İnsanlara hürriyət, millətlərə istiqlal!

Qranadada qəbul edilən sənəd bizim xeyrimizədirmi?

5467 05.10.2023 22:48 Yazarlar A A

Qarabağdan gedən ermənilərlə bağlı bənddə Azərbaycanı ittiham etmək həvəsi aşkar görünməkdədir, amma təkcə bu da deyil...

Avropa Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz və Ermənistanın baş naziri Nikol Paşinyanın Qranada görüşündə qəbul etdikləri sənəd yenə də Azərbaycana qərəzli münasibəti göstərir. Paşinyanın Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan bəyanatı imzalaması bizim üçün yenilik deyil, zatən Ermənistanın baş naziri prinsipcə, bunu üçüncü dəfədir edir. Məlumdur ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi olaraq 2022-ci ilin 6 oktyabr Praqa və 14 may 2023-cü il Brüssel görüşündə tanyıb. Bunu yenidən digər dövlət başçılarının imzası olan bəyanatda da təsdiqləyibsə, lap yaxşı. Amma bu bəyanat, sənəd, adı nədirsə, Azərbaycanın mənafetinə zidd bəndlər yer alır.

Sənədə keçməzdən öncə bir məqamı qeyd edək. Belə görünür ki, Azərbaycan dövlət başçısının Qranadaya məlum səbəbdən getməməsi Ermənistana və onun dəstəkçilərinə “Bakı sülh danışıqlarından yayına bilər” kimi spekulyasiyalara yol aça bilər. "Azərbaycanın Qranada görüşündə iştirakdan imtinasını Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil". Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” hesabındakı paylaşımda belə qeyd edilib. “Fransanın Cənubi Qafqazda regional sülh və sabitliyi ciddi şəkildə pozan, Avropa İttifaqının regionla bağlı ümumi siyasətini riskə atan qərəzli hərəkətləri və hərbiləşdirmə siyasəti, həmçinin rəsmi Bakının təkidinə baxmayaraq, Türkiyənin region ölkəsi kimi iştirakına razılıq vermədiyinə görə Azərbaycan Qranada görüşündə iştirak etməmək qərarına gəlib. Biz də İspaniyanın bu formatda ev sahibi ölkə kimi iştirakını dəstəkləmişik.

Bəzi beynəlxalq media resurslarında bunu Azərbaycanın Ermənistanla danışıqlardan imtinası kimi təqdim etmək düzgün deyil”, - paylaşımda qeyd olunub. 

Screenshot_2.png (754 KB)

İndi sənədlə bağlı təfərrüatlara keçək. Əvvəla, bu sənəddə Azərbaycanın Qarabağdakı tam suverenliyini bərpa etdiyi mütləq vurğulanmalı idi. Çünki Qarabağda Azərbaycanın ərazi bütövlüyü Paşinyanın bəyanatlarına görə bərpa edilməyib, bu dövlətin ciddi səyləri və itkiləri hesabına başa gəlib, terrorçuları torpaqlarından təmizləyib. Azərbaycan xalqına təbrik gözləmirdik, amma tərəflər bunu mütləq vurğulanmalı idi ki, Azərbaycan 30 ildən sonra Qarabağda öz ərazi bütövlüyünü və suveren haqlarını bərpa edib, biz bu haqqı tanıyırıq. Halbuki qəbul olunmuş sənəddə tərəflər “Ermənistanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına sarsılmaz dəstəklərini” vurğulayıblar. 

Screenshot_1.png (624 KB)

İkincisi, Qarabağdan gedən ermənilərlə bağlı bənddə Azərbaycanı ittiham etmək həvəsi aşkar görünməkdədir. Sənəddə həmin bəndə diqqət edək: “Onlar(yəni sənədi imzalayanlar-N.S) son vaxtlar ermənilərin Qarabağa kütləvi şəkildə köçürülməsinin nəticələri ilə üzləşən Ermənistana əlavə humanitar yardımın göstərilməsinin zəruriliyi barədə razılığa gəliblər. Onlar vurğulayıblar ki, bu qaçqınlar heç bir şərt olmadan, beynəlxalq nəzarət altında və öz tarixlərinə, mədəniyyətlərinə və insan hüquqlarına lazımi hörmətlə öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüquqlarını sərbəst şəkildə həyata keçirə bilməlidirlər”.

Birincisi, “ermənilərin Qarabağdan kütləvi şəkildə köçürülməsi” nə deməkdir? Azərbaycana qərəzi olmayan, azacıq vicdanlı dövlətlər gördülər ki, Qarabağdan ermənilər köçürülməyiblər, özləri öz xoşları ilə gediblər. Bunu ABŞ Dövlət Departamenti də, BMT missiyası da öz bəyanatlarında təsdiqləyiblər. O səbəbdən sənəddə “ermənilərin köçürülməsi” ifadəsi tam yanlışdlır, Azərbaycana qarşı növbəti qarayaxma cəhdidir.

İkincisi, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyib gedənləri “qaçqın” adlandırılması da qərəzlidir. Ola bilsin, bu ifadə altında Ermənistanın dəstəkçiləri İrəvana xeyli maddi yardım etmək, digər beynəlxalq qurumlardan yardım qoparmaq istəyirlər, o səbəbdən erməniləri qaçqın kimi adlandırmaqda maraqlıdırlar. Amma Qarabağdan gedənlər heç bir halda qaçqın adlandırıla bilməz. 

Screenshot_3.png (869 KB)

Üçüncüsü, “qaçqınlar heç bir şərt olmadan, beynəlxalq nəzarət altında və öz tarixlərinə, mədəniyyətlərinə və insan hüquqlarına lazımi hörmətlə öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüquqlarını sərbəst şəkildə həyata keçirə bilməlidirlər” cümləsinin altında da xeyli sürüşkən mövqe sərgilənir. Azərbaycanın şərti bəllidir. Azərbaycan vətəndaşlığını qəbul edən hər bir erməni azərbaycanlıların və eləcə də ölkəmizdə yaşayan digər millətlərin hüquqlarına bərabər hüquq əldə edəcəklər. O halda, bəyanatda “heç bir şərt olmadan” ifadəsi yenə də Azərbaycanın ərazi bötüvlüyünə qarşı çıxmaq deməkdir. Brüssel, Almaniya və ya Fransa ölkəsinin vətəndaşlığını qəbul etməyəni öpüb gözü üstündəmi saxlayır? Dördtərəfli sənəddə Qarabağdan gedən ermənilərin beynəlxalq nəzarət altında qaytarılması haqda deyilənlər də absurddur, Azərbaycanın daxili işlərinə növbəti dəfə burun soxmaq cəhdidir. Olmaya, erməniləri Qarabağa qaval-zurna ilə gətirməliyik ki, “siz bizim dövlətimizi tanımırsız, amma Makronun canı, gəlin burada keyfiniz istədiyi kimi yaşayın”. Görürsüz, necə qeyri-ciddi səslənir. Amma bu sənədi qəbul edənlər ciddi dövlətlərin başında oturublar və düşünürlər ki, onların imzaladıqları sənəddəki belə “minaları” görməyəcəyik, hələ bir “sağ ol” da deyəcəyik. 

Screenshot_4.png (483 KB)

Nəhayət, Avropa liderləri “Ermənistan və Azərbaycanı bütün saxlanılanların azad etməyə və itkin düşənlərin taleyini həll etmək və minalardan təmizləmə səylərini asanlaşdırmaq üçün birgə işləməyə çağırıblar”. Azərbaycanda erməni diversantları var və onlara hökm oxunub. Yəni onlar saxlanılan şəxslər kateqoriyasına aid deyillər, məhkumdurlar. Ermənistan da iki günahsız əsgərimizə ağır cəza verib və onları neçə aydır qanunsuz həbsdə saxlayır. Əgər söhbət o məhbusların qarşılıqlı təhvil verilməsindən gedirsə, Azəbaycan hökuməti yəqin ki, bu barədə düşünür. Amma sənədin rus variantında məhz saxlanılan (освободить всех удерживаемых лиц) ifadəsi işlədilir. Bu ifadəni də dəqiqləşdirməyə ehtiyac var. Əgər söhbət saxlanılan separatçların “liderlərindən” gedirsə, əmin olsunlar ki, onların azadlığı yaxın illərdə olmayacaq.

Sərhədlərin delimitasiyası, sülh müqaviləsinin bağlanmasına, bütün humanitar məsələlərin həllinə, Ermənistan-Türkiyə sərhəddinin, eləcə də regional kommunikasiyaların açılması haqda çağırışlar isə təqdir edilə bilər. Amma o şərtlə ki, Avropa liderləri bunun üçün Ermənistana təzyiq etsinlər, çünki bu prosesi yubadan İrəvandır...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR