İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid əsgər Toğrul Hacıyevin anası ilə görüşdü - FOTO

225 13.03.2023 10:37 Son xəbər A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Novruz bayramı ərəfəsində Azərbaycan Vətən Müharibəsinin şəhidi, Silahlı Qüvvələrin əsgəri Toğrul Hacıyevin anası İlhamə Soltanova ilə görüşüb.

Musavat.com xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə, şəhid anasının qayğıları öyrənilib, ürək sözləri dinlənilib.

Q.Paşayeva ölkənin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili üçün də örnək təşkil etdiyini deyib. O, milli bayramımız Novruz ərəfəsində keçirilən görüşün, ümumiyyətlə şəhid anaları ilə hər bir görüşün onunçün çox doğma görüş olduğunu söyləyib, şəhid əsgərin əziz ruhuna sayğılarını bildirib:

“Hər əziz gündə, hər bayramda ilk anılacaq insanlar sırasında öndə şəhid ailələri, şəhid anaları gəlir. Sizi milli bayramımız Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Ulu Tanrıya şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Şuşada bayrağımız dalğalanır, ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı ləyaqətlə yerinə yetirməyə qadirdir.

Vətən uğrunda canını qurban vermiş övladınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik. Ruhları şad olsun”!

Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib və o, şəhid ailələri ilə görüşün hər bir ziyalı, hər bir işadamı və vətənpərvər insan üçün çox önəmli mənəvi borc olduğunu qeyd edib, şəhidimizin həyat və döyüş yolu ilə yaxından maraqlanıb. Şəhidimizin anasını və onun timsalında ailənin bütün üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Görüşün sonunda Mədəniyyət Komitəsi və “UNİTY-Company” adından şəhid ailəsinə bayram hədiyyələri təqdim edilib.

Azərbaycan Ordusunun şəhid əsgəri Toğrul Rüfət oğlu Hacıyev (24.12.1996, Bakı – 10.10.2020, Füzuli) – əslən Füzulidən idi. 2003-2014-cü illərdə Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin 313 saylı tam orta məкtəbində təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Milli Konservatoriyasında bakalavr pilləsində, 2018-2020-ci illərdə isə həmin təhsil müəssisəsində magistr pilləsində ali musiqi təhsil alıb.

Toğrul Hacıyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri Toğrul Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, orada da şəhid olub. Şəhidimiz Binəqədi rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Toğrul Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhid əsgərimiz həmçinin “Füzulinin azad olunmasına görə” (25.12.2020) medalı ilə təltif edilib.

Ruhu şad olsun!

Musavat.com

83332198-773b-48ef-852b-0698cbb547b3.jpg (203 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR