İndiyədək Qazaxıstanın 20-dən çox şirkəti Rusiya ilə əməliyyatlara görə müxtəlif sanksiya siyahılarına daxil edilib.
Musavat.com xəbər verir ki, məlumatı Qazaxıstan Milli Bankının sədri Timur Süleymenov Milli Məclisin (parlamentin aşağı palatası) deputatlarının sorğusuna cavab verərkən açıqlayıb.
Onun sözlərinə görə, Qazaxıstan bankları sanksiya təhdidləri üzündən Rusiya ilə ticarət əməliyyatlarına xidmət göstərərkən ehtiyatlı olmağa məcburdurlar: "Qazaxıstan sanksiyalara qoşulmayıb və müvafiq olaraq, Rusiya Federasiyası ilə malların ticarətinə, o cümlədən sanksiya siyahısında olanlara məhdudiyyətlər tətbiq etmir; Qanunvericilik üçüncü ölkələrin sanksiyaları ilə bağlı əməliyyatlara xidmət göstərməsini qadağan etmir. Bununla belə, sanksiyalarla bağlı əməliyyatlar həyata keçirərkən, hətta sövdələşmə tərəfləri sanksiya siyahısına birbaşa daxil edilmədiyi hallarda belə xarici dövlətlər tərəfindən ikinci dərəcəli sanksiyaların tətbiqi riski istisna oluna bilməz. Məsələn, bu gün 20-dən çox Qazaxıstan şirkəti Rusiya Federasiyasına sanksiya tətbiq edilən malların tədarükü ilə bağlı fəaliyyətə görə ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Yaponiyanın sanksiya siyahısına daxil edilib. Bu baxımdan, Qazaxıstan bankları ödənişlər və pul köçürmələrinə xidmət göstərərkən sanksiya risklərini nəzərə alır və müştəri əməliyyatlarının lazımi təhlilini aparır".
Musavat.com