İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva “TÜRKSOY Media mükafatı” təqdim olunmuş media nümayəndələri ilə görüşüb FOTO

335 29.09.2021 12:37 Gündəm A A

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva 44 günlük Vətən Müharibəsində həqiqətləri dünyaya çatdıran və “TÜRKSOY Media mükafatı”-na layiq görülmüş xarici jurnalistlərlə görüşüb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və Milli Kitabxananın təşkilatçılığı ilə “TÜRKSOY Media mükafatı” təqdim olunmuş media nümayəndələri ilə görüş keçirilib.

27 sentyabr tarixində Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Daimi Komitəsi və Milli Kitabxana 27 sentyabr – Azərbaycan Şəhidlərini Anım Günü ilə bağlı 44 günlük Vətən Müharibəsini geniş işıqlandıran, “TÜRKSOY Media mükafatı” təqdim olunmuş media nümayəndələrinin Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva ilə görüşü və Milli Kitabxananın hazırladığı “Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı Elektron məlumat bazasının təqdimatı keçirilib.

Azərbaycan torpaqlarının azad edilməsi uğrunda canından keçmiş bütün şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, bildirib ki, Azərbaycan xalqı, dünya azərbaycanlıları, Azərbaycanın dostları böyük Zəfərin qazanılmasında müstəsna xidmətləri olan şəhidlərimizi  dərin ehtiramla yad edir: “Heç bir zəfər, azadlıq qansız, qurbansız başa gəlmir. 44 günlük haqq savaşımızda biz də çoxsaylı şəhidlər verdik. Biz tarixi Zəfərimizə görə onlara borcluyuq. Zaman keçsə də, Azərbaycan xalqı heç vaxt öz şəhidlərini unutmayacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Anım Gününün, eləcə də Zəfər Gününün təsis edilməsi şəhidlərimizin ruhunun yaşadılması deməkdir”.
Sonra o, Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında iştirak edən jurnalistlərə öz təşəkkürünü bildirib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva çıxış edərək Mədəniyyət Nazirliyinə, Milli Kitabxana rəhbərliyinə və TÜRKSOY-a öz təşək­kürünü bildirib. O, 44 günlük müharibə zamanı daim yanımızda olan bütün qardaş­larımıza, o cümlədən jurnalistlərə müraciət edərək Azərbaycanın səsi olduq­larına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırma işində iştirak etdiklərinə görə bir daha minnətdarlığını bildirib: “44 günlük Vətən Müharibəsi bizimçün şərəf, ləyaqət və məsuliyyət müharibəsi idi. Bu amillər bizə bəslənən münasibətlərdə də özünü göstərdi – özünü ləyaqətli, məsuliyyətli aparanlar olduğu kimi, biganələri, hətta özünü çox məsuliyyətsiz aparanları da gördük. O günlərdə hansı dövlətin, qurum və quruluşun, nüfuzlu qələm adamlarının necə bir mövqe tutduğunu heç bir zaman unutmayacağıq. Çünki Azərbaycanı müdafiə – Ədaləti, Xeyri müdafiə idi, Azərbaycana qarşı olmaq Şərin yanında olmaqdan başqa bir şey deyildi. Sizlər bizi yalnız qardaş, dost olduğumuz üçün müdafiə etmirdiniz, eyni dərəcədə haqlı olduğumuz üçün, işğala məruz qaldığımız üçün müdafiə edirdiniz.

Bosniya müsəlmanlarının əfsanəvi lideri Aliya İzzətbəyoviçin məşhur sözlərini xatırlatmaq istərdim: “Müharibədən öncə dostlar və düşmənlər vardı. Müharibə olunca, gördük ki düşmənlər burada – qarşımızdadır, ancaq dostlarımız yanımızda görünmür. Və müharibə bitincə, bizi düşmənlərimizin etdiklərindən daha çox, qardaşlarımızın, dost bildiklərimizin biganəliyi üzdü”… Tanrıya çox şükürlər ki, biz müharibədən sonra sizlərlə birgə minnətdarlığımızı bölüşürük. İnformasiya dəstəyiniz, mənəvi dəstəyiniz üçün çox sağ olun! Necə deyərlər, heç nə unudulmur, heç kim yaddan çıxmır”!

Q.Paşayeva Milli Kitabxananın əməkdaşları tərəfindən “Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı Elektron məlumat bazasının hazırlanmasının təqdirəlayiq iş olduğunu bildirərək, belə layihələrin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadığını qeyd edib.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı çıxış edərək bildirib ki, bilavasitə TÜRKSOY-un baş katibi Dusen Kaseinovun təklifi ilə 44 günlük müharibə zamanı Azərbaycanın səsini dünyaya çatdıran jurnalistlərə “TÜRKSOY Media mükafatı”nın təsis olunması qərara alınmışdır: “Biz Azərbaycanın həmin ölkələrdəki səfirliklərinə müraciət edərək 36 nəfər jurnalisti bu mükafata layiq görmüşük”.
Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova iştirakçılara “Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı Elektron məlumat bazasını təqdim edib.  O, bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Rəsmi sənədlər”, “İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”, “Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı”, “II Qarabağ müharibəsi şəhidləri”, “Nəşrlər”, “II Qarabağ müharibəsinin xatirəsinin əbədiləşdirilməsi”, “Müharibə iştirakçılarına verilən orden və medallar”, “Erməni terroru”, “Videoqalereya” bölmələrindən ibarətdir.

Tədbirin sonunda Türkiyədən, Qazaxıstandan, Qırğız Respublikasından, Özbəkistandan və Xorvatiyadan gəlmiş mətbuat nümayəndələrinə - “TRT Haber”in əməkdaşları Bülənt Çulcuoğlu,  Eyyup Burun (Türkiyə), jurnalist-bloqer Almas Şorayev, “E-history.kz” xəbər saytının baş redaktoru Arman Suleimenov, “Abay.kz” xəbər saytının baş redaktoru Nurgəldi Usbanov (Qazaxıstan), “STV” Media mərkəzinin TV üzrə Baş direktor müavini Muratbek Zholukeev, “Veçerniy Bişkek” qəzeti baş redaktorunun I müavini Nina Niçiporova, “Next TV” kanalının baş redaktoru Kubatbek Aibaşov (Qırğız Respublikası), “İnterpress.uz” xəbər saytının baş redaktoru Abduvali Saybnazarov, “Qalampir.uz” xəbər saytının baş redaktoru Sunnatilla Abdullayev (Özbəkistan), “Veçernji List” qəzetinin əməkdaşları Hassan Haidar Diab, Ljiljana Haidar Diaba (Xorvatiya), eləcə də, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı və TÜRKSOY-un mətbuat katibi Vüqar Novruzova MM Mədəniyyət Komitəsinin və “Nəfəs” İctimai Birliyinin Təşəkkür məktubları, Qarabağ motivli xatirə hədiyyələri təqdim olunub.

Görüşdə “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva, Mədəniyyət Komitəsinin və Milli Kitabxananın əməkdaşları iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR