İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoşqar Təhməzli: “Sərhəddən geri göndərilən məhsullar təhlükəli deyil”

1438 14.04.2022 12:38 Müsahibə A A

“Təbii şəkildə mövcud olan, isti aylarda yüz km-lik məsafəni qət eləyə bilən bir böcəkdən söhbət gedir”

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Musavat.com-a geniş müsahibə verib. Agentlik rəhbəri son günlər müzakirə olunan məsələlərlə bağlı sualları cavablandırıb, eyni zamanda qida təhlükəsizliyi ilə bağlı vətəndaşları narahat edən mövzulara münasibət bildirib.

- Qoşqar müəllim, bu günlərdə məlumat yayıldı ki, Rusiya növbəti dəfə Azərbaycan sahibkarlarına məxsus 432 tonluq pomidor məhsullarını geri qaytarıb. Doğrudanmı pomidorda hansısa zərərli maddələr aşkarlanıb, yoxsa bu, sadəcə iqtisadi sanksiyanın tərkib hissəsidir?

- Xeyr, burada heç bir sanksiyadan söhbət getmir. Ümumiyyətlə, Azərbaycanda media mənsubları bu məsələyə hədddindən artıq həssas yanaşırlar. Amma əslində elə deyil. Burda iki cür yanaşma var. Birincisi, hər hansı bir məhsullara müvəqqəti məhdudiyyətin qoyulması…Azərbaycandan hal-hazırda ixrac olunan hər hansı bir məhsula müvəqqəti məhdudiyyət yoxdur. Yəni eyni zamanda pomidor və alma məhsulları ilə əlaqədar olan müvəqqəti məhdidiyyətlərin hamısı aradan qaldırılıb. O ki qaldı natifikasiyalarla – yəni təcili bildiriş vərəqələri ilə əlaqədar, bu, normal bir prosedurdur və ölkələrin bir-biri ilə iqtisadi münasibətlərini tənzimləyən bir məsələdir. Azərbaycanda bizim hörmətli media mənsubları bu məsələni həddindən artıq gündəmə gətirirlər. Amma əslində bu məsələ prosedir qaydadır. Siz götürüb baxsanız, görərsiniz ki, biz bu dövr ərzində Rusiya Federasiyasına daha çox natifikasiya vermişik, nəinki Rusiya Federasiyası bizə. Yaxud başqa ölkələrə bizim göndərdiyimiz natifikasiyaların sayına baxa bilərsiniz. Bu, nə üçündür? Dövlətlər bir-biri ilə idxal-ixrac prosedurlarını həyata keçirərkən onlar qarşıdakı dövlətə xəbərdarlıq edirlər və bildirirlər ki, sizing məhsullarda bu göstəricilər aşkarlanıb. Ölkə də öz ərazisində həmin məhsulla əlaqədar olan təsərrüfatda müvafiq tənzimləmə işlərini həyata keçirir. Yəni bu, adi bir prosedur qaydadır. Bundan əvvəl də Rusiya tərəfindən bizim məhsullarda zərərverici aşkarlanmışdı.

- Bu, nə vaxt olub?

- Bu, dövrü olur, həmişə olur. Özü də dünyanın hər yerində rast gəlinir. Əgər siz Avropanın aparıcı ölkələrini götürüb baxsanız, görərsiniz ki, ən aparıcı ölkələr ən çox natifikasiya olan ölkələrdir. Biomühəndislik sahəsində ən çox inkişaf etmiş ölkələrin ən çoxu virus və bakteriya göstəricilərinə görə ən çox natifikasiya alan ölkələrdir. Bizdə sadəcə media bu məsələyə bir az fərqli yanaşır.

- Bizim kənd təsərrüfatı məhsullarımız ixrac olunarkən Azərbaycan tərəfdə yoxlanılırmı?

- Bəli, mütləq.

- Belə çıxır ki, cavablar qarşılıqlı olaraq tanınmır, eləmi?

- Xeyir. O məsələ belə deyil. Orda yanaşma bundan ibarətdir ki, məhsul idxalçı dövlətin tələbinə uyğun yoxlanılmalıdır. Bir dövlət hansı idxal tələbi qoyursa…Həmin dövlətin öz idxal tələbləri var və o tələblərdə göstərilir ki, biz hansı şərtlərlə qida, bitkiçilik, heyvandarlıq məhsullarının idxalına icazə veririk. Eyni zamanda Rusiyaya idxal zamanı – Rusiyanın bütün dünya üçün qoyduğu idxal şərtləri var, o şərtlərə əməl edirik və hər bir məhsul üzrə yalnız həmin ekspertizalar aparılıb, müvafiq sağlamlıq sənədləri, yəni fitosanitar sertifikatlar, baytarlıq sertifikatları müşahidə olunduqdan sonra həmin məhsulun ixracına icazə verilir. Sadəcə olaraq məhsulda zərərvericinin aşkarlanması heç də o yüz faizlik təminat deyil. Burada təbii şəkildə mövcud olan isti aylarda yüz km-lik məsafəni qət eləyə bilən bir böcəkdən söhbət gedir. O böcəyin yumurtaları da həmin məhsulun tərkibində, yaxud o məhsulu nəql eləyən avtomobilin nəzdində qala bilər. Həmin göstəricilər də aşkarlanırsa, avtomatik olaraq həmin zərərvericinin göstəriciləri deməkdir. O halda da təcili bildiriş vərəqəsi verilir və məhsul geri qaytarılır.

- Hər halda ortada müttəfiqlik haqqında saziş var. Bu baxımdan siz pomidorun ixracına yaradılan problemlə bağlı Rusiyanın müvafiq qurumu ilə bu istiqamətdə müzakirələr aparmağı düşünürsünüzmü?

- Siz onu problem kimi görürsünüz, amma mən burda problem görmürəm.

- Ən azı sahibkar əziyyət çəkir, məhsulun geri qaytarılmasından əlavə xərclər ortaya çıxır...

- Bizim mütəmadi olaraq “Rosselxoznadzor”la (Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti-E.P.) işçi qaydada fəaliyyətimiz davam edir. “Selxoznadzor”un nümayəndələri dövrü olaraq Azərbaycana gəlirlər və bizim də ekspertlərimiz dövrü olaraq Rusiya Federasiyasında ezamiyyətdə olurlar və qarşılıqlı şəkildə iki qurum arasında əməkdaşlıq mövcuddur, bu əməkdaşlıq da getdikcə davam edir.

- Geri qaytarılan məhsulların sonrakı taleyi necə olur? Yəni daxili bazara yönəldilir?

- Bir vacib məqamı nəzərinizə çatdırmaq və xüsusilə vurğulamaq istəyirəm. İnsanlarda belə bir təəssürat yaranır ki, məhsullar geri qaytarılır və o məhsulların keyfiyyətində, təhlükəsizlik göstəricilərində problem var. Sonra həmin məhsullar Azərbaycan əhalisinə verilir. Bu, əsla belə deyil. Yəni həmin məhsulların geriyə qayıtma göstəriciləri onların heç də təhlükəsizlik göstəricilərinə aid deyil. Bu, onların zərərvericilərlə sirayətlənməsinin göstəriciləridir. Yəni həmin ölkə öz ərazisində həmin zərərvericidən qorunmaq məqsədilə məhsulu geri qaytarır. Bunun nə insan sağlamlığına, nə də məhsulun təhlükəsizlik və keyfiyyət göstəricisinə heç bir aidiyyatı yoxdur.

- Yəni qaytarılan belə məhsulları Azərbaycan vətəndaşı rahatlıqla istehlak edə bilər?

- Bəli, bəli. Rahat onu istehlak etmək olar.

- Azərbaycanın təhlükəsiz qida ilə təmin olunması istiqamətində hansı təşəbbüsləriniz, təklifləriniz var?

- Vallah biz səhərdən-axşama qədər ancaq elə təşəbbüsdən danışırıq. Qida təhlükəsizliyi sistemi həddindən artıq mürəkkəb sistemdir. Ölkəyə də qida məhsullarının idxalı zamanı həmin o risk əsaslı nəzarət sistemi tətbiq olunur. Bütün dünyada necə nəzarət olunursa, biz də anoloji olaraq eyni sistemi tətbiq edirik və eyni şəkildə də ölkəyə müxtəlif – aşağı riskli məhsullar, orta riskli və yuxarı riskli məhsullara münasibətdə risk əsaslı nəzarət sistemi ilə ölkəyə idxal olunur.

- Qidadan bəhs etdik. Bəs, içməli suyun tərkibi ilə bağlı narahatlığı bölüşürsünüzmü?

- Bu barədə müvafiq quruma bildirmək lazımdır. Çünki bizim nəzarət etdiyimiz sahə qablaşdırılmış sulardır.

- Təbii ki, həm də qablaşdırılmış suların saxlanma şəraiti, keyfiyyəti haqda şikayətlər var…

- Üzr istəyirəm, nəzarəti istehlakçı etməlidir. Siz əgər fikirləşirsinizsə ki, nəzarəti QTA etməlidir, yanılırsınız. Nəzarəti həyata keçirtməlidir istehlakçı. Hər bir istehlakçı qida nəzarətçisinə çevrilməlidir və bizim bundan öncə ən ciddi problemimiz ondan ibarətdir ki, bu məsələyə yanaşmada bir yanlışlıq var. Çünki həmişə nəzarət orqanına bir müfəttişlik kimi baxıblar və hesab ediblər ki, onlar mütləq və mütləq gedib hansısa inzibati tədbilər görməlidir, sərt reaksiya verməlidir. Bizimsə bu məsələyə yanaşmamız və təqdim olunan qanun layihəsi ondan ötəridir ki, ölkədə qida təhlükəsizliyi sahəsində yeni bir sistem qurulur. Elə bir system ki, həmin sistemin tətbiqi bizim süfrələrmizə təhlükəli qidanın gəlib çatmamasına imkan verəcək. Buna nəzarəti isə istehlakçı etməlidir, siz etməlisiniz! Hər bir Azərbaycan vətəndaşı etməlidir. Çünki Azərbaycanda yüz minlərlə qida subyekti var və həmin subyektlərdə yanaşma bundan ibarət olmalıdır. Amma Azərbaycan istehlakçısı və yaxud media mənsubları fikirləşirlər ki, bunlar gedib bir ticarət şəbəkəsində vaxtı keçmiş ərzaq məhsulu və yaxud etiketlənməmiş məhsul görürlərsə, ona qarşı hər hansı bir münasibət bildirməməlidirlər, əksinə, bu sahədə Qida Təhlükəsizliyi Agentliyini ittiham eləməlidirlər ki, nə üçün nəzarət etmirsiz? Qida Təhlükəsizliyi Agentliyi sahibkarla istehlakçı arasında tənzimləyici rol oynayır. Sahibkar yüz faizli məsuliyyət daşıyır, istehlakçı onun həyata keçirtdiyi fəaliyyətə nəzarət edir, Qida Təhlükəsizliyi Agentliyi isə bu münasibətləri tənzimləməlidir.

Elşad Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR