İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərəzli adamların dünyası

1289 19.02.2023 12:30 Yazarlar A A

 

Qərəz elə bir şeydir ki, o olan yerdə obyektivlik, ədalət, dürüstlük olmur. Anadolu türkləri o şeyə önyarğı deyir. Yaxşı sözdür. Nəyisə öncədən mühakimə etməyi, birisi barədə üstündə hazır hökm gəzdirməyi ifadə edir.

Bu ölkədə rəqibinə, şəxsi, ümumi, sinfi düşməninə qarşı qərəzli olmayan adamların siyahısını tutsan, vərəqin 75-80 faizlik hissəsi boş qalar, bəlkə də ilk beşliyi doldura bilməzsən. (Əslində bu da qərəzdən ola bilər - hamını pis hesab edirsənsə, siyahı necə dolsun?).

Kütləvi qərəz obyektləri arasında ən çox siyasətçilərdir. İqtidar-müxalifət partiyalarının liderlərinə qarşı qərəz həddini aşmış durumdadır. Deputatlar da qıraqda deyil, nə desələr, nə danışsalar, hətta heç nə danışmasalar da, mütləq mühakimə olunurlar.

Elə adam var ki, qızıldan qiymətli söz xırdalayır, amma yenə söyülür. Prinsipcə, elə olmalı deyil. Adam yaxşı söz deyib, ümumun mənafeyini müdafiə edib. Məsələn, deyib ki, belə bahaçılıq olmaz. İndi ona verilən cavablara baxın: “Sənin nə vecinədir, donuzun kəmdir”; “Öz sözü deyil, yuxarıdan deyiblər, belə də, xalqın hirsi soyusun” və s.

Ötən ilin yayında gilasın baha olduğunu deyən deputat Fəzail Ağamalının başına nə oyun açmadılar? Yalan-doğru, mülklərinin siyahısını yayırdılar, aylıq maaşına neçə kilo gilas ala biləcəyini hesablayırdılar, adama yeşiklə gilas alıb göndərmək istəyənlər vardı, feysbuka girirdin, profillərdən səbət-səbət gilas tökülürdü. Halbuki deputat pis söz deməmişdi, demişdi, gilas bahadır, camaat ala bilmir.

Məsələ ondadır ki, o, “gilas ucuzdur, maşallah, hamı ala bilir” desə də, söyüləcəkdi.

Bu, o deməkdir ki, adamın adı bir kərə “qara siyahı”ya salınıb, nə etsə, nə desə, xeyri yoxdur. Sırf belə şeylərə görə Hadı Rəcəbli deputat seçilmədiniyi eşidəndə sevinib, deyib, bir tərəfdən yaxşı oldu, mağıl, qulağım dincələr.

Jurnalistlərə münasibət də o qrafadadır. Elə həmkarımız var ki, bir gün işdə oturduğu, veriliş hazırladığı yerdə redaksiyasına basqın olsa, sırf peşə fəaliyyətinə görə onu tutub döysələr, xəstəxanalıq etsələr, ona qarşı qərəzli olan adamlar basqın faktını pisləməyəcəklər, deyəcəklər, ona haqq oldu, camaatın əsəbi ilə oynayırdı, cəzasını aldı.

Amma kimisə şantaj edən, aylıq xərac istəyən, adı hələ “qara siyahı”da olmayan, “fədakar və cəsarətli” biri kimi tanınan jurnalistin başına eyni hadisə gəlsə, eyni adamlar səs-səsə verəcəklər: “Bu, azad sözə basqıdır. Adamı haqq söz dediyi üçün cəzalandırdılar”.

Belə şeylər qərəzkarlıqdan irəli gəlir. Baş verən hadisənin mahiyyətini, təfərrüatını bilmədən kimisə müdafiə, kimisə ittiham etmək qərəz göstəricisidir. Bir də heç bir əks-arqumentlə hesablaşmadan, maniakal şəkildə eyni fikirləri təkrar edib durmaq...

O gün FB dostlarımdan birinin paylaşımları gözümə tez-tez dəyirdi. Hamısı da eyni məzmunlu. Axırda səhifəsinə daxil oldum, saydım. Adam bir gündə Türkiyə və Ərdoğanın əleyhinə 20 status yazıb. Nəyə görə, anlaşılmır. Ömründə bir gün Türkiyədə yaşamayıb, bəlkə heç o ölkəyə getməyib də. Çörəyi ordan gəlmir, suyu gəlmir. Türkiyədə hakimiyyətə hansı partiyanın gəlməsinin ona nə dəxli var, bilinmir. Bəs ona nə düşüb ki, gününü bu ölkənin daxili işlərinə sərf edir, həm də 1-2 yazıyla, qeydlə kifayətlənmir, ard-arda 20-sini yazır? Heç nə. Nəyə görəsə qərəzə dolub, hesab edir ki, bu platformada belə şeylər yazmaqla 2 min kilometr o tərəfdə seçkinin nəticələrinə təsir edəcək.

Bir rəfiqim var, qadınların maşın sürməsi hadisəsinə qarşı qərəzlidir, oturub-durub deyir ki, qadınların ailədə dominant olmasına etirazı yoxdur, dövlət idarə etmələrinə bir söz demir, amma avtomobil sürməsinlər, çünki sürə bilmirlər. Vay, amandır, qəza törədən iki sürücünün biri qadın olsun, dərhal deyir, günah yüz faiz qadın sürücüdədir. Düzü, onun bu sayaq fikirlərinin bir qismini bölüşürəm, amma ədalət üçün deyirəm, yaxşı, bəs gün ərzində qəza törədən 10 sürücüdən 9-u kişi olur axı, ona nə deyirsən? Müəllimin cavabı hazırdır: “Yüz faiz onları hansısa qadın sürücü karıxdırıb”.

Bir məsələ dəqiqdir: İnsan oğlunun bu xasiyyəti 1234 ildən sonra da islah olunmayacaq. İnanmırsınız, gözləyin, görün.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR