İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Sadıqov “Şerif” üzərində qələbəni belə şərh etdi

1409 12.07.2024 02:02 İdman A A

"Zirə”nin baş məşqçisi Rəşad Sadlqov “Şerif”ə (Moldova) 1:0 hesabı ilə qalib gəldikləri Avroliqanın birinci təsnifat mərhələsinin oyununu şərh edib.

QOL.az xəbər verir ki, Tiraspolda keçirilən oyundan sonra təşkil edilən mətbuat konfransında 42 yaşlı mütəxəssis bildirib ki, meydanda taktiki mübarizə gedib:

“Hər iki komanda üçün gərgin oyun alındı. Avrokubokların startında ilk matçlar həmişə bu cür keçir. Rəqiblərdən heç biri uduzmaq istəmirdi. Yekunda biz qol vurub qələbə qazandıq. Bu qələbə sayəsində cavab oyunu öncəsi kiçik üstünlük qazandıq. Biz bu gün ilk hissəni oynadıq. İkinci hissə Bakıda olacaq. Orada bizi çox məsuliyyətli qarşılaşma gözləyir”.

R.Sadıqov qeyd edib ki, indi rəqiblər biri-birini daha yaxşı tanıyır: “Hesab edirəm ki, cavab görüşündə hər iki tərəf daha hazırlıqlı olacaq. Bugünkü matçda hava çox isti idi. Bu da dinamik oyun sərgiləməyə çətinlik yaradırdı. Biz bir qədər daha dəqiq oynadıq”.

O, komandasının sonda fərqlənməsini hər hansı logika ilə əlaqələndirməyib: “Avropa çempionatında da sonda vurulan qollara şahidlik edirik. Görüşün sonlarında fiziki hazırlıq öz sözünü dedi. Uşaqlar həm də xarakter göstərdilər. Hətta rəqib də qol vursaydı, təəccüblənməyəcəkdim. Bərabər oyun getdi. Yaxşı ki, biz azacıq üstünlük qazandıq. Bakıda kimə qarşı oynayacağımızı bilirik”.

“Zirə”nin çalışdırıcısı indiki “Şerif”in daha əvvəl Madriddə “Real”ı məğlub edən komandadan zəif olmadığını vurğulayıb: “2-3 il əvvəlki “Şerif”lə indiki komandanı müqayisə etməyi düzgün saymıram. Səfərdə “Real”ı udmuşdular. Bu, hər zaman “Şerif”in tarixində qalacaq. Çünki hər komanda səfərdə “Real”ı uda bilmir. Təbii ki, həmin vaxtla müqayisədə komandada dəyişikliklər var. Lakin mən hesab etmirəm ki, bu “Şerif” “Real”ı məğlub edən komandadan zəifdir. Mövsümün əvvəli olduğun üçün biz də, rəqib də optimal formada deyil. İkinci matçda hər iki komanda fərqli görünəcək”.

Sadıqov matçın gedişində etdiyi əvəzetmələrdən də danışıb: “Hücum xəttini gücləndirməyi düşünürdük. Rəqib də hücumu gücləndirdi, biz də. Lakin hesab edirəm ki, bizdə əvəzetmələr rəqiblə müqayisədə bir qədər daha uğurlu alındı. Sonda hər iki tərəfin təhlükəli hücumları vardı. Ümumən yeni oyunçulardan məmnunam. Məşqlərdə də nəyə qadir olduqlarını görmüşük. Tam formanı bərpa etmək üçün, komandaya uyğunlaşmaq üçün zamana ehtiyac var. Artırmağa yerimiz var. Buna görə də mütləq şəkildə artırmalıyıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR