İnsanlara hürriyət, millətlərə istiqlal!

Quraqlıq taxılçılıqda məhsuldarlığı aşağı salıb

420 30.07.2020 09:50 İqtisadiyyat A A

Biçin başa çatır  - döyüş bölgəsində proses sakit keçib

Azərbaycanda taxıl biçini başa çatmaq üzrədir. İyulun 24-də Prezident İlham Əliyevin yanında keçirilən su təsərrüfatına həsr olunmuş müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimovun verdiyi məlumata görə, artıq 90 faizdən yuxarı taxıl sahələrində biçin başa çatdırılıb.

Bu il ölkə ərazisində (Naxçıvan MR istisna olmaqla) 973 749,35 hektar sahədə taxıl əkilib. Bunun 613460,35 hektarı buğda, 360289 hektarı isə arpa sahəsidir. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ölkə üzrə biçinə, ümumilikdə, 1700-dən çox taxılbiçən kombayn cəlb edilib. Bunun 700-dən çoxu “Aqrolizinq” ASC-yə məxsus olan, 990 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. “Aqrolizinq” xüsusi olaraq dağlıq ərazilərdə taxıl biçmək üçün nəzərdə tutulan 25 ədəd dağ kombaynı alıb. Bu kombaynlardan Lerik, Yardımlı, Şamaxı, Şəmkir rayonlarının dağlıq ərazilərindəki sahələrin biçilməsində istifadə olunub.

Ötən il olduğu kimi, bu il də “Aqrolizinq” ASC tərəfindən əvvəlcə 50 hektara qədər olan taxıl sahələri biçilir. Biçin qiymətləri də ötənilki kimi qalır, yəni 1 hektar taxıl sahəsi üçün biçin qiymətinin yuxarı həddi 38 manatdır.

KTN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynovun “Yeni Müsavat”a verdiyi məlumata görə, artıq ölkə üzrə taxıl biçinini başa çatmış da saymaq olar: “Bu il, şükür, biçin prosesində hər hansı problem yaranmadı. Ermənistanla sərhəd ərazilərdə də biçin problemsiz keçdi. Dünən Tovuzun Ağdam və Əlibəyli kəndlərinin sahələri biçildi”.

Vüqar Hüseynov: “Ötən illə müqayisədə məhsuldarlıq yüksəkdir”

Vüqar Hüseynov

Qeyd edək ki, bu il ölkə ərazisində müşahidə olunan kəskin quraqlıq taxılçılıq sahəsinə zərər vurub. Nazir İ.Kərimovun su təsərrüfatına həsr olunmuş müşavirədə verdiyi məlumata görə, taxılçılıqda məhsuldarlıq azalıb: “Bu ilin əvvəllərindən havaların quraq keçməsi, yağıntıların miqdarının azalması, əkin balansının əsas hissəsini təşkil edən taxılın becərilməsində problemlər yaradıb. Mart-aprel aylarında havaların yağıntılı olması vəziyyəti qismən xilas etsə də, bir sıra, xüsusilə aran rayonlarında 100 min hektar ərazidə taxıl sahələrinə ziyan dəymişdir. Suvarma problemi yaşanmayan digər rayonlarda məhsuldarlıq əvvəlki illə müqayisədə xeyli yüksək olsa da, quraqlıq keçmiş ərazilər səbəbindən bu il taxıl üzrə ümumi nəticə ötən ilə nisbətən 5,5 faiz az olub”

İnam Kərimov: Aqrar sektorda fəaliyyət bu gün xüsusi karantin ...

İ.Kərimov qeyd edib ki, iyulun 24-dək biçilmiş sahələr üzrə məhsuldarlıq 31,3 sentner təşkil edib. Həmin tarixədək 1,8 milyon ton buğda toplanıb.

İki gün əvvəl isə nazir jurnalistlərə hazırda biçinin dağlıq ərazilərdə aparıldığını bildirib: “Artıq taxıl zəmilərinin 90 faizində biçin prosesi başa çatıb. Hazırda yalnız dağlıq ərazilərdə yerləşən zəmilərdə biçin aparılır. Bu il biçinə yeni, müasir dağ kombaynlarının cəlb olunması relyefi çətin ərazilərdə biçin problemini həll etmiş oldu. Yeni kombaynlar ən çətin ərazilərdə itkiyə yol vermədən biçin apara bilirlər. Bu texnikalar Cənab Prezidentin ayırdığı vəsait hesabına alınıb və onun fermerlərə töhfəsidir”.

Nazir qlobal istiləşmə ilə əlaqədar quraqlığın bütün dünyada mənfi fəsadlar törətdiyini deyib: “Qlobal istiləşmənin ən böyük mənfi təsirini görən sahələrdən biri kənd təsərrüfatıdır. Fermerlər su çatışmazlığının mənfi nəticələrini aradan qaldırmaq üçün suvarmada müasir texnologiyalardan, innovativ üsullardan istifadə etməlidir. Bu gün Azərbaycanda bu üsullardan geniş istifadə olunur. Təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılması fermerlərə sudan qənaətlə istifadə etməyə imkan verir. Eyni zamanda müasir sulama üsulları məhsulun maya dəyərini aşağı salır, məhsuldarlığı çoxaldır, fermerlərin gəlirlərini artırır. Dövlət bu səbəbdən suvarma sistemlərini güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikası və avadanlığı siyahısına daxil edib. Fermerlərimiz 20 faiz ilkin ödəniş etməklə, bu müasir sistemləri alaraq təsərrüfatlarında istifadə edə bilərlər. Alınan məhsulun qiymətinin 40 faizini dövlət ödəyəcək, qalan 40 faiz isə banklar tərəfindən kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizlərini isə yenə dövlət ödəyir. Fermerlərimizi dövlətin yaratdığı bu güzəşt mexanizmlərindən yararlanmağa çağırıram”. 

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə dövlət büdcəsindən 40 milyon manat ayrılıb. Vəsait kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacı qarşılamaq üçün ayrılıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR