. Hara gedirdimsə, bir növ qapılar üzümə bağlanırdı. Amma Məhəmməd Əmin Rəsulzadə üçün bu addımı atmağa dəyərdi. Sovet dövləti dağılmadan Leninin büstünü götürməyə heç kəs cəsarət etməzdi . Mən öz karyeramı kölgə altına alınmasına məhəl qoymadan, bu addımı atdım və buna görə çox xoşbəxtəm”.
F.Ələkbərli də deyir ki, ondan sonra zavoda rəhbərlik etmiş şəxs - Məhəmməd Abdullayev və başqaları büstü götürmək istəyiblər: “Onu dağıtmaq istədilər. Ancaq imkan vermədim. Sonra daha kimsə ona əl vurmağa risk etmədi. Ancaq bildiyimə görə, büstün altındakı mərmərlər dağıdılıb, özü isə bərbad vəziyyətə düşüb”. F.Ələkbərli bildirdi ki, büstün təmir edilməsi üçün zavod rəhbərliyinə müraciət edib, ancaq rəhbərlik bundan imtina edib.
Bu il M.Ə.Rəsulzadənin heykəlinin qoyulub-qoyulmayacağı və zavoddakı büstünün təmir edilib-edilməyəcəyi barədə suallarımızı isə rəsmi və aidiyyəti qurumlardan cavablandırmadılar. Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirdilər ki, bu barədə onlarda məlumat yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR