İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağın yaxın gələcəyi bu cür olacaq - Prezidentin müjdəli MESAJI

1914 01.10.2023 10:00 Gündəm A A

Azərbaycan işğaldan azad etdiyi bütün torpaqlarını ən yüksək səviyyədə bərpa etmək, bu ərazilərin əzəli sakinlərini öz doğma yurdlarına qaytarmaq istiqamətində sürətli addımlar atmaqdadır. İndiyədək 8 şəhər və 92 kəndin Baş planı təsdiqlənib, müxtəlif rayonlarda 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramının sürətli icrası nəticəsində Laçın və Füzuli şəhərlərinin, Ağalı, Talış və Zabux kəndlərinin sakinlərinin yurdlarına qayıdışı başlanıb.

Azərbaycanın 30 ildə tamamilə dağıdılan ərazilərdə həyata keçirdiyi fəaliyyətləri əslində, bərpa deyil, yeni yaşayış məskənlərinin salınması kimi qiymətləndirmək daha doğru olardı. Çünki bir neçə istisnalarla, işğal dövründə Ermənistan torpaqlarımızda heç bir tikinti-quruculuq işi aparmayıb, əksinə, olanları dağıdıb. Bu səbəbdən də Azərbaycan yoldan tutmuş, kənd təsərrüfatı əkinlərinə qədər bütün sahələrdə işləri sıfırdan başlayır. Üstəlik, ərazilərin minalardan təmizlənməsi də vaxt və böyük maliyyə tələb edir.

Prezident İlham Əliyev Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı -  AZƏRTAC

Prezident İlham Əliyevin bərpasına başlanan Zəngilan şəhərində keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumundakı çıxışında qeyd etdiyi kimi, Azərbaycan azad olunan ərazilərdəki bütün işləri öz hesabına həyata keçirir: “İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib”.

Qeyd edək ki, forumun keçirildiyi Zəngilan rayonunun müxtəlif istiqamətlərində fəal işlər gedir. Prezidentin verdiyi məlumatdan aydın olur ki, şəhərin Baş planı artıq təsdiq edilib: “İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir”.

Prezident İlham Əliyev Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin  təməlqoyma mərasimində iştirak edib YENİLƏNİB VİDEO - AZƏRTAC

Azərbaycan azad olunan ərazilərdəki bərpa işlərini ən yüksək texnologiyalar əsasında, ən müasir tələblərə cavab verəcək səviyyədə icra edir. Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 2021-ci ilin yanvarında keçirilən müşavirədə işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasını qoyub. Onun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 3 may 2021-ci il tarixli 2620 nömrəli Sərəncamının icrası çərçivəsində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılıb və Konsepsiya sənədi hazırlanıb.

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr  olunan müşavirə keçirilib

Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.

Bununla yanaşı, Azərbaycan hökuməti tərəfindən 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizə qədər azaldılması və işğaldan azad edilmiş ərazilərdə "xalis sıfır emissiya" zonası yaradılması niyyəti bəyan edilib.

İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji üzrə potensial  dəqiqləşdirilir | DƏNİZ XƏBƏR

Energetika Nazirliyinin məlumatına əsasən ilki qiymətləndirmələr Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensialın 7200 MVt-dan artıq olduğunu göstərir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisi üzrə texniki potensial 2000 MVt təşkil edir. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur.

Həmçinin, Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcək. 

Bundan başqa, 2021-ci ilin iyununda Energetika Nazirliyi ilə bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə İcra Müqaviləsi imzalanıb, layihə təsdiqlənib. 

Zəngilanda 4 yeni SES-in tikintisinə başlanıldı

2022-ci ilin payız aylarında “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan su elektrik stansiyaları (SES) silsiləsinin tikintisinə başlanılıb. Artıq “Sarıqışlaq”, “Şayıflı” və “Zəngilan” SES-lərdə işlər yekunlaşmaqdadır, “Cahangirbəyli” SES-də isə işlər tamamlanıb. 4 stansiyadan ibarət 42 meqavatlıq “Zəngilan” Su Elektrik Stansiyalar Silsiləsi işğaldan azad edilən ərazilərdə tamamilə yeni inşa edilən ilk ən böyük enerji istehsalı layihəsidir. Bu layihə rekord müddətdə - cəmi bir ilə ərsəyə gəlib. “Zəngilan” su elektrik stansiyaları silsiləsində il ərzində 130 milyon kilovat-saatdan artıq “yaşıl enerji” istehsal ediləcək. 

“Ağbulaq”, “Alxaslı” və “Mişni” stansiyaları ilə birlikdə indiyədək Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir. Gələn ilin birinci rübündə artıq Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.

Avqustda istismara verilən “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” Kiçik Su Elektrik stansiyalarından əlavə indiyədək Kəlbəcər rayonunda 4,4 meqavat gücündə “Kəlbəcər-1”, 6,3 meqavat gücündə “Qamışlı” və 3,4 meqavat gücündə “Meydan” Kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib. Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb. Bununla da 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat-saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq.
Beləliklə, Azərbaycan azad olunan əraziləri yaşıl enerji zonasına çevirmək üçün çox sürətli fəaliyyətlər həyata keçirir.

Ölkə başçısının qeyd etdiyi kimi, azad olunan ərazilər də daxil olmaqla, Azərbaycanın yol infrastrukturu surətlə şaxələnir: “Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq”.

Prezident İlham Əliyev "AzərEnerji" ASC-nin "Cahangirbəyli" Su Elektrik  Stansiyasının açılışında iştirak edib | innews.media

Vətən müharibəsindən sonra Azərbaycandan Naxçıvana Qərbi Zəngəzurdan keçməklə nəqliyyat dəhlizinin yaradılması planının icrasına imkan verməyən Ermənistan özünü qlobal əhəmiyyətli Şərq-Qərb Nəqliyyat Dəhlizinə qoşulmaq imkanından məhrum etməkdədir. Azərbaycan bu dəhlizin aktiv iştirakçısı kimi İran üzərindən Naxçıvana, oradan isə Türkiyəyə qədər həm avtomobil, həm dəmiryol xəttinin çəkilməsi işlərini sürətlə icra edir.

Azərbaycan azad olunan ərazilərində kənd təsərrüfatını da müasir texnologiyalar əsasında qurur. Qardaş Türkiyə ilə birlikdə Zəngilanda yaradılan “Dost Aqropark” bunun bariz nümunəsidir. Dövlət başçısının sözlərinə görə, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək: “Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir”.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən böyük quruculuq işləri bölgəyə qayıdacaq əhalinin məşğulluğunu təmin etmək baxımından  da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti yurdlarına qayıdan əhalinin məşğulluğunun təmin olunması üçün Cəbrayı və Ağdamda sənaye zonaları yaradır. Ərazidə işləyəcək şirkətlərə, mütəxəssislərə dövlət tərəfindən böyük güzəşt və imtiyazlar verilir.

Böyük Qayıdış proqramın uğurla icrası nəticəsində artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq. Növbəti üç ildə isə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaq.
 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR