İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılca xəstələri Məhəmmədi xəstəxanasını doldurdu

1837 24.01.2024 09:28 Yaşam A A

İnfeksionist: “Qızılca mutasiyaya uğraya bilər, peyvəndin qoruyuculuq müddəti azala bilər, odur ki...”

Bakıda qızılca kollapsı yaşanır. İki ay öncə infeksionistlərin “qızılca yaşlı insanlara keçmir, daha çox uşaq xəstəliyidir” fikri təsdiqini tapmır. Belə ki, bu xəstəlik böyüklər arasında da yayılmağa başlayıb. Bu barədə medicina.az saytı yazır.  

Bildirilir ki, artıq təcili yardıma qızılcaya yoluxan və ağır vəziyyətdə olan böyüklər üçün çağırışlar daxil olur. “Hətta yaşlı, qoca insanların da qızılcaya yoluxduğu haqda xəbərlər var. Əgər bu, həkimlərin dediyi həmin klassik qızılcadırsa... Həkimlərin ”peyvənd olunanlar ağır keçirmir və ya ölmür" fikri də təsdiqini tapmayan məlumatlar sırasındadır. Belə ki, yaxınlarda Qazaxda iki dəfə peyvənd olunan yeniyetmənin qızılcadan dünyasını dəyişməsi insanların təşvişinə səbəb olub. 

Bir neçə gündür ki, Məhəmmədidə modul tipli xəstəxanasının xəstə ilə dolub-daşdığı barədə məlumatlar yayılıb. Artıq sosial şəbəkələrdə onlarla valideyn uşağının Məhəmmədi kəndindəki modul tipli xəstəxanada müalicə aldığını bildirib" deyə, sayt bildirir.  

O da bildirilir ki, ötən həftə Xırdalan şəhərində tək yaşayan, səpkiləri və qızdırması olan 65 yaşlı qadın üçün təcili yardım çağırılıb və həkim qızılca diaqnozunu təsdiqləyib. Daha sonra sahə həkiminə müraciət olunub və resept üzrə müalicəyə başlanılıb. Lakin ötən gün xəstənin vəziyyəti pisləşdiyindən yenidən təcili yardım çağırılıb. Xəstəni hospitəlizə etmək qərarı verilsə də, qızılcalı xəstələr üçün ayrılmış Məhəmmədi kəndindəki modul tipli xəstəxana onu qəbul etməkdən imtina edib. Səbəb olaraq isə yer olmadığı, çarpayı çatışmadığı, hətta bir çarpayıda 2 uşağın yatdığı göstərilir. Qeyd edək ki, heç bir özəl klinika qızılcalı xəstəni qəbul etmir. Çarəsiz qalan təcili yardım əməkdaşları digər infeksion şöbələrə zəng etsələr də, xəstəni “gətirin” deyən olmayıb. Yaxınlarının tələbi və müəyyən qurumlara zənglərindən sonra qadın Məhəmmədi kəndindəki modul tipli xəstəxanaya yerləşdirilib. Amma övladları orada müalicə olunan valideynlərin sözlərinə görə, qadının vəziyyəti düşünüldüyündən də ağırdır. 

Uşaqlarla bağlı vəziyyət də ürəkaçan deyil. Deyilənə görə, elə uşaqlar var ki, 7 gündür gətirilsələr də, hələ sağalmayıblar. Qeyd edək ki, Məhəmmədi kəndindəki modul tipli xəstəxanada vəziyyət barədə TƏBİB-ə sorğu göndərmişik. Qurumdan  cavab verildiyi halda yayımlayacağıq. 

Ümumiyyətlə, ölkədə qızılcaya yoluxan neçə aktiv xəstə olduğu, qızılcalı xəstələr üçün neçə xəstəxana ayrıldığı, nə qədər həkimin müalicə prosesinə cəlb edildiyi və itkilər barədə məlumatlar nədənsə, açıqlanmır. Son günlər peyvənd olunanların təkrar qızılcaya yoluxması və daha ağır formada keçirməsi barədə əhali arasında şikayətlər də çoxalıb.  Peyvəndlər təsirini itiribmi, yoxsa virus mutasiyaya uğrayıb? Ağırlaşmaların bir səbəbi də yanlış müalicə ola bilərmi? 

Mövzu ilə bağlı həkim-infeksionist Gülnarə Əliyeva “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, peyvənd olunandan sonra təkrar qızılcaya yoluxmaq mümkündür: “Çünki peyvəndin qoruyuculuq müddəti 10 il müddətinə hesablanıb. Amma bu hesablama da ümumidir. Hər bir orqanizm individualdır. Antitellər bədəndən tez parçalanıb çıxır. Başqa birində bu 15 il də qala bilər. Yəni bu qoruyuculuq müddəti uzana da, azala da bilər. Ona görə peyvənd olundunsa, yüz faiz qarantiya yoxdur. İkincisi, qızılca mutasiyaya da uğraya bilər. Təkrar xəstəlik keçirmək də mümkündür. Ona görə bir az ehtiyatlı olmaq lazımdır. O ki qaldı yaşlıların bu virusu ağır keçirməsinə, ümumiyyətlə bu, ağır bir virusdur. Yaşlı insanların sinir sistemi qocaldığına görə xəstəliyi də ağır keçirir. Birincisi sinir sistemini zədələyir, gözü zədələyir. Həm də əlavə xəstəlikləri olduğuna görə ağır keçirirlər. Təkrar xəstələnmə də mümkündür. Çünki o qoruyucu antitellərin də miqdarı azala bilir”. 

İnfeksionist müalicədə olan yanlışlıqlardan da danışıb: “Qızılca səpkisi görən kimi antibiotik vururlar. Necə ki, koronovirus pandemiyası zamanı edirdilər, bu virusla bağlı da eyni səhvləri edirlər. Eyni zamanda, xəstələnən adama şirniyyat, tort, təbii sıxılmış şirələr verirlər ki, bu da doğru deyil. Pəhriz gözlənilməlidir. İstiotlu yeməklər, süd məhsulları olmaz. Bir də virusun gözü zədələdiyinə görə A vitamini verilməlidir”. 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildirilib ki, 2024-cü ilin yanvar ayından qızılca xəstəliyinin səviyyəsində azalma müşahidə olunur: “Bu, Azərbaycanda qızılca əleyhinə vaksinasiya ilə bağlı ciddi tədbirlərin həyata keçirilməsi, o cümlədən, ölkədə qüvvədə olan ”Profilaktik peyvəndlər təqvimi"nə əsasən uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiyanın davam etdirilməsi, qızılca peyvəndindən kənarda qalan və ya qızılca xəstəliyi keçirməyən uşaqların və qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvəndlənməyə cəlb edilməsi və eyni zamanda qızılca hadisələrinin aktiv aşkar olunması və infeksiya ocaqlarında əksepidemik tədbirlərin aparılması nəticəsində baş verib".  

Təyyar Eyvazov: Havaların soyuması ilə əlaqədar COVID-19-a yoluxma sayının  artacağı proqnozlaşdırılır - AZƏRTAC

Təyyar Eyvazov

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qeyd edib ki, qızılca ilə təkrar xəstələnmə çox nadir hallarda baş verə bilər və demək olar ki, rast gəlinmir. Su çiçəyi 3-cü növ herpes virusu tərəfindən törədilir. Bu xəstəliyin kəskin formasıdır. Virus insana yoluxduqdan sonra heç vaxt orqanizmi tərk etmir, ömürlük qalır və immunitet zəiflədikdə kəmərləyici dəmrov xəstəliyinə səbəb olur.

COVİD 19-a qarşı vurulan vaksin digər viruslara qarşı yaranmış immunitetə təsir etmir. Vaksinasiya prosesində hansı vaksinlərin eyni vaxtda vurulması və ya eyni vaksinin ikinci dozasının, həmçinin digər vaksinlərin hansı vaxt intervalında vurulması bərədə qaydalar mövcuddur ki, bunlara əməl olunmalıdır. Qızılcaya qarşı yalnız bir doza peyvənd almış şəxslərdə qızılcaya yoluxma mümkündür. İki doza alan şəxslərin yalnız 1%-də qoruyuculuq formalaşmaya bilər. Suçiçəyinə qarşı peyvənd Peyvəndlərin Milli Təqviminə daxil deyil. Qızılcada olduğu kimi suçiçəyinə peyvənd olunan şəxslər xəstələnə bilər, lakin xəstəliyi yüngül keçirir, fəsadlaşma baş vermir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR