İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin dostunun adamı ABŞ-ın 3-cü şəxsi oldu; Ukraynanın bəxti gətirmədi - ilginc olay

2374 10.01.2023 09:25 Siyasət A A

ABŞ-ın Respublikaçılar Partiyasından olan konqresmen, 57 yaşlı Kevin Makkarti iki gün öncə qatı ermənipərəst Nensi Pelosidən sonra Nümayəndələr Palatasının sədri seçildi. Həm də bu, 15-ci səsvermədə baş tutdu.

Məlumatlara görə, Makkarti ifrat sağçı deputatlara prezident Co Bayden və onun administrasiyasına qarşı çoxsaylı araşdırmalar aparacağını vəd etdikdən sonra səsvermədə qalib gəlib və ABŞ Nümayəndələr Palatasının spikeri seçilib. O, keçmiş prezident Donald Trampın ona dəstək olduğunu və gecə saatlarında etdiyi zənglərdə ona son səsləri almağa kömək etdiyini açıqlayıb.

İddialara görə, qütbləşmiş Respublikaçılar Partiyasına rəhbərlik edərkən böyük problemlərlə üzləşəcəyi gözlənilən Makkarti partiyasındakı müxalifət deputatlarına prezident Co Bayden və onun administrasiyası haqqında çoxsaylı araşdırmalar başlatmaq, Ukraynaya yardımları məhdudlaşdırmaq, abort qanunu və immiqrasiya ilə bağlı vədlər verib.

Göründüyü kimi, Makkartinin Trampın adamı olduğu şübhə doğurmur. Tramp isə Ukrayna məsələsində faktiki Putini dəstəkləyir. Ümumiyyətlə, Kreml başçısına rəğbətini, bağlılığını heç vaxt gizlətməyib.

Doğrudur, vəzifəsinə görə ABŞ-ın 3-cü şəxsi sayılan cənab Makkarti Pelosi kimi ermənipərəst deyil. Onun Türkiyəyə, Azərbaycana münasibətdə neytral mövqeyə sahib olduğu deyilir. Ancaq Ukrayna məsələsində isə...    

Bu arada ABŞ-ın sabiq yüksək çinli rəsmiləri - keçmiş dövlət katibi Kondaliza Rays və Pentaqonun sabiq rəhbəri Robert Qeyts “Vaşinqton Post”da yayımlanan birgə məqalədə sensasion iddia ilə çıxış ediblər. Onlar bildiriblər ki, Rusiya zəbt elədiyi yeni Ukrayna ərazilərini tərk etməyəcək.

“Vladimir Putin bütün Ukraynanı yenidən Rusiyanın nəzarəti altına qaytarmağa, bunu bacarmasa, onu ölkə kimi məhv etməyə tam qərarlıdır. Putin hesab edir ki, onun tarixi missiyası Rusiya imperiyasını bərpa etməkdir - Ukraynasız isə Zbiqnev Bjezinskinin uzun illər əvvəl qeyd etdiyi kimi, Rusiya imperiyası ola bilməz.

“Hər ikimiz Putinlə dəfələrlə görüşmüşük, əminik ki, o, vaxtın onun tərəfində olduğunu hesab edir, düşünür ki, ukraynalıları və ABŞ və Avropa Birliyini, Ukraynaya dəstəyi parçalamağa nail olacaq. Əlbəttə, müharibə müddətində Rusiya iqtisadiyyatı zərər görəcək, ruslar əziyyət çəkəcəklər, ancaq ruslar bundan da pis günlər görüblər”, - müəlliflər yazır.

Belə olan halda təbii ki, Ukraynaya ABŞ-ın daha böyük hərbi və başqa dəstəyi lazım olacaq. Makkarti isə əksinə, söz verib ki, bu dəstək azaldılacaq. Necə? Spiker buna nail ola biləcəkmi və biləcəksə, o halda Ukraynanı nə gözləyir? Bir şeyi əminliklə söyləmək olar ki, 2023 həqiqətən daha kritik bir il olmaqla yanaşı, bir çox qlobal əhəmiyyətli məsələlərdə pik nöqtələri yaxınlaşdıracaq.

Oqtay Şirəliyev və Cahangir Əsgərov həbs olunmalıdır" - Rəşad Bayramov »  Ovqat.com

Rəşad Bayramov: “Xarici siyasət məsələlərində böyük ölçüdə nəyinsə dəyişəcəyini düşünmürəm”

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov nəyinsə dəyişəcəyinə ümid etmir: “Makkartinin Nümayəndələr Palatasına sədrliyi dövründə prezident Co Bayden və onun administrasiyası haqqında, eləcə də Baydenin oğlu Hunterə qarşı çoxsaylı araşdırmalara başlayacağı ilə bağlı proqnozları bölüşürəm. Çünki qarşıdan prezident seçkiləri gəlir və Bayden də 2024-cü ildə keçirilməsi nəzərdə tutulan seçkilərdə iştirak edəcəyinin anonsunu verib. Onun mövqelərinin zəiflədilməsi və ümumiyyətlə, Respublikaçı namizədin prezident seçkilərində qələbəsini təmin etmək üçün bu cür araşdırmaların aparılacağı və ya Demokratların mövqelərini yüksəldəcək bu və ya digər layihələrə blok qoyulması real görünür.

Bununla yanaşı, inflyasiya ilə mübarizə, artan cinayət və miqrasiyaya nəzarətin sərtləşdirilməsi istiqamətində də Bayden hakimiyyətindən fərqli mövqelərin ortaya qoyulacağı şübhəsizdir. Vergi siyasəti və dövlət borcu məsələsində də Respublikaçılar və Demokratlar arasında ümumi razılığın əldə olunacağı imkansız görünür. Çünki Demokratlardan fərqli olaraq Respublikaçılar borcun azaldılmasını tələb edirlər.

Amma açığını desəm, xarici siyasət məsələlərində böyük ölçüdə nəyinsə dəyişəcəyini düşünmürəm. Çünki ABŞ-ın xarici siyasəti ayrı-ayrı fərdlər tərəfindən deyil, sistem tərəfindən müəyyənləşir. Düzdür, Makkarti Pelosi kimi ermənipərəst mövqeli adam olmasa da, bu, heç də onun sədrliyi dövründə ABŞ-ın Azərbaycan və ya Türkiyə siyasətində hansısa böyük ölçülü dəyişikliklərin olacağı anlamına gəlməməlidir.   

Konkret Ukrayna məsələsinə gəldikdə isə, burada da köklü olaraq nələrinsə dəyişməsi mümkün deyil. Əvvəla, ona görə ki, Ukraynaya müvafiq yardımların göndərilməsi, eləcə də silah təminatı ilə bağlı lazım olan bütün qərarlar artıq qəbul olunub və iki gün əvvəl növbəti yardımın göndərilməsi ilə bağlı da qərar qəbul olunub. İkinci bir tərəfdən, bu il mayın 9-da ABŞ Prezidenti Co Bayden Ukrayna ilə bağlı lend-liz qanununu imzalayıb. Həmin qanuna görə, Kiyevə hərbi yardımın göndərilməsi sadələşdirilib və faktiki olaraq ABŞ Prezidentinə Ukraynaya silah göndərmək, eləcə də digər məqsədlər üçün daha geniş səlahiyyətlər verilib. Bu o deməkdir ki, növbəti dəfə bu məsələlərin Senatda və ya Konqresdə müzakirəyə çıxarılmasına da ehtiyac yoxdur. Başqa sözlə desək, Baydenin bu istiqamətdə müvafiq addımlar atması üçün yenidən Nümayəndələr Palatasının razılığını almasına ehtiyac yoxdur. İkinci bir tərəfdən, onu da qeyd etmək yerinə düşər ki, həm Respublikaçılar, həm də Demokratlar Rusiyanın təcavüzkar olması və işğal siyasəti həyata keçirməsi ilə bağlı yekdil mövqeyə malikdirlər. Yəni Respublikaçıların Putinə və Rusiyaya olan münasibəti Demokratlardan elə də fərqlənmir. Bunu görmək üçün elə Makkartinin ən böyük dəstəkçisi Trampın hakimiyyəti dövründə Rusiyaya qarşı tətbiq olunan sanksiyaların miqdarına baxmaq kifayətdir. Baydendən fərqli olaraq Tramp hətta Rusiyaya qarşı tətbiq olunan sanksiyalara nəzarətin sərtləşdirilməsi ilə bağlı da fərman imzalamışdı. Trampın Ukrayna məsələsində Baydeni tənqid etməsi də Rusiyaya dəstək kimi qəbul olunmamalıdır. Tramp, sadəcə olaraq, bu müharibənin böyüyərək üçüncü dünya müharibəsinə çevrilmə ehtimalını nəzərə alaraq məsələnin danışıqlar yolu ilə həllini tələb edir və düşünür ki, ABŞ tərəfləri bir masa arxasında oturmağa məcbur etməlidir. Bütün bunlar onu deməyə əsas verir ki, Respublikaçıların Nümayəndələr Palatasında üstünlük əldə etməsi ABŞ-ın Ukrayna məsələsindəki siyasətində böyük ölçüdə dəyişikliklərə səbəb olmayacaq".

Beş dəqiqə... - Kənan Novruzov yazır

Kənan Novruzov: “Onun Nümayəndələr Palatasının sədri seçilməsi təhlükə vəd etmir”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə Cənubi Qafqazla bağlı bir qədər nikbin danışdı: “Kevin Makkarti xeyli mübarizədən sonra bu posta seçildi. Bu onu deməyə əsas verir ki, Nümayəndələr Palatasının sədri üçün daha ciddi qüvvələr arasında gizli rəqabət gedib. Sözsüz ki, Trampla Baydenin xarici siyasətində ciddi fərqlər var. Baydenin daha radikaldır. Keçmiş prezident isə əksinə, loyaldır. Buna baxmayaraq, Trampın Rusiyanı dəstəklədiyi ağlabatan deyil. Bəlkə də o, hansısa kontekstdə müharibənin əleyhinə çıxış edib. Amma bu, Trampın Rusiya dövlət başçısı Vladimir Putini müdafiə etdiyi kimi başa düşülməməlidir. Sadəcə olaraq, dediyim kimi, ola bilsin ki, Tramp Baydendən fərqli olaraq savaş istəmir. Əgər Tramp Putini dəstəkləsə idi, onu ABŞ siyasi səhnəsində çoxdan sıradan çıxarar, hətta zərərsizləşdirərdilər. Əlbəttə, Makkartinin Nümayəndələr Palatasının sədri seçilməsində Trampın dəstəyi ola bilər. Ola bilsin ki, onun Ukrayna ilə bağlı verdiyi vədlər də bununla bağlıdır. Amma Kiyevə dəstəyin azaldılacağına inanmıram. Buna ancaq Bayden qərar verə bilər. Makkarti isə Baydenin iradəsinə zidd addım atmaz. Hazırda ABŞ və ”dərin dövlət" üçün Ukrayna “kartından” istifadə etməklə Rusiyanın zəiflədilməsi prioritetdir. Makkerti bu layihəni puç etməz və edə bilməz. Ümumilikdə, fikrimcə, onun Nümayəndələr Palatasının sədri seçilməsi təhlükə vəd etmir. Əksinə, dediyiniz kimi, o, Nensi Pelosidən fərqli olaraq ermənipərəst deyil. Ən azından bu faktor onu deməyə əsas verir ki, ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti müsbət istiqamətə dəyişə bilər, nəinki mənfi".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR