İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “Bu problemlərlə bağlı hansı tədbirlər görülür?”

2141 25.06.2024 13:18 Sosial A A

Milli Məclisdə Torpaq Məcəlləsinə dəyişiklik məsələsi müzakirə olunaraq ikinci oxunuşda qəbul olunub.

Musavat.com-un xəbərinə görə, deputat Razi Nurullayev bildirib ki, Məcəlləyə təklif edilən dəyişikliyə birinci oxunuşda müsbət səs verib və ikinci oxunuşda da müsbət səs verəcək:

“Xeyli mütərəqqi qanundur, ən azından irəliyə doğru atılmış addımdır. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatının çevik mexanizmi yaradılır, üzərində tikinti aparılması qaydaları müəyyənləşdirilir və digər məsələlər daxil edilib. Amma bu dəyişikliklər təəssüf ki, mövcud problemlərin hamısını həll edə bilmir. Bu gün kənd təsərrüfatı təyinatlı torpaqlar böyük miqdarda zəbt edilib, qanunsuz yollarla əldə edilib, qanuni sahiblərinin əlindən alınıb və s. Bunları sadalamaq istəmirəm, çünki ikinci oxunuşdur. Bir neçə sualım və fikirlərim var. Kənd təsərrüfatı təyinatlı torpaqlarda 5 hektar ərazinin bir faizi həcmində tikinti aparıla bilər. Əgər ərazi bir hektardırsa, daha azdırsa, daha çoxdursa, bu, necə hesablanacaq? Ola bilsin ki, bu var, mən başa düşə bilmədim. Qanunun 5-ci maddəsində deyilir ki, bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqana müraciət edirlər. Məsələ burasındadır ki, edirlər, amma nəticə yoxdur və istərdim ki, bu maddə daha aydın, səlis, məqsədi məlum xarakter daşısın və konkret problemləri əhatə etsin”.

R.Nurullayev digər məsələlərə də diqqət çəkib:

“Bu gün İmişli rayon Bəhrəmtəpə qəsəbəsi sakini 78 yaşlı Abdullayev Qüdrət Xasay oğlunu qəbul etdim. Qüdrət kişinin sıx kommersiya obyektləri arasında torpağı var və onu hərraca çıxara bilmir ki, yer örüş sahəsidir. Əgər örüş sahəsidirsə, o zaman digər yüzlərlə kommersiya və qeyri-kommersiya obyektləri, binaları necə tikilib? Bunu mübahisələndirmək istəmirəm, çünki reallıq hamımıza bəllidir. Bir neçə dəfə burada səsləndirmişəm və yenə də Torpaq Məcəlləsi ikinci oxunuşda müzakirə olunan zaman demək istəyirəm ki, analoji problemləri paket şəklində qanun layihəsinə daxil edib müzakirə etmək və mümkün olan məsələlərə birdəfəlik nöqtə qoymaq lazımdır. Kənd təsərrüfatı torpaqlarında kütləvi evlər və kommersiya obyektləri tikilib.

Kommersiya obyektlərinin qanuniləşdirilməsi ilə bağlı qanuna dəyişiklik edildi və yeni nələrsə də hazırlanır. Bütöv bir kəndin, qəsəbənin, yaxud onlarla qonşunun ortasında bir neçə sot torpaq qalıb və icazə verilmir ki, vətəndaş ev və ya kommersiya obyekti tiksin. Deyilir ki, yer kənd təsərrüfatı və ya örüş üçün nəzərdə tutulub. 2-3 sotda kənd təsərrüfatı məhsullar istehsal olunacaq? Neft şirkətinə məxsus torpaqlarda da kütləvi evlər tikilib və bəzi yerlər kimlər tərəfindənsə alınıb, yaxud kimlər tərəfindənsə vətəndaşa satılıb. Yüzlərlə, minlərlə sakinin yaşadığı ərazilərdə də ev tikintisi üçün əldə olunmuş 2, 3, 5-6 sot sahələr qalıb və onlara da tikinti üçün icazə verilmir. Bu məsələlər həllini tapmalıdır və istərdim ki, bilim, bu problemlərlə bağlı hansı tədbirlər görülür, planlar nədir?”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR