İnsanlara hürriyət, millətlərə istiqlal!

“PISA-nın Azərbaycanla bağlı nəticəsi aşağıdır, əsasən də...” - Ekspert

737 06.12.2023 19:01 Təhsil A A

Ötən gün PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının 2022-ci il üzrə nəticələri açıqlanıb.

Musavat.com xəbər verir ki, ötən il keçirilən PISA tədqiqatında əsas sahə riyaziyyat olub və 81 ölkədən ümumilikdə 700 000-ə yaxın şagird qiymətləndirmədə iştirak edib.

Riyaziyyat üzrə nəticələrə görə, ilk beşlikdə Sinqapur, Makau (Çin), Çin Taypeyi, Honkonq (Çin) və Yaponiya qərarlaşıb. Bakı məktəbləri ilə təmsil olunan Azərbaycan sıralamada 81 ölkə arasında 56-cı yerdədir. Ölkəmiz Meksika, Braziliya, Gürcüstan, Özbəkistan, Albaniya və Şimali Makedoniyadan yuxarı nəticə göstərib. Nəticənin Azərbaycan üçün aşağı olduğunu deyənlər var.

QOSQAR.jpg (93 KB)

Təhsil eksperti Qoşqar Məhərrəmov Musavat.com-a deyib ki,  ümumi nəticələr aşağı düşüb:

“Ölkəmizdə möhtəşəm SAF təhsil şöləni davam edərkən həsrətlə gözlədiyimiz PISA 2022 nəticələri açıqlandı. İmtahandan sonra abituriyentlərin dediyi kimi deyək: “ballar düşəcək”. Bu nəticələri indi oxumaq, öyrənmək, dərs çıxarmaq və lazımi addımları atmaq vaxtıdır. Təhlil və müzakirə edilməlidir. Şagirdlər bullinqdən, elektronika asılılığından və digər müxtəlif təhlükələrdən əziyyət çəkirlər. Ölkəmiz 3 sahədə aşağı nəticə göstərib, digər əksər ölkələr kimi. Amma oxuyub-anlamada daha çoxdur bu enmə. Təbiət fənlərində də boşluğumuz artıb. Riyaziyyatda isə qənaətbəxş olaraq yerimizdə sayırıq. İnkişaf olmasa da, durum ortadır. Ən diqqətimi çəkən məsələ isə bizim bu beynəlxalq qiymətləndirməyə Bakı məktəbləri ilə girməyimizdir. Təhsildə inqilabi dəyişikliklərə ehtiyac var. Bu inqilabi dəyişikliklər isə fantastik maliyyə imkanları, prinsipial kadrlar və strateji liderlik ilə mümkündür. Ölkənin ən parlaq beyinləri təhsillə məşğul olmağa başladıqda vəziyyəti yaxşılaşdırmaq mümkün ola bilər”.

Ekspert PISA-nın nəticələrini də tənqid edib:

“Bilirəm ki, tənqid edən tək mən olmayacağam. Bilirsiniz ki, bu təşkilat ölkələrin təhsilinə güzgü tutur. Kim həmin güzgüyə baxmaq istəyirsə, üzləşir və nöqsanlarını düzəltməyə çalışır. Bəs bu tip qiymətləndirmə hansı cəhətlərdən tənqid oluna bilər? Mədəni kontekstin, vəziyyətin nəzərə alınmaması, təhsilin sadəcə ölçüləbilən məsələlərini ələ alması, tənqidi düşüncə, yaradıcılıq, tərbiyə və vətəndaşlıq kimi məsələləri gözardı etməsi, testləri mütləq doğru ölçmə aləti kimi göstərməsi, nəticələrin bəzən səhv şərh edilməsi və ümumiləşdirilməsi, nəticələrin bəzən büdcə kəsintiləri üçün istifadə olunması, yəni yanlış istifadəsi. Hər bir halda bu güzgünün hazırda alternativi yoxdur. Yaxşı ki, ölkə olaraq bu imtahana girir və özümüzlə üzləşirik. Problemin olması, onun deyilməsi, onunla üzləşmək problem deyil. Üstünün örtülməsi və yox kimi davranılması isə problemdir”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR