İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal siyasətə düzən verən lider - Ərdoğana ABŞ-ın antipatiyası güclənir, seçki yaxınlaşdıqca...

978 07.01.2023 09:17 Siyasət A A

“Əgər 2023-cü ildə Ərdoğan yenidən seçilsə, Türkiyənin NATO üzvlüyü sual atında olmalıdır”.

Bu fikir Donald Trampın prezidentliyi dövründə milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsində çalışmış Con Boltonun “The Telegraph” qəzetindəki məqaləsində yer alıb.

Onun sözlərinə görə, Ukraynadakı müharibə artıq dalana dirənib. “İqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına ağır zərbə vurdu, lakin Ukrayna iqtisadiyyatı daha pis vəziyyətdədir. Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün heyrətləndirici qərar verdilər, lakin təəssüf ki, Türkiyə də daxil olmaqla Rusiyanın ticari və hərbi tərəfdaşları hələ də ondan imtina etməyiblər. Əgər 2023-cü ildə prezident Ərdoğan yenidən seçilsə, Türkiyənin NATO üzvlüyü sual atında olmalıdır”,- deyə keçmiş müşavir qeyd edib.

ABŞ-da Ərdoğanla bağlı xof əslində təkcə Boltonla bağlı deyil. Məlumdur ki, indiki prezident, Co Bayden hələ seçkilər zamanı namizəd olanda R.T.Ərdoğan hökumətinin devrilməsınin ABŞ-ın prioritetlərindən biri olduğunu, bu məqsədlə müxalifətə dəstəyin vacibliyini söyləmişdi. O da bəllidir ki, 2016-cı ilin iyulunda ABŞ Gülənçi hərbi müxalifətin əli ilə Ərdoğan hökumətini devirməyə çalışıb. O zaman Bayden vitse-prezident idi.

2023-cü ilin iyununda isə qardaş ölkədə növbəti prezident və parlament seçkiləri keçiriləcək. Odur ki, sual yaranır: Boltonun təhdid xarakterli fikirləri nədən xəbər verir? Budəfəki seçkilərədək ABŞ Türkiyəni qarışdıra bilərmi? Nəzərə alsaq ki, Vaşinqton həm də Ankaranın Moskva ilə hələ də normal əlaqələr saxlamasına, Ukrayna məsələsində ABŞ-ın yanında olmamasına qəzəblidir.

Rusiyadakı “Kommersant” qəzeti isə yazıb ki, Qərb və Şərq ölkələri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan asılı vəziyyətə düşüb.

Nəşr bu xüsusda qeyd edir ki, 2022-ci ilin nəticələrinə görə, Ərdoğanı ən uğurlu dünya siyasətçisi adlandırmaq olar: “Çünki o, il boyu Rusiya və Ukrayna arasında vasitəçi olaraq qalıb, bundan faydalanıb”.

Materialda həmçinin deyilir ki, Ərdoğanın beynəlxalq aləmdə bu cür mövqeyi Türkiyədə iyunda keçiriləcək prezident seçkilərini qlobal siyasət üçün həlledici edir. Bu ölkə vətəndaşlarının seçimi təkcə Ukrayna böhranının gələcək inkişafına deyil, həm də NATO-nun davranışına, Rusiyanın sanksiyalardan yayınma qabiliyyətinə və təbii ki, Yaxın Şərqdəki vəziyyətə təsir edə bilər".

Belədirmi? Ərdoğan ətrafında seçki ərəfəsi ABŞ-da yeni oyunlarmı qurulur?

Əhəd Məmmədli: “Yeganə qorxduqları, özlərinə təhlükə hesab etdikləri Tural  Abbaslıdır”

Əhəd Məmmədli: “ABŞ Türkiyədə yenə uğursuzluğa düçar olacaq”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Amerika tərəfin niyyətinə çata bilməyəcəyinə tam əminliyini ifadə etdi: “Con Bolton vəzifədə olanda da belə anti-Ərdoğan fikirləri ilə seçilirdi. Düzdür, “patronu” Tramp fərqli fikirdə idi. O, əksinə, Ərdoğanla yaxınlaşmaq istəyirdi. Ona görə də Boltonun bu sözləri məndə heç bir təəccüb doğurmadı. Təbii, Ağ Ev, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədəki seçkilərə müdaxilə etmək istəyəcək. Doğrudur, Türkiyə əvvəlki deyil ki, istədiklərini etsinlər, amma yenə  təsir rıçaqları amerikalıların əllərində qalır. Bu da təəccüblü deyil. Çünki 10 illərdir yankilər, qardaş ölkədə öz adamlarını yerləşdiriblər. Demək olar ki, bütün vacib sahələrə yerləşdiriblər. Bunu illərdir ki, FETÖ-nün əli ilə ediblər. FETÖ vurulsa da, “kriptolar” hələ də tam təmizlənməyib. Həmçinin “kriptolar”ın əli ilə bu il Türkiyədə keçiriləcək prezident seçkilərində Amerika nəsə etməyə cəhd edəcək. Bunun işartılarını da artıq görürük. Əsasən iqtisadiyyat və maliyyə ilə Türkiyəni vururlar. Lirə düşür, inflyasiya hələlik qalxır. Düzdür, maaşlar, təqaüdlər də qalxır.

ABŞ Türkiyəyə iqtisadi savaş açıb. Əsas məqsədləri yuxarıda qeyd etdiyimiz kimi, Ərdoğanı iqtidardan etməkdir. Bunu bir neçə dəfə müxtəlif səviyyələrdə açıq şəkildə səsləndiriblər. İndiki ABŞ prezidenti Bayden zatən əsas hədəflərinin Ərdoğan olduğunu bildirmişdi. Ancaq bu yöndə Bayden bir uğur qazana bilmədi. Bununla belə, qardaş ölkədə bu il keçiriləcək prezident seçkilərində uğur əldə etməyə çalışacaqlar. Uğurları isə müxalifətin sözəbaxan namizədini prezident kürsüsünə otuzdurmaqdır. Əbəs yerə Kılıçdaroğlu qaça-qaça Amerikaya getməmişdi. Görünür təlimat almağa çağırmışdılar.

Fikrimcə, bütün cəhdlərə rəğmən ABŞ Türkiyədə yenə uğursuzluğa düçar olacaq, Ərdoğan birinci turdaca qalib olacaq. O ki qaldı digər məsələyə, Türkiyənin yaxın illərdə NATO-dan çıxacağını düşünmürəm. Çünki indiki halda Türkiyə daha çox Şimali-Atlantik alyansa lazımdır. Ələlxüsus da, NATO-Rusiya və gələcəkdə ola biləcək NATO-Çin qarşıdurmasında güclü və müasirləşməkdə davam edən türk ordusu amerikalılara lazımdır. Türkiyəni də güclü edən Ərdoğan hakimiyyətidir. Bunu da Vaşinqtonda bilməmiş deyillər.

Türkiyə lideri Tayyip Ərdoğan hal-hazırda dünyanın 3 ən böyük liderindən biridir, bəlkə də birincisidir. Artıq xarici mediada da bu açıq səsləndirilir. Putin kimi odioz, ambisiyaları və çox güclü bir lider Ərdoğanın tövsiyələrini nəzərə alır. Çin kimi qüdrətli dövlət də Türkiyə reallığını qəbul etməyə məcburdur. Bütün bunlara görə indiki Türkiyə və türk-islam dünyası Ərdoğana borcludur. Ərdoğanın bu il prezident seçilməsi həm Türkiyə, həm bütün İslam dünyası, həm də ələlxüsus Azərbaycan üçün ekstra-vacibdir. Ona görə ki, Ərdoğan - güclü, bağımsız Türkiyənin daha güclü və bağımsız olması deməkdir. Əks təqdirdə nə olacaqlarını adam düşünmək belə istəmir".

AMİP liderinin köməkçisi, Siyasi Şura üzvü Əli Orucov: “Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dünyanın aparıcı və siyasəti bəlirləyən liderlərindən biri olduğunu artıq hamı etiraf edir. O, sözün əsl mənasında Türkiyəni qlobal gücə çevirə bildi və əsas söz sahiblərindən biri kimi qlobal münasibətlərdə önəmli aktor etməyi bacardı. Xüsusən də Avrasiyada gedən prosesləri Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Hətta Cənubi Amerika və Şimali Afrikada da rəsmi Ankara fəal iş aparır. Təsir dairəsini getdikcə genişləndirir. Türkiyə təkcə siyasi baxımdan deyil, hərbi və hərbi sənaye kompleksinin sıçrayışlı inkişafı baxımından da dünyanın aparıcı və ənənəvi silah ixracatçı ölkələri ilə rəqabət aparır. Bunlar çox böyük nailiyyətlərdir.

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov: “ABŞ Türkiyənin NATO-dan kənarlaşdırılmasına heç vaxt imkan verməz”

Ərdoğanın Rusiya və Ukrayna arasında uğurlu vasitəçiliyi, eləcə də taxıl diplomatiyası dünyanı gözləyən fəlakətdən, demək olar ki, xilas etdi. Təbii ki, bütün bunlar dünyaya hökm edən gücləri narahat etməyə bilməzdi. Xüsusən də Türkiyə ilə əzəli rəqib, hətta bəzən düşmənçilik edən Fransa kimi dövlətləri hiddətləndirməkdədir. Türkiyə Ərdoğanın prezidentliyi dövrünədək demək olar ki, müstəqil siyasət aparmayıb və bütün sferalarda ABŞ-dan bilavasitə asılı olub. Lakin Ərdoğanın Qərbdən və ABŞ-dan tədricən iqtisadi, maliyyə, hərbi sənaye və diplomatik asılılığını aradan qaldıraraq Türkiyənin tam maraqlarının təmin edilməsinə əsaslanan fəaliyyəti Vaşinqtonun hiddətinə səbəb olub. Rusiya-Ukrayna müharibəsində ABŞ-ın davamlı basqılarına rəğmən, uyğulanan sanksiyalara qoşulmayaraq Moskva ilə ticari əlaqələrinin saxlanılmasını, təbii ki, Ağ Ev həzm edə bilmir. Ümumiyyətlə, 2015-ci ildən etibarən ABŞ-ın Ərdoğana münasibəti mənfiyə doğru dəyişib. Bir il sonra hərbi çevrilişə və Suriyada YPG/PYD terror təşkilatlarına hər cür dəstək verməkdə həm də hədəf Türkiyəni və Ərdoğanı öz peykinə qaytarmaq olsa da, hələ ki, bu məqsədinə ABŞ çata bilməyib.

Bəli, son seçkilərdə prezident marafonu da prezidentliyə namizədlər Trampla Baydenin prioritetlərindən biri kimi Ərdoğanın kim daha çox qarşısını ala biləcəyi ilə bağlı idi. Hətta Bayden görüşlərinin birində yalnız mən Ərdoğanı cilovlaya bilərəm ifadəsini də işlətmişdi. Göründüyü kimi, Türkiyədə bu ilin yayında keçiriləcək prezident seçkilərinə Qərb də ciddi hazırlaşır və hesab edirəm ki, əlindəki bütün alətlərdən istifadə edəcək ki, Ərdoğan hakimiyyətdən getsin".

Siyasi ekspert hesab edir ki, Boltonun seçki ərəfəsində dedikləri də məhz türk cəmiyyətinə və cənab Ərdoğanın rəqiblərinə verilən ismarışdır: “Məncə, ABŞ seçkiöncəsi hətta təxribatlara da əl ata bilər ki, Türkiyə cəmiyyətini Ərdoğana qarşı qaldırsın, inamsızlıq və ruh düşkünlüyü yaratsın. Məsələn, kürd və FETÖ-çü terror təşkilatlarını hərəkətə gətirə bilər, yaxud qərbyönlü asılı siyasi təşkilatları fəallaşdıra və yaxud ənənəvi ”erməni kartı"na əl ata bilər və s. Amma məncə, Ərdoğan komandası bütün bu ehtimalları və mümkün variantları hesablayıb və hazırlıqlarını da görməkdədir. 

ABŞ Türkiyənin NATO-dan kənarlaşdırılmasına heç vaxt imkan verməz. Türkiyə Avroatlantik hərbi siyasi blokun vacib həlqəsidir və qardaş ölkə olmasa, NATO əhəmiyyətini və gücünü itirər. ABŞ əsas məqsədi Ərdoğansız Türkiyədir. Məncə, hər nə edirsə etsin, nə oyunlar qurulursa qurulsun, əsas söz sahibi Türkiyə seçicisi və Türk millətidir. Ərdoğan isə hələ ki, öz yüksək reytinqini və populyarlığını saxlayır. Hesab edirəm ki, qarşıdan gələn seçkilərdə Ərdoğan postunda qalması üçün təkcə daxili müxalifətlə, daxili rəqibləri ilə deyil, həm də Qərblə mübarizə aparmalı olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR