İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ separatçılarının sevimlisi – qumarbaz oğlu prokuror Katusevi səfil gününə qoyub

3106 25.04.2023 14:08 Yaxın tarix A A

1988-ci ilin fevral-mart aylarında Xankəndi şəhərində, bütövlükdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində hadisələr öz məcrasından çıxanda, vilayətin Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq “Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında” qərar qəbul edərək açıq şəkildə seperatçı rejimin bünövrəsini qoyanda gərginliyi araşdırmaq üçün Moskvadan Xankəndi şəhərinə ezam olunanlardan biri də SSRİ baş prokurorunun müavini Aleksandr Katusev olub.

ria-626088-preview.jpg (98 KB)

Kremldən Katusevə məsələni yerində araşdırmaq, hüquqi qiymət vermək, lazımi tədbirlərin həyata keçirilməsi üçün Mərkəzi Komitəyə ətraflı arayış hazırlamaq tapşırılıb. Bu həmin ərəfəyə təsadüf edib ki, Xankəndidə ermənilər azərbaycanlıları şəhərdən çıxarmaq üçün bütün cinayətlərə əl atıblar, Ermənistandan Xankəndiyə açıq şəkildə silah daşınıb, o cümlədən Xankəndidə və vilayətin digər yaşayış məntəqələrində Ermənistandan gələn saqqallılar peyda olublar. Amma nədənsə kifayət qədər böyük vəzifəyə və böyük səlahiyyətlərə sahib olan baş prokuror müavini bu və digər cinayət əməllərini görə bilməyib.

Hələ bu hadisələrdən əvvəl Katusevin Xankəndi Aqrar Sənayə Kombinatının baş direktoru (sonralar Dağlıq Qarabağ Muxtar Vilayəti partiya komitəsinin birinci katibi) Henrix Poqosyanla yaxın münasibətləri olub. Elə bu münasibətlər sayəsində də baş prokuror müavini bütün hadisələrə göz yumub. Ezamiyyət müddətində özünü məzuniyyətdə hiss edən Katusevin Xankəndi günləri yeyib-içməklə, əyləncə ilə keçib. Fevralın 24-də Poqosyan vilayətin birinci katibi seçiləndə isə təyinat şərəfinə verilən ziyafətdə Katusev baş prokurorun müavini qismində yox, Poqosyanın yaxın dostu kimi iştirak edib.

Katusev Mərkəzi Komitəyə hazırladığı arayışda vilayətdə vəziyyətin heç də problemli olmadığını yazıb.

239259_original.jpg (98 KB)

O, qeyd edib ki, vilayətdə baş verənlər haqqında söylənilənlər dedi-qodu və şayiələrdən başqa bir şey deyil. Baş prokurorun müavini eyni zamanda SİTA-nın müxbirinə verdiyi müsahibədə də vilayətdə vəziyyətin tam normal olduğuna əminliyini bildirib: “...Mən tam məsuliyyətimlə deyə bilərəm ki, vilayətdə zəhmətkeşlərin hüquqları və qanuni mənafeləri möhkəm qorunur...”

Qarabağa sərxoş gəlib sərxoş qayıdan Katusevin prokurorluq orqanlarındakı fəaliyyəti həmişə başı dumanlı keçib.

Aleksandr Katusev 1939-cu ildə Belarusiyanın Mogilyov vilayətində anadan olub. Orta təhsilini başa vurduqdan sonra o, Dneprodzerjinskdə texniki peşə məktəbində oxuyub, bir müddət həmin şəhərdə metallurgiya kombinatında işləyib. Kombinatda işləyərkən Katusev təhsilini qiyabi yolla Xarkov Hüquq İnstitutunda davam etdirib və 1965-ci ildə həmin təhsil ocağını bitirib.

Hüquq təhsili aldıqdan sonra Katusev 1966-cı ildə Baykal hərbi dairəsində qarnizon prokurorluğuna müstəntiq vəzifəsinə təyinat alıb. Bununla da onun prokurorluq orqanlarında yüksək templə qalxan karyerası başlayıb. 1987-ci ilə qədər Katusev baş müstəntiq, istintaq şöbəsinin və idarəsinin rəisi, nəhayət, Baş Prokurorluqda istintaq baş idarəsinin rəisi vəzifələrini tutub. O, 1987-ci ildə SSRİ baş prokurorunun müavini, 1989-1991-ci illərdə isə baş hərbi prokuror, eyni zamanda baş prokurorun müavini vəzifələrini daşıyıb.

Katusev.jpg (78 KB)

“QKÇP” hadislərindən sonra Katusev prokurprluq orqanlarında tutduğu vəzifələrdən azad edilib.
25 ildən artıq bir müddətdə prokurorluq orqanlarında yüksək vəzifələr tutan və vəzifə səlahiyyətlərindən aşırı dərəcədə istifadə edərək zəngin həyat tərzi sürən Katusev üçün vəzifədən sonrakı həyatı “darıxdırıcı” gəlib, yüksək məbləğlərdə gəlirlərə adət edən sabiq prokuror yeni gəlir mənbələri axtarmağa başlayıb.

“Fərasətli” hüquqşünas qarışıq 90-cı illərdə özünə rahatlıqla yer tapıb. Moskvada fəaliyyət göstərən iri şirkətlər Katusevdən “qaranlıq” məqsədləri üçün istifadə ediblər. Qanunsuz pul köçürmələri, neft daşınmaları, “ölmüş” pulların dirildilməsi işlərini Katusev böyük peşəkarlıqla icra edib. Sabiq prokuror hətta İraq prezidenti Səddam Hüseynin qardaşı ilə də işbirliyinə girib. Bütün bu işlərin müqabilində o, prokurorluqda işlədiyi dövrdən də çox pul qazanıb. Onun üçün Moskva ətrafında şahanə bağ evi tikilib, o, Moskvada tək-tük görünən avtomobillərə sahib olub, tez-tez təşkil etdiyi ziyafətlərdə isə Moskvanın ən tanınmış iş adamları, kriminal avtoritetlər iştirak ediblər.

Katusevin və həyat yoldaşının alkoqol ehtirası onun bütün ətrafına məlum olub. Bəzən cütlüyün məclisi bir neçə gün davam edib. Sözsüz ki, bu cür həyat tərzi Katusevin “qaranlıq” işlərin icrasına maneçilik törədib, o, ona verilən sifarişlərin icrasını ləngidib, bəzi hallarda isə ümumiyyətlə verdiyi sözün üstündə dayana bilməyib.

20230425_111233.jpg (278 KB)

Katusevin ailə vəziyyəti onun içkiyə meylliliyini daha da artırıb. Onun böyük oğlu qəfil ürəktutmadan vəfat edib. Kiçik oğli Vadim isə atasına yetərincə problemlər yaradıb. 1994-ci ildə Vadim öz dostu ilə Moskvada varlı bir şəxsin evinə giriblər, onun əl-qolunu bağlayaraq evindəki bütün qiymətli əşyaşları götürüblər. Qarət hadisəsindən bir neçə gün sonra onlar tutulub. Atasının hesabına Vadim Moskvada ən “şəraitli” həbsxanada cəzasını çəkib. Ancaq çox keçməmiş o, qapalı məkanda da atasına növbəti problemi yaradıb. Belə ki, Vadim həbsxanada qumarda böyük məbləğdə pul uduzub. Pulu ödəmədiyi halda onu ölümlə hədəliyiblər. Katusev köhnə əlaqələrini işə salaraq oğlunu başqa həbsxanaya köçürüb. Bir neçə həftədən sonra Vadim həmin türmədən qaçmağa nail olub və çox keçməmiş yenidən həbs edilib. Bu dəfə Katusev işi kökündən həll etməyi qərara alıb. O, bütün əlaqələrini işə salaraq böyük pul qarşılığında Vadimi həbsxanadan birdəflik azad edib.

Həbsxana həyatı Vadimi islah etməyib. Qumar oynamağını davam etdirən Vadim böyük məbləğlərdə borca düşüb. Nəhayət, çıxış yolu kimi o, iki dəfə atasının mənzilini də qarət edib. Katusev qarətçilərin kim olduğunu bilmək üçün yenidən köhnə əlaqələrini işə salıb. Sonda məlum olub ki, sabiq prokuroru qarət edən öz doğma oğludur. Katusev məcbur olub ki, mənzilinin qarəti ilə bağlı açılmış cinayət işi bağlansın.

Katusev oğlunu qumardan çəkindirmək üçün onu evləndirmək, ailə həyatına bağlamaq qərarını verib. Vadim vaxtilə SSRİ-nin siyasi elitasının nüfuzli simalarından biri olan, Siyasi Büronun üzvü, Mərkəzi Komitənin katibi Vladimir Dolqixin nəvəsi Svetlana ilə ailə həyatı qurub. Təntənəli toy mərasimindən sonra cütlük bal ayını Brazilyada keçirib. Brazilyada Svetlananın zinət əşyaşları itib. Tərəflərin valideynləri bu hadisəni adu oğurluq halı kimi qəbul ediblər. Üç aydan sonra isə Svetlananın bütün zinət əşyaları onların yaşadıqları mənzildən yoxa çıxıb. Bu dəfə məlum olub ki, həm Brazilyada, həm də Moskvada Svetlananın zinət əşyalarını Vadim oğurlayıb və bu hadisədən sonra onlar rəsmi olaraq ayrılıblar.

Katusev bu hadisələrin hamısını dumanlı başla və çox ağrı ilə həzm edərək içkiyə daha çox qurşanıb. İçki onu elə bir vəziyyətə salıb ki, o, fəaliyyətsizliyi ilə həyatdan tam təcrid olunub. Ehtiyat pullar qurtardıqdan sonra isə istefada olan general-leytenant vaxtilə iş gördüyü adamlardan aldığı borc pullarla yaşayıb.

katusev_af-768x499.jpg (229 KB)

Katusev bu cür dözülməz həyata çox tab gətirməyib. O, 2000-ci ildə bağ evində prokurorluqda xidmət illərindən ona xatirə hədiyyəsi kimi verilmiş tapança ilə özünü vuraraq intihar edib. Qohumları 61 yaşlı sabiq prokuroru Troekurovsk qəbirstanlığında dəfn ediblər.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR