İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda “hökumət” dəyişikliyi - Xocalı qatili getdi, Vardanyan antiterror əməliyyatını yaxınlaşdırdı

2823 10.01.2023 09:36 Siyasət A A

Separatçılar arasında ixtilaflar Laçın yolunu nəzarətə götürdüyümüzə görə baş verir; Balasanyanın “vəzifədən” çıxarılması oyuncaq rejimi daxildən çalxalayır - Ruben Azərbaycanla kəskin qarşıdurma xəttini davam etdirmək niyyətindədir ki, bu da silahlı qarşıdurmaya apara bilər

Xəbər verildiyi kimi, Qarabağda qondarma qurumun “təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyan vəzifəsindən kənarlaşdırılıb. “Yeni Müsavat” yazır ki, müvafiq “fərmanı” yanvarın 7-də Araik Arutyunyan imzalayıb. Onun yerinə əvvəllər Qarabağın “milli təhlükəsizlik xidməti” rəhbərinin birinci müavini olmuş Ararat Melkumyan “təyin” edilib (Melkumyan 1993-cü ildə Ağdamın Mərzili kəndində gəbərdilən Amerika əsilli erməni terrorçu Monte Melkonyanın kadrlarından, əli günahsız azərbaycanlıların qanına batmış cinayətkarlardandır).

“İşdən” çıxarılmanın səbəbi açıqlanmır, lakin dəfələrlə qeyd etdiyi kimi, Balasanyanla Qarabağ separatçılarının yeni lideri Ruben Vardanyan arasında ciddi ziddiyyətlər var. Bu, Vardanyanın bu yaxınlarda Xankəndidə təşkil etdiyi mitinqdə xüsusilə nəzərə çarpıb. Balasanyan nümayişkaranə şəkildə mitinqdə iştirak etməyib. Qeyri-rəsmi məlumata görə, Vitali Balasanyan Bakının əlaqə saxladığı şəxs olub. Belə ki, məhz Balasanyan Laçında ermənilərlə ünsiyyətdə olub, onları sakitcə, yaşayış məntəqələrinə ziyan vurmadan şəhəri və ətrafdakı kəndləri tərk etməyə çağırıb. Bu səbəbdən Balasanyanı xəyanətdə və Bakıdan gələn əmrləri yerinə yetirməkdə ittiham ediblər. Rəsmi Bakı isə bildirib ki, Qarabağ erməniləri ilə əlaqə saxlayır, lakin Moskvanın əlaltısı Ruben Vardanyanla münasibət qurmayacaq. 

Balasanyanın “vəzifədən” çıxarılması sözsüz ki, separatçıların rəhbərliyində ziddiyyətlərin artmasından xəbər verir. Bakı ilə danışıqlar aparmağa hazır olanların kənarlaşdırılması o deməkdir ki, Vardanyan Azərbaycan hakimiyyəti ilə kəskin qarşıdurma xəttini davam etdirmək niyyətindədir ki, bu da silahlı qarşıdurmaya apara bilər. Başqa sözlə, Vardanyan antiterror əməliyyatını yaxınlaşdırmaqla məşğuldur. Aydındır ki, quldur-dələduz Vardanyanın əsas missiyası Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiya istəyini bloklamaq, anklavda separatçılığı, həm də Rusiyanın xeyrinə gücləndirməkdir. Lakin bir neçə gün öncə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakininin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəməsi, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirməsi, Qarabağın erməni sakininə yemək, siqaret verilməsi, ümumiyyətlə, ona qayğı ilə yanaşılması və Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakinin Xankəndinə yola salınması göstərdi ki, Vardanyan istəyinə heç də asanlıqla çatmayacaq.

Bu fakt hər şeydən öncə Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirir. Digər tərəfdən, erməni sakinin kömək üçün müraciəti Qarabağda Vardanyanın girovuna çevrilmiş 25-30 min nəfərlik erməni əhalisinin hansı vəziyyətdə saxlandığını, onların xoşbəxt həyatının, təhlükəsizliyinin yalnız Azərbaycan dövlətinə bağlı olmasının bariz nümunəsidir. Son toplantılarda soyuqluq hiss edilirdi. Rubenin tədbirinə Vitali, Vitalinin iclasına Ruben qatılmırdı. Hətta son Xankəndi mitinqində də Balasanyan iştirak etməmişdi. Görünürdü ki, heç vaxt döyüşməmiş, pulu ilə öyünən Vardanyanın gəlişi ermənilərin qəhrəman saydığı Balasanyanın xoşuna gəlmir. Üstəlik, Balasanyan Əsgəranda doğulub, özünü yerli adam hesab edir, “artsax” uğrunda mübarizə apardığını düşünür, Vardanyan isə heç zaman ermənilərin yanan barmağına su tökməyib, indi gəlib vəzifə tutur. Bu qarşıdurmanın gücləndiyi göz önündə idi və nəhayət, Rusiya Qarabağda öz adamlarını əvəzlədi. Bəli, Vitali də rusların adamı idi, amma militarist qanadı sayılırdı, Moskva isə onu mülki qolla dəyişmək fikrinə düşdü.

İndi proje Vardanyandır və uzağagedən nəticələr üçün onun personası üzərindən siyasət yürüdülür. Yəni məqsəd Rubenin Qarabağda nüfuzunu artırmaq və oradan İrəvana yolunu açmaq, Paşinyan hakimiyyətinin ömrünə son qoymaqdır. Balasanyan isə artıq istifadə müddəti başa çatmış erməni separatçısıdır, əvvəlki nüfuzu və təsiri qalmayıb, onunla, yaxud Araiklə heç bir proses başlatmaq olmaz. Üstəlik, Araik Paşinyanın adamıdır və indi əminliklə söyləmək olar ki, Qarabağdakı oyuncaq rejimin başçısı da Balasanyanın arxasınca gedəcək, beləliklə, Vardanyan “artsax” lideri vəzifəsinə yüksələcək.

Ermənistanın təxribatlarına qarşı gücdən istifadə etmək məcburiyyətindəyik"  - ELXAN ŞAHİNOĞLU

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun bildirdiyinə görə, Vitali Balasanyan erməni separatçıları arasında “əmrə” tabe olmayanlardandır: “İddialı Balasanyan Qarabağ separatçılarının lideri olmaq istəyirdi, ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın dəstəyi ilə "lider" kürsüsünə Araik Arutyunyan otuzduruldu. Balasanyanın bekar qalmaması və Arutyunyana mane olmaması üçün onu separatçıların “Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin” etdilər. Balasanyan 2020-ci ilin müharibə dövründə ortada yox idi. Müharibə bitdikdən sonra yenidən peyda oldu və elə həmin dövrdən başlayaraq onunla Araik arasında fikir ixtilafı barədə xəbərlər yayılmağa başladı. Balasanyan Paşinyanın rəqibi Robert Köçəryanın kadrıdır. O, bir neçə dəfə açıq şəkildə Paşinyanı tənqid etmişdi. Digər tərəfdən, Ruben Vardanyanın Moskvadan gətizdirilib Xankəndidə Balasanyana “rəhbər” təyin edilməsi də ikincinin narazılığına səbəb olub. Bu vəziyyətdə Arutunyan-Vardanyan cütlüyü Balasanyanı “vəzifəsindən” kənarlaşdırmağa üstünlük verdilər".

Politoloqun sözlərinə görə, Köçəryanın dostu olan Balasanyanın Rusiyanın hərbi dairələri ilə sıx əlaqələri var: “Rusiyanın Qarabağdakı hərbi kontingentinin rəhbərliyi Balasanyanla dialoq içindədir. Separatçıların "təhlükəsizlik Şurasının katibi vəzifəsinə" Ararat Melkumyan “təyin” olunub. Rusiya hərbi kontingentinin komandanlığı yeni “katiblə” təmas qursa da, Balasanyanın simasında köhnə kadrlarını da unutmayacaqlar. Rusiyadakı dairələr Balasanyandan lazımi məqamlarda Nikol Paşinyana və Araik Arutyunyana qarşı istifadə edəcək. Separatçılar arasındakı “yerdəyişmələrin” Azərbaycana dəxli olmasa da, nəzarətimizdən kənardakı bölgəni diqqətdə saxlamağa məcburuq. Separatçılar arasında fikir ixtilafları müharibənin ermənilər üçün ağır nəticəsinə və Laçın yolunu nəzarətə götürdüyümüzə görə baş verir. Demək, əlimizdəki alətlərdən istifadə etməliyik.

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Vitali Balasanyanı müharibədən sonra separatçıların qondarma “təhlükəsizlik katibi” postuna Rusiya gətirmişdi və Qarabağdakı silahlı dəstələrin nəzarəti ona verilmişdi: “Məqsəd sülhməramlılar bölgəyə gələndən sonra Paşinyana yaxın olan Araikin təsirinə qarşı hərbi gücü ələ keçirmək idi. Kremlin Ruben Vardanyanı bölgəyə göndərməsindən sonra Balasanyanın "vurulması" bu kontekstdə maraqlıdır: ruslar “hərbi gücü” “siyasi güc”lə əvəz edirlər. Vardanyanla Balasanyan arasında qarşıdurmanın olduğuna dair məlumatlar var idi. Son dövrlər Balasanyanın Azərbaycanla “əlaqələr”də ittiham olunması da bu qarşıdurmadan qaynaqlanırdı. Və ilk versiyada belə görünür ki, Ruben qarşıdurmadan qalib çıxdı. Bu, həm də Vardanyanı bölgədə Rusiyanın dəstəyini bütöv əldə edən fiqura çevirir. İstisna deyil ki, artıq “istifadəyə yararsız” olan Balasanyanın göndərilməsi Rusiyanın Vardanyanın yolunu tam açmasıdır. Lakin Rubenin getdiyi adresin separatçı rejimin “başçısı” postu olduğu şübhə doğurur, xüsusilə rusların bölgədə mövcudluğunun sual altında olması baxımından".

Ekspertin fikrincə, hələ az ehtimal kimi görünsə də, Vardanyanın əsas hədəfinin separatçı rejimi ələ keçirməkdən daha çox, Qarabağdan Ermənistan siyasətinə transformasiya etmək və Paşinyanı “taxtdan” endirmək olduğu istisna deyil: “Aydındır ki, belə bir mümkün ssenari Rusiya tərəfindən hazırlanıb və Vardanyan "artsax döyüşçüsü" kimi Ermənistan siyasətinə atıla bilər. O baxımdan, Vitalinin Rubenin “İrəvan yolundan” kənarlaşdırıldığını demək mümkündür. Kremlin Qarabağda “hərbi gücü” “siyasi güc”lə niyə əvəz etdiyinə də bu kontekstdə baxa bilərik. İndiki halda isə baş verənlər separatçı rejimin daxilində qarşıdurmanın olduğunu açıq şəkildə göstərir. Qarabağda həyat şərtlərinin çətinləşməsi bu “didişməni” daha da kəskinləşdirə bilər və bu, bütün hallarda xeyrimizədir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR