İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi azərbaycanlıların Paris Sülh Konfransına göndərdiyi, ABŞ prezidenti Vilsona çatan məktub

3231 31.03.2023 15:41 Yaxın tarix A A

“Bir milyon insan onları əzabdan qurtarmaq üçün sizə dua əllərini uzadır”

Gözlənilən soyqırımdan xilas olma ümidi

Osmanlı ordusu Mudros müqaviləsinin şərtlərinə görə, Qafqazı tərk etməli idi və bu proses artıq 1918-ci ilin sonlarından etibarən başlanmışdı. Naxçıvan, Şahtaxtı, Ordubad, Kağızman, Oltu və Qars əhalisi erməni ordusu ilə təkbətək qalmaq məcburiyyətində idi. Əhali yaxşı başa düşürdü ki, bu hadisə bitəndən sonra artıq onlara qarşı ermənilər tərəfindən böyük soyqırım gözlənir. Bundan başqa, artıq 1918-ci iln sonlarına doğru İrəvan quberniyasından gələ bilən, daha doğrusu, sağ qurtula bilən qaçqın ordusu da Qarsda acından ölmək təhlükəsi ilə üz-üzə idi. Bu üzdən, əhali öz milli şuralarının ətrafında toplanmışdı və gələcək qırğınlara qarşı müxtəlif yerlərə məktublar göndərirdilər. Bu məktublardan biri Amerika Birləşmiş Ştatlarının Milli Arxivinin (National Archive) Arxiv və Qeydlər Milli Xidmətinin Ümumi Xidmətlər İdarəsində 820 saylı mikrofotonun 520 roll adlanan nüsxəsi saxlanılır. Bu mikrofoto nüsxə 700-dən çox səhifədən ibarət olmaqla, 1918-1931-ci illərdə Sülh danışıqlarında Amerika komissiyasının ümumi hesabatları adlanır. Onların arasında 104 il əvvəl Qərbi azərbaycanlıların bir fəryadından bəhs edən və elə Qərbi azərbaycanlıların özləri tərəfindən Paris Sülh Konfransına göndərilən bir məktub da yer alır. Məktubların üzərində Paris Sülh Konfransının möhürləri də var. Azərbaycan xalqına qarşı ikili standartlar sərgiləyən bugünkü Qərb ölkələrinin bu siyasəti hələ 1918-1920-ci illərdə də sərgiləməsinə dair həm də bir sübutdur.

arxiv.PNG (212 KB)

Səbuhi Hüseynov: “İngilislər müsəlman əhalisini erməni məmurlarına tabe etdirməyə cəhd etsələr, problem yaranacaq”

Məktubu Musavat.com-a tədqiqatçı alim Səbuhi Hüseynov təqdim edib.

sebuhi-huseynov_638120965838868917.jpg (30 KB)

O, məktubda yazılanları təfsilatlı şərh edərək bildirib ki, məktub Levis Kok tərəfindən Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsona göndərilən məlumatverici məktuba qoşma kimi əlavə edilib:

“Levisin məktubundan aydın olur ki, bu məktub Fransa prezidentinə, İngiltərə kralına və başqa bir çox rəsmilərə göndərilib. Levis 1919-cu il 23 yanvar tarixli bu məktubunda yazırdı:

“Qafqazın bəzi əyalətlərinin müsəlman əhalisini təmsil etdiyini iddia edən Qars Komitəsindən alınmış türk dilində uzun teleqramı xülasə ilə birlikdə göndərməkdən şərəf duyuram. Bu teleqram prezidentlər Puankare və Vilson, Kral Georq, Aralıq dənizi Qüvvələrinin Baş Komandanı və Britaniya, Fransa və Amerika hökumətlərinin Konstantinopoldakı nümayəndələri və Parisdəki Sülh Konfransının Baş Assambleyasına ünvanlanıb.

Teleqramda bildirilir ki, Qafqazın cənub hissəsində erməni yoxdur və əgər ingilislər müsəlman əhalisini erməni məmurlarına tabe etdirməyə cəhd etsələr, problem yaranacaq. Onu da qeyd etmək olar ki, bölgədə belə bir müsəlman yoxdursa, ermənilərin bu qədər müsəlmanı necə məhv etdiyini anlamaq çətindir.

Qafqazdan əvvəlki kimi regionun Türkiyəyə birləşdirilməsinə dair ismarıclar var. Bu ismarıcda dairənin Sülh Konfransına təqdim edilməsi xahişi var. Orijinal məktub qoşmaya əlavə edilərək türk dilində latın hərfləri ilə yazılıb”.

İmza

Amerika Komissarı

Levis Kok

Bəs, Amerika komissarı Levis Kokun ABŞ prezidenti Vudro Vilsona bəhs etdiyi teleqram nələri xəbər verirdi?Teleqramda hələ gələcəkdə yaşanacaq böyük bir soyqırımdan Qars, Naxçıvan, Vedibasar, Oltı, Ordubad, Şahtaxtı və digər bölgələrin müsəlman əhalisinin qorunması üçün Fransa prezidentinə, Amerika Birləşmiş Ştatları prezidentinə və İngiltərə kralına müraciət idi. Teleqramı həyəcansız oxumaq mümkün deyil. Teleqram Milli Şuranın rəisi İbrahim adlı bir nəfər tərəfindən göndərilib. Görünür, imza sahibi Qars Milli Şurasının rəisi Cahangir oğlu İbrahim Aydın bəy olub. Bu teleqramı ünvanladığı ölkələrin biri tərəfindən, bir neçə ay sonra Milli Şuranın bir çox üzvü həbs ediləcək və Aydın bəy də daxil olmaqla Malta adasına sürgünə göndəriləcəkdilər. Hələlik isə İbrahim bəy qarşıdan gələn soyqırım təhlükəsini dünyaya çatdırmaq istəyirdi. Və bu gün görünür ki, o bunu başarmışdı. Lakin Azərbaycan xalqına qarşı Qərb ölkələrinin ikili standarının tarixinə bir daha nəzər yetirmək yerinə düşər... Qarsdan göndərilən bu teleqramdakı haray Qərb ölkələri tərədindən eşidilməyib, əksinə, Qərbi azərbaycanlıların bu xəbərdarlığına məhəl qoyulmayıb, yaşanacaq bir soyqırıma şərait yaradılaraq Qarsı erməni ordusunun ixtiyarına buraxıb və onların idarəetməsinə verilib”.

S.Hüseynov bildirdi ki, məktub ünvana çatmışdı, lakin cavabda dərhal tədbir görülə bilməyəcəyi  qeyd olunmuşdu: 

“İndi isə keçək 1918-ci ilin dekabr ayının sonlarında yazılan və göndərilən teleqramın mətninə:

“Sülh danışıqları üzrə Amerika Komissiyası”

Qarsdan. Tarixsiz.

Paris Sülh Konfransına, Paris sülh nümayəndə heyətinə, İngilis sülh nümayəndə heyətinə, Amerika sülh nümayəndə heyətinə, zati-aliləri prezident Vilsona və Fransa Respublikası prezidentinə. Paris.

Biz Araz çayının şimal sahillində yerləşən Naxçıvan, Çarol, Şahtaxtı, Eyndir, Zəngibasar, Vedibasar, Pəmbək və Ordubad bölgələrinin yoxsul və əziyyət çəkən sakinləriyik.

Ədalətli və alicənab əsgərləriniz haqq-ədalətin əsasını qoymaq üçün pak qanlarını töküblər.

Biz evimizdə arvad-uşaqlarımızla dinc yaşamağa ümid edirdik, amma bu gün qışın sərt soyuğundan ölürük. Sizə müraciət edirik ki, bizə mərhəmət göstərəsiniz və Sizə yalvarırıq ki, bizə, yoxsullara həyat və əmin-amanlıq bəxş edə, bizi zülm və yoxsulluqdan, soyuqdan, aclıqdan və susuzluqda ölməkdən xilas edəsiniz.

Övladlarımız cahil və vəhşi əllər tərəfindən parça-parça edildi, qadınlarımızın namusu tapdalandı, hətta dörd yaşlı körpələrimiz qarda ölümə məhkum buraxılıb. Bizim bu zülm və bədbəxtlikdən xilas olmağımız üçün kömək və bəşəriyyətin ədalətli qanunlarının müdafiəsini istəyirik.

Bir milyon insan onları əzabdan qurtarmaq üçün sizə dua əllərini uzadır və yalvarır ki, evlərimizə sülh gətirəsiniz.

Son Rus-İran müharibəsində İrandan ayrıldıqdan sonra biz heç bir millət və hökumətə qarşı silah çəkmədik. Üzərimizə qədərin haqqımızdakı cilvəsindən müştəki olaraq Rusiya boyunduruğu altında inlərkən belə evladi bəşərdən bir fərd bizdən şikayət etməyib. Hərbin namicesini sabır və  sükunətlə və fəqət adil hökumətin verəcəyi hökmü müstarihanə gözlədik.

İrəvan ətrafında dinc yaşayan millətdaşlarımız ermənilərin hücumlarından və mezalimlərindən bir çox qardaşlarının cəsədləri üzərindən irz və namuslarını qurtarmaq üçün atlayaraq səfil qadınlarının, biçarə övladlarının əllərindən tutaraq bizə mühacirət ediblər.

Dişimizdən, dırnağımızdan ayırdığımızı bu zavallılara verdik və sizin adil hökumətinizə təvazökar bir gözlə baxdıq. Fəqət əfsus bizdən pek uzaq, bizim əlimiz isə pek qısadır.

İrəvandan da hərəkət edən erməni əsgərləri məmləkətimizə doğru irəliləyərək qadınlarımızın irzını payimal edərək, övladlarımıza varıncaya qədər qətl ediblər.

71d7232b159134460568089030310429595-800x445.jpg (78 KB)

Amağuda 540 mühacirdən cəmi 24 nəfər qurtula bilib və məmləkətin  şəriflərindən olan Seyid Həsənin ailəsinə mənsub xanımı məscidin düz qarşısında zorlanıb. Almalıda yaşayan 600 nəfərdən yalnız 12 nəfəri xilas etmək mümkün olub. Vedibasarda isə qadınları onlardan seçilərək qalan 1000 nəfəri digər 2000 nəfərlə birlikdə xırmana toplayaraq hamısını tamamilə öldürüblər. Hətta 40 qadın və uşaqdan ibarət mürəkkəb bir cəmiyyəti odada həbs edərək yandırıblar.

Bu vəhşiliyi görən əhali evlərini, əşyalarını, yeyəcəklərini ataraq səfil və pərişan uşaqlarının əllərindən tutaraq yollara düşüblər. Bu faciə 5 oktyabr 1918 tarixindən başlanıb.

Ey hür və adil hökumətlər, Sizdən istimdad və istirham istiyoruz. Bu hal bir ay davam edər isə soyuqdan, aclıqdan, susuzluqdan hər birimiz məhv və həlak olacayıq.

Bir milyon nəfər istimdad əllərini Sizə uzadır, bizi …qurtarın. Bu məmləkət bizim elimizin və əcdadlarımızındır. Bizi yox etməkdən nə çıxar? Bizim nəslimiz kəsilsinmi? Buraya göndərəcəyiniz qaydalara tabe olmağa hazırıq, bilirik ki, yaxında sizin hökmləriniz adil olacaq. Bizi evlərimizə qaytarmaq, biçarə qardaşlarımızın soyuqdan, aclıqdan ölməməsi üçün bir çarə düşünəcəklərinə əminiz. Bizim salamımızı xoşbəxt və sülh içində olan əhalinizə çatdırmanızı sizdən xahiş edirik. Barbarlığı yox etmək üçün yüksələn hökumətinizin sədasını cahil və qana susamış kimsələrin üzərində yüksəlməsini istəyən, biz haqsızlığa uğrayan yalvarışlarımızı Sizə doğru uzadırıq.

Naxçıvan, Şahtaxtı, İkindir, Kağızman, Qars və Oltu

İslam Şurası rəisi İbrahim

25 yanvar 1919-cu ildə Vesterman tərəfindən bir məktubla Qarsdan gələn müraciətdə göstərilən erməni vəhşiliklərinin yoxlanması istənildi. Məktub aşağıda verilib:

Cənab A.V. Dulles-ə

Vesterman tərəfindən

Bu məsələ ilə bağlı dərhal tədbirlər görülə bilməz. Xahiş edirəm, Qafqaza gedən sahə qrupuna müraciət edin ki, ermənilərin törətdikləri bu ehtimal olunan vəhşiliklər barədə həqiqəti bildirsinlər.

Təəssüf ki, yalvarışlarla dolu Qarsdan gələn teleqram Qərb dövlətlərinin bu ərazilərdə yaşayan müsəlmanlara qarşı aparılan soyqırımı dayandırmaq istəklərini oyatmadı. Hətta bu hadisələrə məhəl qoymayan həmin Qərb dövlətləri teleqramda yazılan bölgələri erməni dövlətinə, erməni əsgərlərinin ixtiyarına vermiş oldu. Bu isə İrəvan quberniyasından sağ qalaraq Qarsa qaçan böyük bir qaçqın ordusunun növbəti dəfə ermənilər tərəfindən soyqırıma məruz qalmasını labüd etdi. Sonda əlbəttə ki, yenidən güclənən türk ordusu irəliləyərək onları xilas edəcək”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR