İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor Ramiz Sevdimalıyev: ““Göyçay tarixi” kitabı tədqiqatçılar və doktorantlar üçün də əhəmiyyətli olacaq”

826 28.06.2022 14:28 Ölkə A A

Siyasi elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Ramiz Sevdimalıyev Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təqdim etdiyi “Göyçay tarixi” kitabı haqqında fikirlərini bölüşüb. Musavat.com onun məqaləsini təqdim edir:


- Hər hansı xalqın və onun qurucusu olduğu dövlətin tarixinin kompleks şəkildə öyrənilməsi həmin xalqın məskunlaşdığı bölgələrin tarixinin, müxtəlif dövrlərdə cəmiyyətin icitimai-siyasi, sosial, mədəni, ədəbi inkişafına verdiyi töhvələrin, dövlət quruculuğunda iştirakının, Vətənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində rolunun və s. kimi amillərin sistemli araşdırılmasını zəruri edir. Bu yaxınlaşma digər xalqlarda olduğu kimi Azərbaycan xalqının və Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinə də şamil edilir. Bu mənada yaxın günlərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) ölkə ictimaiyyətinə təqdim etdiyi “Göyçay tarixi” diqqəti cəlb edir. Kitab “Göyçay Ensiklopediyası” layihəsi çərçivəsində nəşr edilib. Layihənin rəhbəri və naşiri AVCİYA-nın prezidenti Elxan Süleymanov, müəllifi isə AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlıdır.
Oxuculara təqdim edilmiş “Göyçay tarixi” kitabı tarixi faktlar, müəllif əsərləri, arxiv sənədləri, mətbuat materialları əsasında hazırlanıb. Kitab Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsində, Azərbaycan xalqının mədəniyyət və ədəbiyyatının zənginləşməsində, ölkəmizin müxtəlif sahələrdə inkişafında, ərazi bütövlüyünün qorunub-saxlanılmasında əhəmiyyətli rol oynamış Göyçay inzibati ərazisinin tarixi haqqında araşdırmalar yer alıb. Araşdırmaların xronoloji çərçivəsi qədim zamanlardan indiyədək geniş dövrü əhatə edir.

ramiz.jpg (286 KB)

Ramiz Sevdimalıyev


Kitabda Göyçayın tarixi qədim dövrlərdən indiyədək iki mərhələyə bölünərək araşdırılıb və metodoloji baxımdan belə yanaşma haqlı olaraq müxtəlif zaman kəsimində Göyçayın daxil olduğu inzibati ərazi vahidinin hüdudlarının dəyişiklərə məruz qalması ilə əsaslandırılır. Misal olaraq Çar Rusiyası dövründə Bakı quberniyasının Göyçay qəzasının müasir Göyçay, Ucar, Agdaş, Ismayıllı, Ağsu, Kürdəmir, Zərdab rayonlarının ərazisini əhatə etdiyi halda, müasir Göyçay rayonunun 55 kənddən və Göyçay şəhərindən ibarət olduğu qeyd edilir.
Kitabda qədim dövr və Orta əsrlərdə, Çar Rusiyası və Cümhuriyyət dövrlərində, sovet mərhələsində və müasir müstəqil Azərbaycan illərində Göyçay inzibati ərazisində baş verən hadisələr araşdırılır, Göyçayın ölkənin ictimai-siyasi həyatında roluna diqqət yetirilir, Cümhuriyyət illərində və müasir dövrdə Azərbaycanda dövlət quruculuğunda, o cümlədən ərazi bütövlüyünün təmin edilməsində göyçaylıların iştirakı işıqlandırılır, sövetlər dönəmində Göyçay rayonunun ölkə iqtisadiyyatına verdiyi töhvələrə nəzər salınır və İkinci Dünya müharibəsində göyçaylıların iştirakı barədə məlumat verilir.
Göstərilir ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) təşəkkülündə və dövlət qurumlarının formalaşmasında Göyçayın ictimai-siyasi xadimləri və ziyalıları yaxından iştirak ediblər. Kitabda vurğulanır ki, AXC parlamentində təmsilçilik üçün ayrılan kvotaya görə, Göyçay qəzasından biri şəhərdən, biri isə qəzanın kəndlərindən olmaqla 2 millət vəkilinin təmsilçiliyi nəzərdə tutulsa da, parlamentin üzvlərindən 4 nəfəri bu bölgənin nümayəndələri olub. Bunlardan bir nəfəri AXC parlamentinin əsas özəyini təşkil edən - keçmiş Milli Şuranın 44 üzvündən biri olan Mustafa Mahmudov idi. Göyçay şəhərindən AXC parlamentinə üzv seçilmiş Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə 1918-ci il 15 dekabrdan - 1919-cu il fevralın 4-ə kimi parlamentdə deputat olub və sonradan daxili işlər nazirinin müavini vəzifəsinə təyin edildiyinə görə deputatlıqdan istefa verib. Boşalmış yerə Göyçay şəhərindən Rza bəy Ağabəyov 7 aprel 1919 - 27 aprel 1920-ci ildə parlamentin üzvü olub. Göyçay qəzasından isə AXC parlamentinə Hacı Hüseyn Əfəndiyev seçilib və o, Əhrar fraksiyasının üzvü kimi 15 dekabr 1918 - 27 aprel 1920-ci il tarixlərində parlamentdə deputat kimi fəaliyyət göstərib.
Kitabın əhəmiyyətli hissəsi Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında müstəsna əhəmiyyət kəsb edən, Azərbaycan tarixinin şərəfli, qəhrəmanlıq səhifələrindən biri olan Göyçay döyüşlərinə həsr edilib, bolşevik-daşnak qüvvələrinə qarşı aparılan döyüşlərdə Qafqaz İslam Ordusunun və Azərbaycan könüllülərinin iştirakına diqqət yetirilib. Göyçay döyüşlərində əldə edilən qələbə ilə düşmənin hücumu dayandırıldı, müharibənin gedişində əsaslı dönüşün başlanğıcı qoyuldu.
Kitabda göyçaylıların İkinci Dünya müharibəsi zamanı arxa cəbhədə fəaliyyətinə və faşizmə qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara diqqət yetirilib. Vurğulanıb ki, göyçaylılar faşizm üzərində qələbənin qazanılmasına həm ön cəbhədə, həm də arxa cəbhədə öz töhfələrini veriblər. Göyçay rayonundan 6000-dən çox insan faşizmə qarşı döyüşlərdə iştirak edib, onlardan təxminən yarısı geri qayıtmayıb.
Kitabın diqqəti cəlb edən önəmli hissələrindən biri də Azərbaycanın dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi dövrünə həsr edilib. Burada Azərbaycanın istiqlalı və ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda edən Göyçay şəhidləri haqqında məlumat verilir. Kitabda sovet hərbi maşının 1990-cı ildə Azərbaycan xalqına qarşı törətdiyi qanlı Yanvar, Birinci Qarabağ müharibəsi, 2016-cı il aprel döyüşləri və İkinci Qarabağ müharibəsi şəhidləri sırasında olan göyçaylılar haqqında söhbət açılır. Aydın olur ki, Göyçay rayonu Azərbaycanda dövlət quruculuğunda yaxından iştirak edən, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda daha çox şəhidlər vermiş rayonlardan biridir.
Nəhayət, qeyd edilməlidir ki, “Göyçay tarixi” kitabı AVCİYA-nın ölkəmizin regionlarına həsr olunan ilk layihəsi deyil. AVCİYA 20 ilə yaxın dövrü əhatə edən fəaliyyəti ərzində Azərbaycan ictimaiyyəti üçün maraq kəsb edən silsilə layihələrə imza atıb və artıq Assosiasiyanın cəmiyyətimizə maraqlı və əhəmiyyət kəsb edən layihələr təqdim etməsi, demək olar ki, ənənəyə çevrilib. Bu kontekstdə AVCİYA-nın Qarabağ probleminin müxtəlif aspektləri ilə bağlı layihələrini qeyd etmək vacibdir. Digər bir istiqamət ölkəmizin regionlarına dair ensiklopedik tədqiqatların aparılmasını vurğulamaq lazımdır. Belə ki, xeyli əvvəl AVCİYA kollektivi “Şamaxı ensiklopediyası” adlı geniş layihəni reallaşdırdı və eyniadlı əsəri icitmaiyyətə təqdim etdi. Bir neçə ildir “Göyçay ensiklopediyası” üzərində işlər gedir, bu silsilədən Göyçayla bağlı kitablar çap edilib. İndi isə AVCİYA öz ənənəsinə sadiq qalaraq oxuculara “Göyçay tarixi” adlı kitabı təqdim etdi.
İnanıram ki, Azərbaycanın zəngin bölgələrindən biri olan, Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsində vacib yerlərdən birini tutan, o cümlədən ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni və ədəbi həyatında xüsusi çəkiyə malik olan Göyçay rayonu inzibati ərazisində qədim dövrlərdən zəmanəmizədək baş vermiş hadisələrin öyrənilməsinə həsr olunmuş “Göyçay tarixi” kitabı tədqiqatçılar və regionun tarixi ilə maraqlanan insanlar, həmçinin müvafiq ixtisaslar üzrə bakalavr, magistr, doktorant pillələrində təhsil alan şəxslər üçün əhəmiyyətli olacaq.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR