Artıq saraydan Füzuli meydanına kimi olan ərazidəki yaşayış binaları və obyektlərin çoxu sökülüb. Sökülən binaların materialları daşınaraq ərazi təmizlənib. Söküntü işlərinin getdiyi sahəyə əlavə torpaq gətirilərək tökülüb. Lakin “Qış bulvarı”nın tezliklə istifadəyə veriləcəyi söylənilsə də, görünür bu, mümkün olmayacaq. Çünki parkda neçə aydır ki, tikinti işləri aparılmır.
Aldığımız məlumata görə, buna səbəb “Qış bulvarı”nı tikmək istəyən şirkətin olmamasıdır. Yerli və xarici tikinti şirkətlərinin əksəriyyəti “Qış bulvarı”nın inşası ilə bağlı elan olunmuş müsabiqəyə layihələr təqdim ediblər. Təqdim edilən layihələrdə həmçinin tikinti üçün lazım olan vəsait də göstərilib. Tikinti şirkətləri və arxitektorlar tərəfindən təqdim olunan layihələr Azərbaycan Arxitektorlar Birliyində müzakirə edilib və daha sonra təsdiq üçün ölkə başçısına təqdim edilib.
Amma əvvəlcə Azərbaycan Arxitektorlar Birliyi tikinti şirkətlərinin “Qış bulvarı”nı tikmək üçün istədikləri maddi vəsaitin çox olduğunu qeyd ediblər. Layihəsi qəbul olunan tikinti şirkəti isə dövlət tərəfindən ayrılan vəsaitin azlığından şikayət edərək parkı tikməkdən imtina edib.
“Azadlıq” qəzeti özünün 20 oktyabr 2009-cu il tarixli sayında yazıb ki, “Qış bulvarı”nı bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəhbəri Arif Qaraşov tikəcək. Qəzetin yazdığına görə, A.Qaraşov artıq parkı tikmək üçün mülklərini satışa çıxarıb: “İşdən çıxarıldıqdan sonra mülkləri siyahıya alınan A.Qaraşovun həbsi gözlənilirmiş, lakin sonradan bir şərtlə həbs məsələsi təxirə salınıb. Həmin şərt isə ”Qış bulvarı"nın tikilməsi ilə bağlı olub. Arif Qaraşov əvvəlcə bu şərtlə razılaşmasa da, daha doğrusu, “Qış bulvarı” tikəcək qədər kapitala sahib olmadığını desə də, onun əmlakının siyahısı üzə çıxıb. Keçmiş xidmət rəhbərinə bildiriblər ki, ya şərti qəbul etməlidir, ya da həbs olunacaq". Qeyd edək ki, qəzetin yazdıqları bu günədək təkzib edilmədiyindən onları oxucuların diqqətinə çatdırmalı olduq...
***
Yada salaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev mətbuata açıqlamasında bildirmişdi ki, qış parkını salmaq ideyası hələ keçmiş sovet dövründə yaranıb. C.Qocayevin sözlərinə görə, Prezidentin Bakının abadlaşdırılması ilə bağlı 2006-cı ildə imzaladığı sərəncam həmin ideyanın reallaşmasına imkan yaradıb.
Onun sözlərinə görə, paytaxt ərazisində küləkli hava şəraitini nəzərə alaraq “Qış bulvarı” küləkdən və nəmişli hava şəraitindən qoruyacaq: “Bunun üçün bulvar ərazisində xüsusi işlər həyata keçiriləcək”.
Onu da xatırladaq ki, bu ərazidə evləri boşaldılan sakinlərə hər kvadratmetr üçün 2000-3000 manat kompensasiya ödənilib. Mənzil və ticarət obyektlərinin sahibləri ödənilən kompensasiyanın miqdarından şikayət etsələr də, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə plana düşən binalar və ticarət obyektlərinin hamısı sökülüb. İndiyə kimi bir daşın daş üstə qoyulmadığı “Qış bulvarı”nın bu ilin sonuna kimi tikilib istifadəyə verilməsi nəzərdə tutulurdu.