İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağı tərk edib gedən hayların ora dönüşləri o zaman baş tuta bilər ki…” - Sahib Alıyev

516 02.07.2024 18:58 Siyasət A A

“Prezident İlham Əliyevin dünən Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən Ermənistanla sülh anlaşmasının və hayların Qarabağa qayıdışlarının hansı şərtlər çərçivəsində baş tutacağı haqda verdiyi izah məncə, həmin adamın özündən çox qərbdəki bəlli çevrələr və onların yedəklərində sürünənlər üçün nəzərdə tutulmuşdu. Axı səfir elə bir yüksək səlahiyyət daşıyıcısı deyil ki, Azərbaycanın dövlət başçısı “kollektiv qərb”dəkilərin qobal gündəliyə çıxarmağa çalışdıqları məsələlərlə bağlı ətraflı fikir bölüşsün. Özü də əgər söhbət Birləşmiş Ştatların Lüksemburqu rolunu oynayan bir ölkənin səfirindən gedirsə”.

Musavat.com-un məlumatına görə, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur.

Deputatın fikrincə, Prezident İlham Əliyevin Kevin Hamiltona anlatdıqları Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynla qapalı görüşdə deyilənlərin bir növ təkrarı idi:

“Təkrarı idi ki, yaydığı hesabatlar acı gülüş, istehza, bəzən isə ikrah doğuran “Freedom House”a Bakıdan əliboş dönən o'braynlar və rəhbərləri hansı tapşırığı verir-versin, sözügedən qurum Qarabağda haylara qarşı guya entik təmizləmə aparıldığı ilə bağlı nə sayıqlayır-sayıqlasın, Azərbaycan öz mövqeyini dəyişən deyil”.

Sahib Alıyev hesab edir ki, Ermənistanla sülh anlaşması o ölkə konstitusiyasına dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddiasını oradan çıxarmayınca mümkünsüzdür:

“Qarabağı özləri tərk edib gedən hayların ora dönüşləri isə o zaman baş tuta bilər ki, Qərbi Azərbaycan İcmasının üzvləri də öz dədə-baba torpaqlarına qayıtsınlar.

Şər və böhtan yuvasına çevrilən “Freedom House”un iyulun birindəki hesabatında Qarabağda “etnik təmizləmə” haqda sayıqlamanın nə dərəcədə reallığı əks etdirib-etdirmədiyinə gəldikdə, o qurum özü belə bildirirsə ki, bəzi bölmələri Anuş Baqdasaryan adlı birisi redaktə edib, burada daha hər hansı şərhə ehtiyac qalmır.

Yeri gəlmişkən, “Xristian Həmrəyliyi” adlı rasist və ksenofob yığnağının “Freedom House”un saxta hesabatına dayanaraq Azərbaycanın Paris olimpiadasına buraxılmaması çağırışı da göstərir ki, bu sinxronluğu təşkil edənlər yenə də öz şantaj ənənələrindən əl çəkməyiblər. Amma əvvəlki təzyiqlərinin nə ilə qurtardığını xatırlayaraq düzgün nəticə çıxarsaydılar, anlayardılar ki, belə rəzilliklərə yol verməklə onlar bizdə özlərinə qarşı nifrət doğurmaqdan başqa heç nə əldə edə bilməyəcəklər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR