İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərar verildi: Azərbaycan Qazaxıstan neftini dünya bazarına daşıyacaq

1290 27.08.2022 09:10 İqtisadiyyat A A

Dəniz və boru daşımalarından irihəcmli gəlirlər əldə olunacaq

Ukraynada müharibə başlayandan bəri Qazaxıstan neftinin Rusiya ərazisi ilə dünya bazarına nəqlində ciddi problemlər yaranıb. Artıq 4-cü dəfədir ki, Qazaxıstandan nefti Novorossiysk limanına daşıyan Xəzər Boru Kəmərində “ciddi nasazlıq”  aşkarlandığına görə neft nəqli dayandırılır.

Aydın məsələdir ki, Rusiya öz neftinə qarşı embarqo və qiymət tavanı tətbiqinin qarşısını almaq, həmçinin Ukraynaya qarşı aqressiyasını dəstəkləməyən Astananı cəzalandırmaq üçün Qazaxıstan neftinin dünya bazarına yolunu bağlayır.

Qeyd edək ki, Qazaxıstan neftinin 80 faizdən çoxu dünya bazarına XBK ilə çatdırılır. Kəmərlə nəqlin dayanması ölkə üçün çox böyük problemlər yaradır. Rusiyanın Ukraynaya hücumundan sonra mart-aprel aylarında Novorossiyskdə neftin tankerlərə yükləndiyi terminallarda problem yaranması bəhanəsi ilə qazax neftinin nəqli 4 həftə minimuma endirilib. Daha sonra limanda təmir bəhanəsi ilə məhdudlaşma tətbiq edilib. İyulun 5-də isə Novorossiysk şəhəri Primorsk rayon məhkəməsi ekoloji problem bəhanəsi ilə terminalın fəaliyyətinin 30 gün müddətinə dayandırılması barədə qərar qəbul etmişdi. Bu, Qazaxıstanda böyük narazılığa səbəb oldu, prezident Qasım Jomart Tokayev xüsusi müşavirə keçirərək ən qısa müddətdə neftin Xəzər dənizi üzərindən Azərbaycan vasitəsilə daşınmasını nəzərdə tutan Transxəzər nəql marşrutunun gücləndirilməsini tapşırdı.

Qazaxıstan nefti indiyədək kiçik həcmlərlə Azərbaycan üzərindən daşınıb. 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında neft nəqlinə dair dövlətlərarası memorandum imzalanıb. Sənəd Qazaxıstanın şimalındakı yataqlardan Kurık limanına neft kəmərinin çəkilməsini və ildə 10 milyon ton neftin tankerlər vasitəsilə Azərbaycan üzərindən nəqlinin təmin olunmasını nəzərdə tuturdu. Lakin Qazaxıstanda işləyən xarici şirkətlər memorandumun icrasına maraq göstərmədilər. İndi isə real təhlükə yarandığına görə diqqətlər Azərbaycana yönəlib. Bir neçə gün öncə Q.J.Tokayevin Azərbaycana rəsmi səfəri çərçivəsində bu məsələ ilə bağlı razılaşmalar əldə olunub.

Qazaxıstanın “KazMunayQaz” (KMG) milli şirkətinin idarə heyətinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev bu barədə məlumat verib: “Qazaxıstan neftinin mümkün nəqli üçün Azərbaycan tərəfi ilə müxtəlif səviyyələrdə, o cümlədən dövlət və milli şirkətlər səviyyəsində müzakirələr aparılır. Təfərrüat hələ razılaşdırılmalıdır. Azərbaycan tərəfi ilə razılıq əldə edildikdən sonra daha ətraflı məlumat verəcəyik”.

O xatırladıb ki, Azərbaycanın iki neft kəməri - Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa, potensial olaraq Qazaxıstan neftinin nəqli üçün istifadə oluna bilər.

Avqustun əvvəlində “Reuters” Qazaxıstanın gündə təqribən 100 min barel və ya XBK ilə nəql olunan həcmin 8 faizini Azərbaycanın boru kəmərləri ilə dünya bazarına çatdırmağa hazırlaşdığına dair məlumat yayıb. Agentliyin istinad etdiyi mənbə bildirib ki, Qazaxıstanın “KazMunayQaz” milli şirkəti artıq SOCAR-la neft tədarükü ilə bağlı ilkin danışıqlar aparır. Qazaxıstan tərəfi Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə ildə 1,5 milyon ton (gündə 30 min bareldən bir qədər çox) neft nəql etmək niyyətindədir. Tərəflər arasında neft ixracına dair razılaşmanın avqust ayının sonunda imzalanması, tədarükə payızda başlanması gözlənilir. Bununla yanaşı, Qazaxıstan 2023-cü ildən etibarən Azərbaycanın digər kəməri - Bakı-Supsa ilə ildə 3.5 milyon barel neft ixrac etmək niyyətindədir.

Qazaxıstanın energetika naziri Bolat Akçulakovun sözlərinə görə, yaxın iki il ərzində ölkə iri yataqları genişləndirməklə, yeni yataqların axtarışı və yeni kiçik yataqların istismara verilməsi ilə neft hasilatını artırmağı planlaşdırır. Nazir qeyd edib ki, bu il üçün neft hasilatı üzrə proqnoz 85,7 milyon tondur, lakin ölkədə hasilat ola bilsin ki, 107 milyon tonadək artacaq: “Müvafiq olaraq, bunlar bu gün ixrac üçün göndərdiyimiz həcmlərdən artıq həcmlərdir. Təbii ki, belə bir vəziyyətdə biz bu super həcmləri necə göndərə biləcəyimizi düşünməliyik”.

Nazirin bu açıqlaması əslində Rusiyanın Qazaxıstanın alternativ marşruta yönəlməsinə mümkün aqressiv reaksiyasını önləmək məqsədi güdür. Astana artıq Rusiyanın etibarsız tərəfdaş olduğuna əmindir və buna görə də alternativ nəql yolunu tapmağa, sadəcə, məhkumdur. Məlumat üçün bildirək ki, Azərbaycan Xəzər dənizində ən böyük yükdaşıma, o cümlədən maye yükdaşıma donanmasına malik ölkədir. Bu baxımdan özünün tanker donanması olmayan Qazaxıstanın neftinin daşınması da Azərbaycan tərəfindən həyata keçiriləcək.

Hazırda Azərbaycanın dünya bazarına neft daşıyan mövcud infrastrukturuna Qərb İxrac Boru kəməri, Bakı-Tiflis-Ceyhan Əsas İxrac boru kəməri və dəmiryol daşımaları aiddir. BTC-nin cari ötürücülük gücü gündəlik 1,2 milyon barel təşkil edir. İldə 60 milyon ton neft nəql etmək mümkündür. Lakin hazırda bu gücün yarısından azından istifadə olunur. Qərb İxrac Boru Kəməri (QİBK) Supsa terminalına qədər uzanır. Kəmərin sahibi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətidir. 2021-ci ildə Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə 31 milyon barel neft ixrac edilib. Kəmərin illik nəqletmə gücü 5,1 milyon tondur.

Azərbaycanın dəmiryolu sistemi ilə nə qədər neftin daşınmasının mümkün olduğuna dair məlumat açıqlanmır. Mövcud boru kəmərlərinin illik nəql gücü 65 milyon tondan çoxdur. Hazırda onun 28 milyon tonundan istifadə olunur. Bu isə o deməkdir ki, Azərbaycan ildə əlavə olaraq 30 milyon tona yaxın neft nəql etmək gücündədir.

Dünya SAKİT

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR