İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın qətllərində odlu silahlardan istifadə artıb - reaksiyalar

441 06.07.2022 10:30 Sosial A A

Qadınlara qarşı aqressiyanın təməlində nə dayanır?

Son günlər qadınlara qarşı fiziki zorakılıq halları artıb. Onlardan ikisi haqda hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb. Onun sözlərinə görə, qadının biri içki düşkünü olan atası və qardaşı tərəfindən 7 yaşlı övladının gözü qarşısında döyülüb: “Qadın 37-ci Polis Bölməsi tərəfindən Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək.

Digər qadın da gecə saatlarında əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Daxili İşlər Nazirliyi Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var, ekspertizadan da keçirilib. Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradağ Rayon İcra Hakimiyyətinə yönləndirmişik".

Hər iki faktla bağlı ərazi üzrə polis bölmələrində araşdırma aparılır.

Ümumiyyətlə, son vaxtlar cəmiyyətdə qadınlara qarşı zorakılıq faktlarının artdığını görürük. Ard-arda qadınların öldürülməsi, məişət zorakılığı zəminində onlara ağır xəsarətlər yetirilməsi, müəmmalı qadın intiharlarının sayının artması cəmiyyətdə narahatlıq doğurmağa başlayıb. Bu günlərdə ginekoloq-həkimin intiharı da bu cür müəmmalı intihar hadisəsi sırasındadır.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova 6 ay ərzində elektron KİV-in monitorinqinə əsasən, məişət zorakılığı zəminində 48 qadının öldürüldüyünü, 33 qadına isə ağır xəsarətlər yetirildiyini açıqlayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə 2021-ci ildə Azərbaycanda 1536 şəxs məişət zorakılığından zərər çəkib. 2021-ci ildə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkən 24153 nəfərin 1536-sı və ya 6,4 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir. Həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 18,2 faiz artıb. Onların da 78,5 faizini qadınlar (22,1 faiz artım), 0,7 faizini (1,5 dəfə azalma) isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8,5 faiz artaraq 64 nəfər (onlardan 46-sı qadınlar) olub.

Bəs bu aqressiyanın təməlində nə dayanır?

Azərbaycanda insanlar biznes qurmağa qorxurlar” - Novella Cəfəroğlu Yeni  Sabah

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Hüquq müdafiəçisi qeyd etdi ki,  son vaxtlar cəmiyyətdə aqressiyanın artmasına əsas səbəb mövcud sosial problemlərdir: “Təkcə sosial problemlər deyil, cəmiyyətin özündə baş verən laqeydlik də neqativ halların artmasına gətirib çıxarıb. Məsələn, zamanında hansısa qadın evdə döyüləndə qonşular yığışıb onun evinə gedər, qadını sakitləşdirərdi, kişilər də gedib kişini tənbeh edirdi. İndi isə  cəmiyyətdə böyük laqeydlik hökm sürür, kimsə başqasının problemlərinə müdaxilə etməməyə çalışır. Həmçinin ictimaiyyətdə qadınlara qarşı zorakılıq əleyhinə ardıcıl siyasət aparılmır. Arvadını döyən kişini polis həbs edir, qadın isə cəmiyyətin qınağına tuş gəlməmək üçün ərizəsini geri götürür. Bu baxımdan cəmiyyətin özü bu işə qarışmalıdır, o cümlədən polis, bələdiyyələr, icra hakimiyyətində bu işlə məşğul olanlar və sairə. Yəni cəmiyyətin özü bu problemdən qurtulmalıdır, yoxsa ki, heç nə tənzimlənməyəcək. Daha bir məsələ, artıq bir neçə ildir ki, cəmiyyətlə QHT-lər arasında əlaqə qırılıb. QHT-lər xüsusən də rayon və kəndləri gəzib, qadınlarla söhbət aparsa, onlarda özünə inamı artırsa, problem tədricən aradan qalxmağa başlayar. Ümumiyyətlə, düşünürəm ki, hər şey qadının özündən asılıdır”.

Mehriban Zeynalova: “Bizdə qadınların qanunları öyrənməsi ənənəsi yoxdu” -  05.08.2017, Sputnik Azərbaycan

Mehriban Zeynalova 

Hüquq müdafiəçisi Mehriban Zeynalova isə qeyd etdi ki, son vaxtlar məişət zorakılığı zəminində odlu silahlardan istifadə artıb: “Qadınlara qarşı odlu silahdan, ağır kəsici alətlərdən istifadə olunur ki, bu da çox böyük narahatlıq doğurur. Yəqin ki, hüquq-mühafizə orqanları bu məsələyə baxacaqlar. Həmçinin intihar hadisələrində özünü asma və hündürmərtəbəli binalardan atma faktları artıb. Bəzi hallarda intiharlar sona qədər araşdırılmır. Bəlkə zorakılıq, şantaj halı olub? Bütün hər ehtimal araşdırılmalıdır. Çox yaxşı olardı ki, intiharların araşdırılması açıq verilsin və yaxud agentliklərə verilə bilər ki, QHT-lərə tapşırılsın, araşdırılsın ki, bu xüsusiyyət daha çox hansı bölgələrdə çoxdur, hansı maarifləndirmə işləri aparılmalıdır və sairə. Ümumiyyətlə, məişət zorakılığının azaldılması üçün xidməti paketlər hazırlanmalıdır. Qanunvericilikdə yenidən təkmilləşdirmə aparılmalıdır. Cinslərin bir-birinin hüququna hörmətlə yanaşması üçün maarifləndirmə işləri gücləndirilməlidir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR