İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoçqar Norqobil: “Azərbaycanlı tele-aparıcı zəfər xəbərini verib ağlayanda, biz də sevincdən göz yaşı tökdük... “

1807 06.05.2022 15:11 Müsahibə A A

 

Xəbər verdiyimiz kimi Özbəkistanın bir qrup tanınmış yazıçı və şairləri  Bakıda səfərdədir. Onlar “Yeni Müsavat” Media qrupunun da qonağı olublar.

Yazıçı-dramaturq Qoçqar Norqobil Azərbaycana gəlişinin səbəbi, Bakı səfəri ilə bağlı təəssüratlarını, ölkəmizlə bağlı arzu və istəkləri haqda Musavat.com-a danışıb. Onunla müsahibəni təqdim edirik:


-Bu, Azərbaycana neçənci səfərinizdir?

 - Mən ilk dəfədir ki, Bakdayam. Ötən gün gəlmişəm və Bakı haqqında çox gözəl təəssüratlarım var. Bakı çox gözəldir, küləklidir. Hətta şəhəri bu cür gözəl təsəvvür etmirdim. Bakını gözəlləşdirən həm də Xəzər dənizidir.  İnsanlarınız isə çox sakit və mehribandır. Onların hamısının üzündə sevinc təbəssümü var.

Biz bir türk millətik. Bizim dilimiz də demək olar ki, eynidir. Xatırlayıram ki, Əfqanıstanda döyüşlərdə olarkən bir neçə azərbaycanlı dostum var idi. Mən özbək dilində danışanda onlar məni, mən isə onların dilini anlayırdım. Düşünürəm ki, Azərbaycanda bir neçə dəfə olduqdan sonra sizin dilinizdə daha yaxşı danışa biləcəm.

- Azərbaycan yazıçılarından kimləri tanıyırsınız?

 - Biz özbəklər Azərbaycan ədəbiyyatını çox sevirik. Nizami Gəncəvi, Füzuli, Səməd Vurğun, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Anar kimi yazıçıların əsərlərini tanıyırıq. Adlarını qeyd etdiyim şair və yazıçıların əsərləri Özbəkistanda tərcümə edilib. Onlar təkcə Azərbaycanın deyil, həm də özbəklərin sevimli yazıçılarıdır.

 - Bir neçə gün sonra sizin əsəriniz Azərbaycan teatrında səhnəyə qoyulacaq. Bir qədər bu haqda danışmağınızı istərdik.

 - Deyərdim, 30-40 il ərzində ilk dəfədir ki, özbək əsəri Azərbaycan teatrında tamaşaya qoyulur. Beləliklə, hər kəsi mayın 9-da İrəvan Dövlət Teatrında mənim “Beş dul qadın və rəis” adlı əsərim əsasında hazırlanan birhissəli komediya tamaşasına baxmağa dəvət edirəm.

 - Bəs Özbəkistanda hansı Azərbaycan əsərləri tamaşaya qoyulur?

- Azərbaycanın məşhur “Arşın mal alan” musiqili komediyası tez-tez səhnələşdirilir. Özbəkistanda “Arşın mal alan” filmi də çox sevilir. Həmçinin sevərək baxdığımız Azərbaycan filmlərindən “Qaynana”, “Əhməd haradadır?” filmlərinin də adını qeyd edə bilərəm.

 - Azərbaycanın qazandığı Qarabağ zəfərinə şeir həsr etmisinizmi?

 - Xatırlayıram ki, 44 günlük müharibənin ilk günlərində sizin tele-aparıcınız zəfər xəbərini necə sevinc göz-yaşları içərisində verdi. İnternetdən bu kadrları izləyəndə mən də göz yaşı tökdüm və həmin aparıcıya “Ağlama, çiçək” adlı şeir həsr etdim. Həmin şeir Azərbaycan dilinə də tərcümə edilib. Şeirdən bir neçə bənd qeyd etmək istərdim:

“Azər qız – diktor

Televiziyada

ağlayır bu vaxtda

bir xəbər haqqı.

Mən onun dilini

başa düşmədim,

Amma ürəyimdə

bir ağrı qalxdı.

 

Uzaqda səslənən bu titrəkli səs

Alavi vuracaq alnıma da tər.

Bu qızın səsindən döndü bir keçid –

Ayaqlar altına titrəməkdən yer.

 

Bir atəş açıldı göy üzün qırıb...

Dinlədikdə, dinmiş hərbi zərbələr.

Dinlədikdə, toplar ağzı qoyulub,

Daşa dönər idi göydə bombalar... “

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR