İnsanlara hürriyət, millətlərə istiqlal!

Pribaltikanın üç ölkəsindən biri - Latviyanın Bakıya münasibətdə fərqi... 

1849 22.05.2024 10:02 Siyasət A A

Latviya Seyminin sədrinin Şuşaya getməsi, ərazilərimizin bərpasında köməyə hazır olduğunu deməsi münasibətlərdə yeni səhifə açılmasını təmin edəcək

Latviya Seyminin sədri Dayqa Mierinanın  Azərbaycana gəlişi məlum hadisə səbəbindən bir az qarışıq dövrə təsadüf etsə də, xanım spikerin Füzuli və Şuşada olması diqqət çəkdi. 

Latviya parlamentinin sədri Bakıda Prezident İlham Əliyevlə görüşdükdən sonra Latviya iş adamlarının Şuşada quruculuq işlərinə cəlb olunması mövzusunda danışıqlar aparıldığını bildirdi. 

“Atlas” Araşdırmalar Mərkəzinin bu səfərlə bağlı təhlilində deyilir ki, Latviya Baltik ölkələri içərisində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən əsas ölkədir. Baxmayaraq ki, işğal dövründə Latviya parlamentinin ayrı-ayrı deputatları qanunsuz olaraq Qarabağda olublar. “Digər tərəfdən, Latviya parlamentinin 2021-ci ildə "erməni soyqırımını" tanıması Türkiyə ilə yanaşı Azərbaycanda da mənfi qarşılanıb. Buna baxmayaraq, Latviya Litva və Estoniyadan fərqli olaraq Ermənistanın işğalçılıq siyasətinə dəstək verməyib. Məsələn, iki il əvvəl Litva və Estoniya xarici işlər nazirlikləri Qarabağ separatçılarına dəstək verən açıqlama yayımladılar. Latviya bu iki qonşusuna qoşulmadı.

Latviyanın Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək istəyi Litva və Estoniyanı anti-Azərbaycan mövqeyindən çəkindirməlidir. Latviya parlamentinin sədri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini dəstəkləyibsə, Estoniya və Litvanın fərqli siyasət yürütməsinin mənası yoxdur. Bu siyasət Litva və Estoniyanın Cənubi Qafqazdakı maraqlarına ziddir. Bu mənada Litva və Estoniya iki seçimdən birinə üstünlük verməlidir. Fransa yolu Estoniya və Litvanı Cənubi Qafqazdan uzaqlaşdıracaq, Latviya yolu isə Azərbaycanla tərəfdaşlıq üzərindən bölgənin geosiyasi imkanlarından faydalanmalarına imkan verəcək". 

Niyə məhz Latviya Azərbaycana münasibətdə fərqli mövqe sərgiləyir?

Elçin Mirzəbəyli: Azərbaycan bölgəyə davamlı sülhün gəlməsi üçün bütün  mümkün imkanlardan istifadə edir - AZƏRTAC

Elçin Mirzəbəyli

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, siyasi ekspert Elçin Mirzəbəyli son 5 ildə hər iki ölkədə Azərbaycana qarşı mənfi münasibətin artdığını müşahidə edir: “Baltikyanı ölkələrlə münasibətlərimiz tarixin bütün dövrlərində yüksək səviyyədə olub. Təxminən 2019-cu ildən başlayaraq, Litva və Estoniyadakı Avropa Parlamentinin anti-Azərbaycan qruplarının təsiri altında olan siyasi təşkilatların "səyləri" nəticəsində bu iki Baltikyanı respublikanın ölkəmizə münasibətində neqativ amillər artıb. Bu prosesdə iştirakçılar Litvadakı xristian-demokratlar və sosial-demokratlar, Estoniyadakı islahatçılardır. Maraqlıdır ki, bu siyasi təşkilatların yuxarı eşolonunu keçmiş kommunistlər təşkil edirlər.

Latviyaya gəldikdə isə bu ölkənin etnik tərkibi digər Baltikyanı respublikalardan fərqlidir. Belə ki, rus və Belarus əsilli Latviya vətəndaşları bu ölkənin əhalisinin təxminən 30%-ni təşkil edirlər və təbii ki, bu amil rəsmi Riqanın xarici siyasət kursunun daha balanslı olmasında böyük rol oynayır. 

Qeyd edim ki, Litva və Estoniyanın separatçılara dəstəyi özünü əsasən 44 günlük müharibədən sonra büruzə verib. 2019-cu ilədək bu ölkələr beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər. Bu baxımdan, Litva və Estoniyanın mövqe dəyişikliyini Avropa İttifaqı çərçivəsində cərəyan edən proseslərlə əlaqələndirmək daha doğru olardı. Maraqlı məqamlardan biri Litva prezidenti Qiqanas Nausedanın siyasi karyerasının Emmanuel Makron kimi bank sektorundan başlaması və hər iki şəxsin çalışdıqları şəbəkənin arxasında eyni maliyyə qrupunun dayanmasıdır".

Generalın İslamabad səfərinin pərdəarxası

Rəşad Bayramov 

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Litva və Estoniyanın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olacağını düşünür:  “Qondarma ”erməni soyqırımını" tanıyan və parlament üzvləri işğal dövründə Qarabağa qanunsuz səfərlər edən bir dövlət olaraq Latviyanın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olması təbii ki, müsbət haldır. Düzdür, Latviya digər Pribaltika ölkələrindən fərqli olaraq erməni separatçılarına dəstək verən açıqlamalarla çıxış etməyib. Məsələn, Litva və Estoniyanın ekoloqlarımızın keçirdiyi dinc aksiyanı ermənilərə “humanitar böhran” yaşatmaq kimi təqdim etməsi və ya 44 günlük Vətən savaşı zamanı bu ölkələrdən olan siyasətçilər, politoloqlar və jurnalistlərin Azərbaycanı Qarabağı qaytarmaq üçün hərbi yol seçdiyinə görə tənqid etməsi kimi hallar olmayıb. Ancaq Latviya rəsmiləri də elə Estoniya və Litva kimi torpaqlarımız işğal altında olduğu vaxtlarda heç vaxt Ermənistanı günahlandıran bəyanatlarla çıxış etməyib və bununla bağlı fikir səsləndirməyiblər. Təbii ki, bunun əsas səbəblərindən biri Pribaltika ölkələrində erməni lobbisinin təsir imkanları ilə bağlıdır. Açıq etiraf etmək lazımdır ki, Baltikyanı ölkələrdəki erməni lobbisi kifayət qədər üstün mövqeyə malikdir. Digər vacib səbəb isə adıçəkilən ölkələrdə dini millətçiliyin üstünlük təşkil etməsi ilə bağlıdır. Başqa sözlə desək, bu ölkələrin erməni sevgisinin arxasında həm də xristian təəssübkeşliyi dayanır. Bu səbəbdəndir ki, həmin dövlətlərdə Azərbaycana qarşı milli və dini ayrı-seçkilik özünü qabarıq şəkildə büruzə verir. Lakin məsələ burasındadır ki, ölkəmizin təbii ehtiyatları, eləcə də Avropa ilə Asiyanın quru və hava yollarının kəsişməsində yerləşən strateji mövqeyi Avropa İttifaqının və ona üzv dövlətlərin ölkəmizlə əməkdaşlıq etməsini labüd edir. Litva da bu mənada Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Şübhəsiz ki, Latviya Seyminin sədri Dayqa Mierinanın ölkəmizə səfəri və səfər çərçivəsində işğaldan azad olunmuş Füzuli və Şuşaya getməsi, eləcə də ərazilərimizin bərpasında köməyə hazır olduğunu bəyan etməsi münasibətlərin inkişafında yeni səhifənin açılmasını təmin edəcək. Bu səfərin və səfər çərçivəsində əldə olunan razılaşmaların digər Pribaltika ölkələrinin mövqeyinə necə təsir edəcəyini təbii ki, zaman göstərəcək". 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR