İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva məhkum qadınlarla görüşdü - VİDEO,FOTO

704 08.03.2023 18:30 Son xəbər A A

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva, “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev, həmin şirkətin maliyyə direktoru Zərifə Arzumanova, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, psixoloq Xatirə Səfərova, modelyer Afaq İsmayılzadə 8 Mart Qadınlar bayramı münasibəti ilə Bakıdakı 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsində cəza çəkən qadınlarla görüşüblər.

Müəssisənin rəisi Elgiz İsmailov Komitə sədri və bir qrup ictimai fəallar və ziyalıları salamlayıb, burada çağdaş standartlara uyğun yaradılmış şəraitlə bağlı ətraflı məlumat verib. O, düşərgədə ayrı-ayrı əməli fəaliyyət sahələrinin qurulduğunu, məhbus qadınların məşğulluq məsələlərinin qabaqcıl ölkələrin standartlarına uyğun həll olunduğunu deyib.

Burada məhbuslara ilk növbədə məhz məhbus prizmasından yox, onların qadın olması baxımından yanaşılmasından, mülayim, mədəni, diqqətli münasibət göstərilməsindən danışan E.İsmailov, müvafiq dövlət siyasətindən söz açıb.

8816903f-6e4e-437d-a7d5-f3e9385b554c.jpg (28 KB)

Qənirə Paşayeva müəssisədə gördüyü səliqə-sahmanın diqqəti cəlb etdiyini deyib. O, Azərbaycan dövlətinin, şəxsən, Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist siyasətindən, dəfələrlə verilmiş əfv sərəncamlarından, amnistiya aktlarından bəhs edərək, görüşdə iştirak edən 500-ə yaxın məhbus qadının da müvafiq qayda və vaxtda öz ev-eşiklərinə, doğmalarına qovuşmasını arzu edib.

Dövlət qadın siyasətindən və sosialyönümlü dövlətimizin humanizmindən ətraflı danışan Komitə sədri 8 mart – Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ərəfəsində belə bir görüşü, məhbus qadınlar üçün yaradılmış şəraitlə yerində tanışlığı özünün və könül dostlarının mənəvi borcu kimi xarakterizə edib: “Ali dövlət rəhbərliyinin humanizmi, xeyirxahlığı hər birimizçün örnəkdir. Hüquq dövlətinin vətəndaşlarının üzərinə düşən məsuliyyətin hüquq müstəvisində olduğu qədər mənəvi müstəvidə də inkası önəmlidir. Biz qadın islah-əmək düşərgisində keçici bir görüşə gəlməmişik. Könül dostlarımızla belə qərara gəlmişik ki, burada qadınlarımızın tikdiyi, toxuduğu gözəl məhsullardan davamlı olaraq alaq. Biz artıq tanış olduğumuz tekstil, toxuculuq, şirniyyat bölümlərindəki məhsulların necə zövqlə hazırlandığının şahidi olduq və hər birindən məmnuniyyətlə aldıq. Dostlarımızla belə qərara gəldik ki, hər il burada toxunan hədiyyəlik kiçik ölçülü xalı-xalçalardan bir neçə ədəd alaq. Biz ayrı-ayrı ölkələrə səfərlərə gedirik yaxud xaricdən qonaqlarımız olur. Buradan alınan zərif xalı-xalçaların səfərə gedərkən də, qonaq qarşılayarkən də ən gözəl hədiyyə olacağına inanırıq. Əlləriniz var olsun! Bayramlar öncəsi sizlərə ən böyük arzu-diləyimiz, növbəti bayramları öz ev-eşiyinizdə, doğmalarınızla bir yerdə keçirməyinizdir”.

e88e496d-e97a-4e15-bef5-00397cc51666.jpg (18 KB)

Sözünə davam edən Q.Paşayeva deyib: “Məni sevindirən ən böyük məqamları sizlərlə bölüşmək istərdim. Bu, ilk növbədə sizlərçün yaradılmış yüksək səviyyəli şərait və burada hökm sürdüyünə inandığımız mədəni-mənəvi mühitdir. İkincisi, belə mühitə xüsusi rəng qatan, zənginlik qazandıran sizlərçün müxtəlif əməli fəaliyyət sahələrinin qurulmasıdır, hər kəsin öz ixtisasına, təcrübəsinə uyğun peşə, sənət sahələri ilə məşğul ola bilməsidir. Burada peşə məktəbinin olması özəlliklə təqdirəlayiqdir. Demək ki, azadlığa çıxdıqdan sonra sizlər artıq peşələrə yiyələnmiş olacaqsız, necə deyərlər, öz ayaqlarınız üstündə dura biləcəksiz. Bu isə cəmiyyətdə həbsdən çıxmış qadınlara münasibətdə hansısa neqativə malik olan insanların ehtimal edilən tənəsindən uzaq olmağa imkan yaradır”.

Komitə sədri Q.Paşayeva müəssisənin kitabxanasına müxtəlif ad və mövzuda çoxsaylı kitabların bağışlanacağını bildirib: “Müəssisədə zəngin kitabxanın olması, mədəni proqramların təşkili barədə eşitdiklərimiz də bizi məmnun edir. Ümidvarıq, bizim bağışayacağımız müəllif kitabları, digər bədii, ensiklopedik və başqa uyğun nəşrlər xoşunuza gələcək.

0d9afe18-d13c-4a3a-8ffd-5fc4caa0a642.jpg (30 KB)

Bir daha qarşıdan gələn bayramlarınızı təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

Tədbirin təşkilatçılarından “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva, “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev, həmin şirkətin maliyyə direktoru Zərifə Arzumanova, eyni zamanda “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, psixoloq Xatirə Səfərova, modelyer Afaq İsmayılzadə də tədbirdə çıxış edib, ürək sözlərini geniş bölüşüblər. Müəssisədəki məhbus qadınların hər birinə bayram münasibəti ilə xatirə hədiyyələri və maraqlı kitablar bağışlanıb.

Q.Paşayeva 50-yə yaxın məhbus xanımın müraciətini şəxsən dinləyib, toxunulan məsələlərlə bağlı əlaqədar qurumlarla məsləhətləşmələr aparacağını, mümkün köməklik göstərilməsinə çalışacağını söyləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR